“Google” və “Epic Games” barışıq sazişi imzalayıblar — korporasiya tərtibatçılar üçün komissiyanı 30%-dən 20%-ə endirəcəyinə söz verib. “The Verge” xəbər verir ki, şirkətlər uzunmüddətli mübahisəni barışıqla həll ediblər. Əgər hakim bu sazişi təsdiqləsə, illərlə davam edən məhkəmə prosesi başa çatacaq.
“Google” tərtibatçılar üçün komissiya dərəcəsini 30%-dən 20%-ə, bəzi hallarda isə əməliyyat növündən asılı olaraq 9%-ə qədər endirməyi təklif edib. Məsələn, oyun içində “üstünlük verən” alış üçün komissiya 20%, üstünlük verməyən alış üçün isə 9% olacaq. Bunun necə müəyyən ediləcəyi isə açıqlanmayıb.
Bununla yanaşı, 20% və 9%-lik dərəcələr “Google”un daxili ödəniş sistemindən istifadə üçün əlavə 5%-lik komissiyanı əhatə etməyəcək.
Şirkət, həmçinin, Android sistemində üçüncü tərəf tətbiq mağazalarının quraşdırılmasını da asanlaşdıracaq. Bu qaydalar təkcə ABŞ-də deyil, bütün dünyada tətbiq olunacaq və 2032-ci ilin iyun ayına qədər qüvvədə qalacaq.
“Epic Games” isə artıq “Google”un tərtibatçılardan öz ödəniş sistemini tətbiqlərdə dəstəkləməsini tələb etməsinə etiraz etmir, lakin əlavə olaraq daha ucuz alternativ ödəniş üsullarının da mövcud olmasını vacib sayır.
2021-ci ilin yayında “Google” gəliri 1 milyon dollara qədər olan tərtibatçılar üçün komissiyanı 30%-dən 15%-ə endirmişdi. Bunun üçün tətbiqin 100 min yüklənməsi, yüksək reytinqi və digər tələblərə uyğunluğu tələb olunurdu. Gəlir bu məbləği aşarsa, komissiya yenidən 30%-ə qalxırdı.
2020-ci ildə “Epic Games” “Fortnite” oyununu iOS və Android versiyalarında yeniləyərək, istifadəçilərə “Apple” və “Google”un tətbiq mağazalarındakı 30%-lik komissiyadan yan keçərək virtual əşyaları birbaşa almaq imkanı yaratmışdı.
Bu addımı “Microsoft” kimi bazarın digər oyunçuları, həmçinin 30-dan çox iqtisad və hüquq professoru dəstəkləmişdi. Lakin buna cavab olaraq “Apple” və “Google” oyunu mağazalardan silmişdilər və bunu qaydaların pozulması ilə əsaslandırmışdılar.
Bundan sonra “Epic Games” şirkətləri məhkəməyə verərək, onların monopol mövqedə olduğunu iddia edib. “Apple” ilə mübahisədə şirkətin bəxti gətirməyib: 2021-ci ildə ABŞ federal məhkəməsi, 2023-cü ilin aprelində isə apellyasiya məhkəməsi onun monopoliya ittihamlarını rədd edib. “Google” isə əksinə, məhkəmə tərəfindən monopolist kimi tanınıb.








