24 C
Baku
Friday, June 28, 2024

“Google”dan $9,3 mlrd. təzminat tələb olundu

ABŞ-ın “Oracle” proqram təminatı şirkəti digər texnologiya nəhəngi “Google”dan “Android” əməliyyat sistemində “Java” proqramlaşdırma dilinin komponentlərindən qanunsuz istifadə etməsi ilə əlaqədar 9,3 milyard dollar təzminat istəyib.

“IDG News Service”-in verdiyi məlumata görə, təzminat məbləği iki hissədən ibarətdir – 475 milyon dollar və 8,8 milyard dollar. İlk hissə “Java”nın mobil cihazların istehsalçılarına lisenziyalaşdırılması yolu ilə qazanıla biləcək məbləği əks etdirir. İkinci hissə isə “Google”un “Java”dan qanunsuz istifadə etməsi (“Oracle”ın iddiasına görə) nəticəsində qazandığı gəlirin həcmidir.

Nəhənglər arasında iş üzrə yeni məhkəmə çəkişməsi bu il mayın 9-da başlayacaq. “Oracle” prosesdə “Google Android” biznesi haqda sensasiyalı məlumatlar açıqlamağı planlaşdırır. “Google” isə məhkəməni “Java”dan müəllif hüquqlarını pozmadan istifadə etdiyinə inandırmağa çalışacaq.

Qeyd edək ki, “Oracle” məsələ ilə bağlı ilk dəfə 2010-cu ildə məhkəməyə müraciət edib. Əvvəlcə tələb olunan təzminatın miqdarı 2,6 milyard dollarla 6,1 milyard dollar arasında dəyişirdi. Lakin bu ilin yanvarında “Oracle” “Google”un “Android”dən əldə etdiyi böyük gəlirlərdən xəbər tutduğunu bildirib. Belə ki, əməliyyat sistemi istifadəyə verildikdən bəri – yəni 7 ildən bir az çox müddətdə – 31 milyard dollar gəlir (22 milyard dollar xalis gəlir) gətirib.

Onu da əlavə edək ki, “Java” Oracle tərəfindən hazırlanmayıb. Bu aktiv “Sun Microsystems”lə birlikdə “Oracle” tərəfindən 2009-cu ildə 7,4 milyard dollara satın alınıb. “Oracle”ın mobil qurğular bazarına aidiyyəti yoxdur. Şirkət baza məlumatlarının idarəedilməsi sistemlərinin iri istehsalçısıdır. “Sun Microsystems”in əldə edilməsindən sonra isə “Oracle” həm də server istehsalçısına çevrilib.

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər