8 C
Baku
Thursday, December 12, 2024

“Google”un təqaüdünü qazanan azərbaycanlı xanım – müsahibə

Öz dili ilə desək, həm kod yazır, həm də yemək bişirir. Yəni, xanımlığı öz yerində, həm də kişilərin çoxluq təşkil etdiyi İT sahəsində çalışır. Və güclü, istədiyini əldə etməyə qadir qadındır. Çətinliklə üzləşəndə özünə “Niyə bunu edə bilmərəm” deyə sual verir və həmişə də bir yolu tapıldığını deyir. Müsahib Almaniyada Berlin Texniki Universitetində doktorantura təhsili alan, paralel olaraq həm də universitetdə tədqiqatçı kimi fəaliyyət göstərən gənc azərbaycanlı xanım Günay Kazımzadədir. (Kaspi Qəzetinə)

— İlk olaraq elə İT-yə necə gəlməyinizdən danışaq. Bu istiqamətdə ali təhsiliniz var?
– Mən 2008-2012-ci illərdə Moskva Dövlət Universitetinin Bakı filialında tətbiqi riyaziyyat və kompüter elmləri fakültəsində təhsil almışam. Filialın ilk məzunlarından biriyəm. Həmin təhsilim boyunca müxtəlif proqramlaşdırma yarışlarında iştirak etmişəm. Almaniyada proqramlaşdırma üzrə təcrübədən keçmişəm. Azercell kimi bir çox şirkətlərin İT üzrə olan tələbə təqaüdlərinin qalibi olmuşam. O zamanlar çox aktiv şəkildə özümü inkişaf etdirməklə məşğul idim. AİESEC adlı tələbə təşkilatında könüllü olaraq lider vəzifədə çalışırdım. Bununla da xaricdəki təcrübələr haqqında məlumatım olurdu. Özüm də 2011-ci ildə təcrübə proqramı vasitəsilə iki aylıq Berlinə gəldim, proqramlaşdırma üzrə təcrübə keçdim. Sonra Azərbaycana qayıtdım, magistratura oxumaq istəyirdim. 2012-ci ildə kompüter elmləri sahəsində Almaniyanın magistratura üzrə DAAD və Dövlət təqaüdünü qazandım. Bonn Universitetində kompüter elmləri üzrə təhsil almağa başladım. Dövlət xətti ilə oxuduğum üçün 2015-ci ilin yanvar ayında təhsilimi bitirib Azərbaycana qayıtdım, 3 il ölkəmizdə çalışdım. Həm dövlət, həm də özəl sektorda fəaliyyətim oldu. 2016-cı ildən Xəzər Universitetində və Bakı Britaniya Məktəbində kompüter elmləri və riyaziyyat sahəsində ingilis dilində təhsil verdim. Bu il Almaniyaya qayıtdım, hazırda doktorantura təhsilimi davam etdirirəm, paralel olaraq burada Berlin Texniki Universitetində tədqiqatçı kimi çalışıram.

gunay kazimzadə— Bu sahədə daha çox kişiləri görürük. İT-yə gələndən sonra heç düşünmüsünüzmü ki, hansı səbəblərə görə burda kişilər üstünlük təşkil edir?
– Ümumiyyətlə, bütün dünyada texniki sahələrdə lider mövqelərdə qadınların yeri azdır. Qadın həmişə seçim etməlidir: ailə, ya karyera? Həm yaxşı vəzifədə çalışıb, həm də yaxşı ailə sahibi olmaq kişi üçün normal haldır, amma qadınlarda bu, heç də asanlıqla alınmır. Həm yaxşı ailən olsun, həm də işə çox vaxt ayıra biləsən, bu, bir az da çətindir. Belə bir stereotip var ki, qadın ikisindən birinə daha çox üstünlük verməlidir. İT elədir ki, daim özünü inkişaf etdirməlisən. Çünki hər saniyə nə isə dəyişir. Sən dəyişikliklərin arxasınca qaçmasan, geridə qalarsan. Bəzən bu, insanı yora da bilir, amma insan sevdiyi işlə məşğul olursa, yorğunluq tez keçir.
Demirəm ki, bütün qadınlar İT-də, ya hansısa vəzifədə olmalıdır. Amma insan bunu istəyirsə, ikisini bir araya gətirə bilər.

Onu da deyim ki, bu yanaşma dəyişməyə doğru gedir. Mən Azərbaycanda olduğum müddətdə iki layihə üzərində çalışırdım. Biri “WoWoman: Tech-tech” xanım layihəsi idi. Layihə xanımların İT-yə marağının artırılması ilə bağlı idi. 3 il ərzində biz 3000-dən çox xanımı İT-yə yönəldə bildik. Onlara təlimlər, treninqlər təşkil etdik. İş, təhsil baxımından köməklik etdik. İkinci layihə isə uşaqların proqramlaşdırmaya marağının artırılması ilə bağlı idi. Azercell Barama İnnovasiyalar Mərkəzi və Paşa Bankın sponsorluğu ilə 9-16 yaşlılar üçün 2 İT Yay Məktəbi təşkil etdik. Bu, tək bizim problemimiz deyil, dünyada da bu proses gedir, həlli üçün də mübarizə aparılır.

gunay kazimzadə— Bir müsahibənizdə oxumuşdum. Orda başlıq diqqətimi çəkdi. Deyirsiniz ki, qadın bir əli ilə yemək bişirib, o biri əli ilə kod yaza bilər. Kod yazırsınız, bəs yemək bişirmək necə?
– Əlbəttə, bişirirəm. Əsas da Azərbaycan mətbəxinin nümunələrini. Alman mətbəxi öz yeməklərimizə çata bilməz.

— Düzdür, nailiyyətlər var, amma burda addımlamaq yəqin ki, heç də sizə asan başa gəlməyib. Bu yerə gələnə qədər olan prosesləri necə xatırlayırsınız?
– Uşaq vaxtı şahmata, musiqi məktəbinə getmişəm. Valideynlərim həmişə bizim üzərimizə təhsil baxımından böyük investisiyalar qoymağa çalışıblar. Həmişə nəyəsə nail olmaq hissi ilə yaşamışam. MDU-ya qəbul olanda mən Azərbaycan dilli məktəbi bitirmişdim və rus dilində təhsilə başladım. Buna görə ilk vaxtlar mənim üçün çox çətin idi. Yuxusuz gecələrə gətirib çıxarırdı. MDU-nun reytinqi çox şeydən xəbər verir. Tətbiqi riyaziyyat fakültəsində oxumaq da çox çətin idi. Bütün istədiklərimə nail olmaq heç də asan başa gəlməyib. Bəzən insanlar “bəxti gətirib” filan deyirlər, amma bəxt bir yerə qədər insana kömək edir. Gərək insanın içində təhsilə, elmə sevgi olsun. Şükürlər olsun ki, valideynlərim bunu məndə yaradıblar. İT sahəsində qadının çalışması çox çətindir. Çünki kişilər bir çalışırsa, siz 10 etməlisiniz. Dediyim o sosial basqı, stereotiplər olduğu üçün insan özünü təsdiq etmək istəyi hiss edir. Düzdür, bu, heç də doğru yanaşma deyil, amma yenə də çox çalışmaq lazımdır. Bir şeyə nail olmaq üçün insanın içində istək olmalıdır. Nəsəyə nail olanların içində nəyəsə nail olmaq ehtirası, hissi güclü olur. Məndə də bu hiss var.

Bu nailiyyətlərin kölgəsində çox məğlubiyyətlərim olub, amma onlar mənə irəli getməyə kömək edib. Həyat onsuz da çətinliklərlə doludur, nəyəsə nail olmaq istəyirsənsə, mütləq bunları keçəcəksən.

Bir də məni dəstəkləyən ailəm, mentorlarım, dostlarım, əlaqələrim olub. Onlar olmasaydı, çətinliklərə sinə gərmək daha çətin olardı.

1544713995 gunay4

— Magistratura təhsilini də Almaniyada almısınız, doktorantura üçün də ora getmisiniz. Artıq orda əlaqələr olduğu üçün seçim bu ölkə olur, yoxsa başqa səbəblər də var?
– Əlaqələrin də rolu var. Mən əslində, doktorantura təhsili üçün müxtəlif ölkələrə müraciət etmişdim. Avstriyadan da təklif gəlmişdi, amma Almaniyadan daha çox təklif gəldi. Münhen, Drezden və Berlindən gəldi. Mən Berlini seçdim. 7 il əvvəl təcrübə keçdiyim zaman burda yaşamışam. Berlin mənə daha doğmadır. Doktorantura təhsilimə yeni başlamışam, Berlin çox böyük şəhərdir, hər ölkədən insan var.

— Gələcəkdə orda qalıb çalışmaq fikriniz var?
– 3 il sonra nə olacağını bilmirəm, təklifləri dəyərləndirib vətənimə də qayıda, yaxud Avropada da qala bilərəm. Zaman göstərəcək.

— Realda söhbət edəndə sakit təbiətli təəssüratı yaradırsınız, amma söhbət karyera məsələsinə gələndə içinizdə irəli getmək kimi bir böyük istək, türklər demiş hırs olduğu hiss olunur. Bəlkə bir az da bundan danışaq…
– Yaxınlarım, dostlarım da bunu deyir. Şəxsi həyatda çox sakit təbiətli biriyəm. Amma nəyəsə nail olmaq istəyəndə içimdən elə bil başqa biri çıxır. Buna görə özümü çox şanslı hiss edirəm. Məsələn, çalışqanlıq, məntiqi düşüncədən başqa, bu hiss də mənə çox zaman kömək olub, vaz keçməməyə sövq edib. Həmişə özümə sual vermişəm: Niyə də yox? Niyə bunu edə bilmərəm? Həmişə bir yolu tapılır.

1544714028 gunay2

— Almanlardan danışaq. Onları soyuq təbiətli adlandırırlar. Belə bir mühitə uyğunlaşmaq problemi olmur? İş mühitində rahatlıqla qəbul edirlərmi?
– Əslində, almanlarla işləmək çox maraqlıdır. Həm Azərbaycan, həm də Almaniyada işləmişəm deyə, müqayisə edə bilirəm. Hər mədəniyyətin öz işləmə prinsip və qanunları var. Biri digərindən yaxşı, ya pisdir deyə bir şey yoxdur. Sadəcə, hər mədəniyyətin öz dəyərləri, işləmə strukturu var. Almanlar intizamlı və dəqiqdirlər, soyuqluqları özlərinə fokuslanmaqlarından irəli gəlir. Heç zaman işinizə qarışmazlar və həmişə anlayışla qarşılayarlar, amma səhv etdiyiniz zaman bu, tam sizin məsuliyyətiniz olur (Gülür-A.Asimqızı). Mənə həm Azərbaycanda, həm də burda işləmək xoşdur. Çünki əsas insanlarla dil tapa bilmək, pozitiv münasibət qura bilməkdir. Necə deyərlər, hər yerin yaxşısı da var, pisi də.

— İş var, bəs siz necə işləyirsiniz?
– Gərginliyi sevmirəm. Görüləcək işlərimi prioritetlərə görə bölürəm və ən çətin işdən başlayıram. İşləri sadələşdirmə metodu ilə görürəm ki, gərginləşməyim. Bu prinsip əslində, hər şeyə aiddir. Ən çətin və tez həll olunması gərəkən işləri belə kiçik punktlara bölüb həll etməyə çalışıram ki, mənə böyük görünməsin. Beynimizi belə aldatmaq mümkündür, amma hərdən saatlarla dayanmadan işlədiyim də olur.

1544713989 gunay3

— Gəlirdən danışaq?
– Tədqiqatçıları ən son maraqlandıran mövzu (Gülür).

— Siz ümumiyyətlə, daha çox elmi tərəfə yönəlməyə maraqlısınız?
– Hazırda prioritet insanlara faydası dəyəcək araşdırmalar etməkdir. Bizim institut süni intellekt və onun insanlar və sosiuma olan təsirini araşdırır. Mənə də hazırda çox maraqlı olan mövzudur.

— Bizdə İT-nin araşdırma sektorunda xanımlar var?
– Azərbaycanda tədqiqatçı xanımlar çoxdur.

— Amma nədənsə tanınmırlar, üzdə deyillər…
– Təəssüf ki o tədqiqatlarla insanlar arasında böyük uçurum var. Tədqiqat cəmiyyət üçün edilir. Bəlkə də cümlələrim bir az böyük çıxacaq, amma Azərbaycanda aparılan tədqiqatların çoxu sadəcə olaraq vərəq üçün nəzərdə tutulub, cəmiyyət üçün deyil. Düzdür, bizim Lütfizadə kimi dünya şöhrətli tədqiqatçılarımız olub. Tədqiqat, biznes və cəmiyyət. Əslində 3 sektor bir yerdə inkişaf etməlidir. Çox ümid edirəm ki bu cəhətdən də inkişaf edəcəyik, hazırda dövlət tərəfindən buna böyük investisiyalar yatırılıb, ümid edirəm ki bəhrəsini verəcək.

1544714173 gunay6

— 10 aydır ki, Almaniyadasınız. Bu müddətdə nələr etmisiniz?
– 7 ay ərzində “Oracle”, “Talant.io” kimi şirkətlərdə, “Falling Walls” yarışmasında çıxış etdim, Almaniyanın ən böyük digital konfransına dəvət aldım və şirkət rəhbərləri ilə görüşüm oldu. Bundan sonra “Google”un sponsorluq etdiyi 2 konfransda spiker kimi çıxış edəcəm. Bunun üçün “Google” mənə təqaüd ayırdı. Statistikadan xəbərim olmasa da, “Google”un təqaüdünü qazanan azərbaycanlı xanım olmaq hissi insana böyük motivasiya verir. Noyabrda Amsterdamda “European Women in Technology” (Avropa Qadınları Texnologiyada) konfransında süni intellekt haqqında çıxış edən yeganə azərbaycanlı xanım idim. Dekabrda Berlində Avropanın ən böyük təhsil konfransında süni intellekt üzrə çıxış etdim və tədqiqatlarım cəmiyyətə təqdim olundu. Bununla yanaşı, dekabrın 1-i Humbolt Universitetinin təşkil etdiyi TEDx tədbirində süni intellekt mövzusunda çıxış etdim. Gələn həftə Bakıya “Süni intellekt ailə” seminarı üçün Bakıya gəlirəm. Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının dəstəyi ilə baş tutacaq seminarda uşaqlar və valideynlər birlikdə süni intellekt mövzusu ilə yaxın tanış olacaqlar.

Son xəbərlər
Digər xəbərlər