“Google” şirkətinin keçmiş mühəndisi Linvei Din (həmçinin Leon Din adı ilə tanınır) süni intellekt texnologiyalarını Çinə ötürmək məqsədilə iqtisadi casusluq və kommersiya sirrinin oğurlanmasında təqsirli bilinib.
“Axios”un məlumatına görə, 38 yaşlı Din 2022-ci ilin mayından 2023-cü ilin aprelinə qədər “Google”un süni intellekt sahəsindəki işləmələri ilə bağlı 2 mindən çox səhifə məxfi məlumatı kopyalayaraq şəxsi bulud yaddaşına yükləyib. 2023-cü ilin əvvəlində o, Çində fəaliyyət göstərən bir Sİ startapında texniki direktor vəzifəsi ilə bağlı danışıqlar aparıb, eyni zamanda maşın öyrənməsi sahəsinə yönəlmiş öz texnologiya şirkətini də qurub.
ABŞ Ədliyyə Nazirliyinin bəyanatında bildirilir ki, Din potensial investorlara etdiyi çoxsaylı təqdimatlarda “Google” texnologiyasını kopyalayıb dəyişdirərək süni intellekt üçün superkompüter yarada biləcəyini iddia edib. “Googl”-dan işdən çıxarılmasından bir neçə gün əvvəl isə oğurlanmış məlumatları şəxsi kompüterinə yükləyib.
Dinə qarşı ittihamlar 2024-cü ilin mart ayında irəli sürülüb. Onu kommersiya sirrinin oğurlanması maddəsi üzrə 10 ilədək, iqtisadi casusluq maddəsi üzrə isə 15 ilədək həbs cəzası gözləyir.







