17 C
Baku
Tuesday, November 18, 2025

“Google”un rəhbəri süni intellektin cavablarına tənqidi yanaşmağa çağırıb

İnsanlar süni intellektin (Sİ) cavablarına tənqidi yanaşmalı və əlavə məlumat mənbələrindən istifadə etməlidirlər. Bunu ABŞ-nin “Google” şirkətinin və onun ana şirkəti “Alphabet”in baş icraçı direktoru Sundar Piçai BBC telekanalına müsahibəsində bildirib.

“Bu alətləri faydalı ola bildikləri sahələrdə istifadə etməyi öyrənmək və onların dediyi hər şeyə kor-koranə inanmaq olmaz”, — Piçai hesab edir. “Google”un rəhbəri qeyd edib ki, müasir Sİ texnologiyaları “səhvlərə meyillidir”. BBC öz araşdırmasına istinadən bildirir ki, aparıcı çat-botlar xəbərləri təhrif edərək təqdim ediblər.

Piçai həmçinin bildirib ki, əgər süni intellekt bazarındakı “balon” partlasa, bütün şirkətlər zərər görəcək. “Düşünürəm ki, heç bir şirkət bunun (Sİ-balonu partladıqdan sonra yaranacaq nəticələrin) qarşısını ala bilməyəcək, bizim şirkət də daxil olmaqla”, — deyə o qeyd edib. Piçai vurğulayıb ki, süni intellektə yatırılan qeyri-adi həcmdə investisiyaları nəzərə alaraq, hazırkı bazar vəziyyəti müəyyən mənada irrasional görünür.

“Google”un rəhbəri mövcud vəziyyəti internetin inkişaf tarixi ilə müqayisə edib. O xatırladıb ki, vaxtilə bu sahəyə də həddindən artıq sərmayə qoyulurdu və texnologiyanın inqilabi olması heç kim tərəfindən şübhə altına alınmırdı.

Piçai əlavə edib ki, “Google” gələcəkdə öz Sİ modellərini Böyük Britaniyada hazırlamağa başlayacaq. Britaniya hökuməti hesab edir ki, bu addım ölkənin ABŞ və Çindən sonra süni intellekt sahəsində üçüncü supergüc kimi mövqeyini gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər