14 C
Baku
Sunday, November 24, 2024

Görkəmli ictimai xadim və istedadlı alim

Azərbaycan xalqı və elmi ictimaiyyət görkəmli iqtisadçı alim Ziyad Səmədzadəni heç bir titulu qeyd edilmədən də kifayət qədər yaxşı tanıyır və dəyərləndirir. O, öz xalqını, milli dövlətini dərindən sevən və tanıdan vətənpərvər alim və fədakar ziyalıdır. Akademik Ziyad Səmədzadə uzun illər iqtisadiyyat sahəsində sanballı araşdırmalar aparmış, yüksək səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth etmişdir. Çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, cəmiyyətdə böyük nüfuz qazanmış, ictimai xadim və ziyalı kimi tanınmışdır. Uzun illər ərzində ictimai həyatdakı fəallığı ilə xalqın sevimlisinə çevrilmiş, elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparmış, öz yaradıcılığına tamamilə yeni rakursdan yanaşaraq iqtisad elmində yeni səhifələr açmışdır.

Görkəmli alim bir çox sanballı elmi araşdırmalara, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsiyaları, məşğulluq problemlərinə əbədi ömür bəxş etmiş, cəmiyyətdə böyük nüfuz qazanmışdır. Elmi tədqiqatlarını əsl alim peşəkarlığı ilə aparan akademik Ziyad Səmədzadə öz yaradıcılığı ilə iqtisad elmində özünəməxsus nəaliyyətlər əldə etmişdir.ZiyadSmdzadfoto

Z.Səmədzadə 1940-cı il iyunun 25-də Bakının Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Bakı Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir. Gənc elmi kadrlara qayğıkeş münasibətin hökm sürdüyü bu səmimi kollektivdə respublikanın xalq təsərrüfatının ən ümdə iqtisadi problemlərinin tədqiqi ilə bağlı intensiv elmi axtarışlar aparılırdı.

1962-1964-cü illərdə Z.Səmədzadə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Buradakı yaradıcı elmi mühit, nüfuzlu iqtisadçı alimlərlə şəxsi tanışlıq onun tədqiqatçı kimi formalaşmasına müsbət təsir göstərmişdir. 1965-ci ildə o, elə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib, daha sonra “Xalq təsərrüfatının inkişaf sürəti və proporsiyaları” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1971-ci ildə Z. Səmədzadə 31 yaşında iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-ci ilin avqust ayından 1982-ci ilin sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1983-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Mərkəzi Komitəsində iqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və 1991-ci ilədək bu vəzifədə çalışmışdır. 1977-ci ildə professor elmi adını almışdır.

Z.Səmədzadə 1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Plan-büdcə komissiyasının sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini, TACİS, TRACEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur.

Qırmızı Əmək Bayrağı (1986), “Şöhrət” (2010) və “Şərəf” (2015) ordenləri, həmçinin 2012-ci ildə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə “Fransisk Skorina” medalı ilə təltif edilmişdir.

Z.Səmədzadə Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin Fəxri prezidentidir. Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədridir.

O, III çağırış (2005-2019-cu illər) Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olmuşdur, 2020-ci ildən Milli Məclisin üzvüdür.

Ziyad Səmədzadə 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Görkəmli alimin doktorluq dissertasiyası “Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturu problemləri” mövzusuna həsr edilmişdir. Bu tədqiqat keçmiş sovetlər ittifaqında qeyd edilən problemlərin kompleks halda araşdırıldığı ilk sanballı iş kimi qiymətləndirilmişdir. Z.Səmədzadə ötən əsrin 70-ci illərində ilk dəfə olaraq respublika sənayesini səciyyələndirən materiallar əsasında istehsalın səmərəlilik göstəricilərini xalis məhsula görə hesablamış, iqtisadi artım, struktur problemlərinə dair konkret elmi nəticələr əldə etmişdir.

Böyük alimin geniş elmi fəaliyyətinin başlanğıcında əsas tədqiqat obyekti əmək məhsuldarlığı və iqtisadi artım problemləri olmuşdur. Ölkənin sərvətlərinin artırılması, onun qüdrətinin təkcə təbii ehtiyatlarla müəyyən edilməməsi, ümumi tərəqqi və əmək məhsuldarlığının həm də insanın peşəkar keyfiyyətındən asılı olması konsepsiyasından çıxış edən müəllif 60-cı illərin ikinci yarısında o vaxta qədər öyrənilməmiş bu problemi araşdırmağa başlayanda respublikada iqtisadi inkişaf və əmək məhsuldarlığının artım sürəti aşağı idi, qeyri-qənaətbəxş əmək ehtiyatları balansı formalaşmamışdı. O dövr sovet iqtisad elmi üçün bu problemin nə dərəcədə mühüm olduğu onunla sübut olunur ki, Ziyad Səmədzadənin bu ideyası nəinki respublika Elmlər Akademiyasının Rəyasət Heyəti, Azərbaycan Dövlət Plan Komitəsi, hətta SSRİ Dövlət Elm və Texnika Komitəsi tərəfindən də nadir hadisə kimi qiymətləndirilərək, dəstəklənmişdi. Alim hələ əlli il bundan əvvəl qeyriistehsal sahəsinin üstün sürətlə inkişaf etməsini və onun strukturunun yaxşılaşdırılmasını qanunauyğun hal və respublikanın tərəqqisi üçün əsas amillərdən hesab edirdi. Onun elmi rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda əmək məhsuldarlığı probleminə dair xalq təsərrüfatının strukturu və təkrar istehsalı proporsiyaları ilə six qarşılıqlı əlaqədə intensiv tədqiqatlara başlanıldı. Bütövlükdə Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli araşdırılması, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əlaqəsinin təhlili, iqtisadi tərəqqi amilləri barədə dolğun elmi konsepsiyanın formalaşması məsələləri də Ziyad Səmədzadənin fəaliyyəti ilə bağlıdır.

1974-cü ildə əmək məhsuldarlığı problemlərinə həsr edilmiş elmi əsərlərə görə Z.Səmədzadə elm və texnika sahəsində respublika Lenin Konsomolu mükafatına layiq görülmüşdür.

Keçmiş SSRİ-nin görkəmli iqtisadçı alimləri tərəfindən əmək məhsuldarlığı və xalq təsərrüfatının proporsiyaları problemləri üzrə Z. Səmədzadənin elmi araşdırmaları problemlərin dərinliyi, cəsarətli qoyuluşu və həlli baxımından müttəfiq respublikalarda aparılmış ən yaxşı, orijinal işlərdən biri hesab edilirdi.

Z.Səmədzadə 1978-ci ildə respublikanın direktiv orqanlarının diqqət mərkəzində olan bu problemlərin daha əhatəli şəkildə araşdırılması məqsədilə əmək məhsuldarlığı problemləri üzrə işçi qrupa başçılıq etmişdir.

Mövcud şəraiti peşəkar mövqedən qiymətləndirmək imkanından istifadə edərək, akademik Ziyad Səmədzadə sağlam düşüncəyə, real iqtisadi təhlilə əsaslanaraq respublikada məşğulluq problemlərinin həlli ilə bağlı maraqlı təkliflərlə çıxış etmiş, alimin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli dövlət proqramları hazırlanmışdır. Bu proqramlar konkretliyi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məqsədlərə nailolma mexanizminin mövcudluğu ilə fərqlənirdi ki, bu da keçmiş sərt planlaşma və idarəetmə sistemində mühüm nailiyyət hesab edilirdi.

Görkəmli alimin çoxcəhətli elmi fəaliyyətində regionların, o cümlədən, Bakının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi xüsusi yer tutur. Bu araşdırmalar əsasında 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim olunmuşdur.

Ötən əsrin 80-ci illərinin sonlarında bizə kənardan zorla qəbul edilmiş Dağlıq Qarabağ probleminin ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının “sosial-iqtisadi geriliyi haqqında” iradlarının təhlilinə başlamışdır. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial-mədəni baxımdan ayrı-seçkilik edilməsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edilmişdir. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti geniş əks-səda doğurmuş “Dağlıq Qarabağ: naməlum həqiqətlər”, “Нагорный Карабах: неизвестная правда” adlı kitablarında öz əksini tapmışdır.

Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Akademik həmkarları ilə birlikdə bütövlükdə keçmiş SSRİ və digər müttəfiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında mürəkkəb elmi hesablamalar apararaq, mərkəzləşdirilmiş plan-maliyyə sisteminə xas ciddi qüsurları üzə çıxarmış və respublika ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqlarının yolverilməz dərəcədə məhdud olduğunu sübuta yetirmişdir. Bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas götürülmüşdür. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfrans keçirilmişdir.

Respublikanın elmi qüvvələrini “Azərbaycan XXI əsrin astanasında” problemi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əhatəli elmi təşkilatçılıq fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu deviz altında 1997–1998-ci illərdə keçirilmiş iki beynəlxalq elmipraktik konfransın rəhbəri olmuş akademik həmin tədbirin yaradıcı qrupu ilə birlikdə müasir vəziyyətdən və bəşəriyyətin inkişaf perspektivlərindən çıxış edərək, XXI əsrin ən mühüm problemlərini müəyyənləşdirməyə səy göstərmişdir. Akademikin elmi redaktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir.

Z.Səmədzadənin yaradıcılığında şah əsər kimi qiymətləndirilən və 2004-cü ildə işıq üzü görən ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük yolun mərhələləri” adlı iri həcmli monoqrafiya (rus dilində) öz elmi tutumu, məntiqi və şərhi üslubuna görə fərqlənir. Burada Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, spesifik cəhətləri, ümumi qanunauyğunluqları tədqiq olunmaqla onun perspektiv inkişafının konseptual əsasları araşdırılmışdır. Kitabın təqdimatı barədə respublika mətbuatında dərc edilmiş materiallar, xüsusilə də görkəmli iqtisadçı-alimlərin, mütəxəssislərin, o cümlədən SSRİ Dövlət Plan Komitəsinin keçmiş sədri N.Baybakovun, akademik L.Abalkinin rəyləri sübut edir ki, həqiqətən, Z.Səmədzadənin bu kitabını bir çox müddəaların və nəticələrin məlumatlığı və əsasına görə yarım əsrdə Azərbaycanın iqtisadi inkişaf problemləri üzrə əsl ensiklopedik əsər kimi xarakterizə etmək olar.

Alimin Çində, MDB məkanında və bir çox Avropa, Asiya ölkələrində yüksək qiymətləndirilən “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iqtisadiyyatında” (2009-cu il), “Китай в глобальной мировой экономике” (2010-cu il) əsərlərini də qeyd etmək yerinə düşərdi. Xüsusi vurğulanmalıdır ki, akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir. Sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma proseslərinin ən böyük kəşflərindən birinin “Çin möcüzəsi” olduğunu desək, yəqin ki, mübaliğəyə yol vermərik. Təsadüfi deyildir ki, Azərbaycanın görkəmli alimi və ictimai xadimi akademik Ziyad Səmədzadə “Çin qlobal dünya iqtisadiyyatında” adlı əsərini məhz “Çin möcüzəsi”nin hərtərəfli elmi təhlilinə, Çinin dəyişən dünyada mövqeyi və rolunun transformasiyası problemlərinin tədqiqinə həsr etmişdir.

Azərbaycan iqtisad elminin ağsaqqalı özünün dərin və hərtərəfli təfəkkür tərzi ilə əsərin birinci fəslində dünya ölkələrinin inkişaf səviyyəsinin dəyişilməsi meyillərini tədqiq edir, dünyanın mənzərəsinin necə tansformasiya etməsi ilə oxucuların biliklərini zənginləşdirir. Məlum olduğu kimi, qloballaşma prosesləri sənaye ölkələrində irimaşınlı sənayenin inkişafının daha da sürətlənməsi ilə nəticələnir. Bu isə istehsalın miqyasını əvvəllər görünməmiş dərəcədə artırmaqla, onların satışı və xammal mənbələri uğrunda dünya bazarında gedən mübarizəni olduqca kəskinləşdirir. ABŞ iqtisadçısı Phillip G.Cernynin göstərdiyi kimi, bu gün bizim son bir əsr yarımda tanıdığımız dövlətlər onların funksiyalarını, rollarını və fəaliyyətlərini ciddi şəkildə dəyişdirən və məhdudlaşdıran güc sistemlərinin yenidən qurulmasına nail olurlar. Həmin güc sistemlərinin yenidən qurulması prosesləri Azərbaycanın iqtisad elmində ilk dəfə olaraq əhatəli şəkildə, məhz hörmətli akademikin əsərlərində öz əksini tapmışdır. Bu güc mərkəzləri içərisində Çin fenomeni istər elmi, istərsə də praktiki baxımdan böyük əhəmiyyət kəsb edir. Dünya mütəxəssisləri tərəfindən sosialiqtisadi inkişafın Çin modeli birmənalı olaraq unikal bir yol kimi qəbul olunur. Bu, Çin sivilizasiyasının qədimliyi və nəhəngliyi ilə əlaqədardır. Kitab müəllifinin qeyd etdiyi kimi: “Çin qədim dünyanın dörd nəhəng sivilizasiyasından birinin vətənidir. Bütün qədim sivilizasiyalardan yalnız Çin sivilizasiyası inkişafın sonu və tənəzzüllə nəticələnən ağır kataklizmlərdən xilas ola bilmişdir”.

Həqiqətən, çinlilər elə bir mentalitetə, elə bir psixoloji bazaya malikdirlər ki, onları istənilən digər xalqların insanları ilə müqayisə etmək çətindir. Məhz Çin əhalisinin Konfusi ruhu və zəngin təbii sərvətləri ölkənin uğurlu inkişafında həlledici rol oynamışdır. Çin modelinin hərəkətverici qüvvəsi olan iqtisadi islahatların atası Den Syaopin sayılır. Həmin şəxsiyyəti fenomen adlandıran akademik Z.Səmədzadə hesab edir ki, Den Syaopin Çin xalqının taleyində silinməz iz buraxmışdır. Kitabda Den Syaopin islahatlarının dərin qatları ətraflı şəkildə təhlil edilir.

Müəllifin haqlı fikrinə görə, “Çin möcüzəsi”nin mühüm sirlərindən biri də odur ki, ölkədə aparılan iqtisadi islahatlarda radikallığa yol verilmədi, mülkiyyət formaları qarşı-qarşıya qoyulmadı, struktur islahatları sənayedə mərhələ-mərhələ aparıldı. Məlum olduğu kimi, müasir iqtisadi proseslər diqqətlə nəzərdən keçirildikdə aydın olur ki, yeni informasiya iqtisadiyyatı qlobal miqyasda fəaliyyət göstərir. Ona görə də Çin inkişaf modelinin dünya təsərrüfatı sisteminə inteqrasiya təcrübəsi çox əhəmiyyətlidir.

Çində 50-dən çox xüsusi iqtisadi zona qeydə alınmışdır. Həmin zonaların əldə etdikləri nəticələr bütün dünyanı heyran edir. Ziyad müəllim özünün fundamental əsərində Çin–Ümumdünya Ticarət Təşkilatı (ÜTT) münasibətlərini böyük uzaqgörənliklə təhlil edir. Onun göstərdiyi kimi, Çin hökuməti yaxşı başa düşür ki, ölkəsinin ÜTT-yə daxil olmasının həm müsbət, həm də mənfi cəhətləri vardır. Bu hadisənin müsbət cəhəti, ilk növbədə, onunla müəyyən olunur ki, Çin çoxlu güzəştlər və üstünlükləri olan böyük ticarət mühitinə daxil olur, beynəlxalq iqtisadi əməkdaşlıq qaydalarına uyğun şəkildə ölkələrarası danışıqlarda öz ölkəsinin mənafelərini daha əsaslı müdafiə etmək hüququ əldə edir. Çünki nəhəng ölkə, eyni zamanda, yeni informasiya mühitinə daxil olur. Çin hökuməti həm də yaxşı başa düşür ki, ÜTT bu nəhəng ölkə olmadan qlobal bir qurum kimi tanına bilməz. Ona görə də bu prosesdə Çin öz milli mənafelərini qorumaq prinsiplərini açıq-aşkar elan etdi və bu siyasəti hazırda da davam etdirir.

Çin daxili bazarın qorunması üçün texniki standartlardan və digər şərtlərdən geniş istifadə edir. Daxili bazarın müdafiəsində baytarlıq və fitosanitar qaydaları, çoxsaylı təhlükəsizlik standartları, uyğunluq qiyməti prosedurları və s. böyük rol oynayır. Çin bu sahədə bir çox beynəlxalq müqavilələrin iştirakçısıdır. Müəllif Çin təcrübəsinə əsaslanaraq tövsiyə edir ki, Azərbaycanın ÜTT-yə üzvlük məsələsində tələskənliyə yol vermək olmaz. Çalışıb ölkə üçün daha çox əlverişli şərtlər əldə etmək lazımdır. Keçid iqtisadiyyatı ölkələrinin qarşılaşdığı problemlərin eyniliyini və ÜTT-yə üzv olmaq sahəsində maraqlarının uyğunluğunu nəzərə alaraq onların da Kern qrupu kimi bir qrupda birləşməsi məqsədəuyğun olardı.

Beləliklə, akademik Z.Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabı Azərbaycanın iqtisad elmində böyük hadisədir. Unikal iqtisadi inkişaf modeli haqqında yazılan kitabın özü də nadirdir və Azərbaycanla Çin arasında dostluq əlaqələrinin inkişafına artıq öz müsbət təsirini göstərməkdədir.

Ümumiyyətlə, Ziyad Səmdzadə dövətin iqtisadi inkişaf siyasətinin formalaşmasında yaxından iştirak edən bir dövət adamı və peşəkar praktik iqtisadçı alim kimi həmişə İMF, DB, ÜTT və s. kimi beynəlxalq maliyyə və iqtisadi qurumların tələb və tövsiyələrinə çox ehtiyyatla, düşünülmüş şəkildə yanaşmağın tərəfdarı olaraq çıxış edir.

Məlumdur ki, müstəqil Azərbaycan dövlətinin tarixində keçid dövrü özünəməxsus yer tutur. Azərbaycan dövləti bu illər ərzində gələcəyimiz üçün fundamental əhəmiyyətli işlər gördü. Prezident İlham Əliyev 2009-cu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığını bəyan etdi. Bu, tarixi bir bəyanat idi.

Ölkə rəhbərinin bəyanatı iqtisad elmi qarşısında mühüm vəzifələr qoydu. Bu baxımdan 2010-cu ildə akademik Ziyad Səmədzadənin baş redaktorluğu ilə “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr milli inkişaf modelinin formalaşması problemləri” mövzusunda respublika elmi-praktiki konfransının materiallarının cəmləşdiyi külliyyat çap olundu.

AMEA-nın müvafiq qərarına uyğun olaraq keçirilən konfransda iqtisadçılarımız Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkəmizdə yeni iqtisadi sistemi yaratmaq konsepsiyasının mahiyyəti, keçid dövrünün xüsusiyyətləri, ziddiyyətləri, bu dövrün uğurla başa çatdırılması, Azərbaycanın qlobal maliyyə böhranından yüksək səviyyədə çıxarılması və hazırda da dünyada inkişaf sürətinə görə lider ölkə kimi tanınması kimi məsələləri araşdırmışlar.

Külliyatda 90-dək respublika, eləcə də xarici nüfuzlu təşkilatları, elm, təhsil müəssisələrini təmsil edən 400-ə yaxın müəllifin yazıları daxil edilmişdir. Təqdim edilən məruzə və tezislərdə iqtisadçılar Azərbaycan Prezidenti ­İlham Əliyevin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət göstərən bu və ya digər fikirlər bildirirlər. Görkəmli alim 50 ildən artıqdır ki, çoxsaylı simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir.

Alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində” mövzusu ilə əlaqədar apardığı tədqiqatlar da diqqətəlayiqdir. Onun 2005-ci və 2010-cu illərdə Böyük Vətən müharibəsinin 60, 65 və 70-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” və “Qaliblər–Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabları da maraqlı faktlarla zəngindir. Nəhayət, qeyd etmək istərdik ki, insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ensiklopediyaların tarixi uzun olsa da, Azərbaycanda bu mühüm və dəyərli fəaliyyət sahəsində məqsədyönlü və ardıcıl iş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Prezident İlham Əliyev həmin ensiklopediyanın nəşrini Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisə kimi səciyyələndirmişdir.

Prezident İlham Əliyevin baş redaktorluğu ilə artıq Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir. Bu nəşrlər ölkəmizdə sahə ensiklopediyalarının hazırlanması işini də aktuallaşdırmış, bir çox reallıqlar isə iqtisadi ensiklopediyanın yaradılmasını zərurətə çevirmişdir.

Sosialyönümlü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatın formalaşmağa başladığı ilk illərdə yeni iqtisadi sistem özü ilə bir çox yeni elmi-iqtisadi yanaşmalar, əvvəllər iqtisadi ədəbiyyatlarımızda heç vaxt istifadə edilməyən yeni termin və anlayışlar gətirmişdir. Lakin ilk dövrlərdə iqtisadi leksikona daxil olan bu yeni iqtisadi anlayış, kateqoriya və konsepsiyaların həm tərcüməsində, həm də interpretasiyasında anlaşmazlıqlar mövcud idi. Ötən müddət ərzində ölkənin müxtəlif elmitədqiqat mərkəzlərində, ali təhsil ocaqlarında bazar iqtisadiyyatının müxtəlif aspektlərinin öyrənilməsi, bu iqtisadi sistem əsasında əsrlərlə inkişaf edərək yüksək iqtisadi inkişafa nail olmuş ölkələrin təcrübəsinin mənimsənilərək milli iqtisadiyyata tətbiqi paralel olaraq Azərbaycanda iqtisad elminin inkişafına da öz töhfələrini vermişdir. Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanan və işıq üzü görən “Böyük İqtisadi Ensiklopediya” beşcildliyi ötən iki onillikdə ölkənin bu elm sahəsi üzrə əldə etdiyi yeni nailiyyətləri aydın forma və məzmunda əks etdirir.

“Böyük İqtisadi Ensiklopediya” beşcildliyinin redaksiya heyəti iqtisadiyyat kimi bu gün olduqca aktual olan bir elm sahəsində bu ənənəni davam etdirərək latın qrafikalı əlifbamızda çap edilən fundamental nəşr ortaya qoymuşdur. Etiraf edilməlidir ki, bu cür nəşrə çoxdan ehtiyac yaranmışdı. Nəzərə almaq lazımdır ki, “Böyük İqtisadi Ensiklopediya” beşcildliyi dövlət tərəfindən maliyyə dəstəyi olmadan, iqtisadçı alimlərimizin könüllü əməyi nəticəsində ərsəyə gəlib və elə buna görə bu işə çəkilən intellektual zəhmət böyük hörmətə layiqdir. Digər tərəfdən müstəqillik əldə etdikdən sonra respublikamızda konkret sahəyə aid ilk irihəcmli nəşr olan “Böyük İqtisadi Ensiklopediya”ya bənzər nəşrlərə keçmiş SSRİ ölkələrindən Rusiya Federasiyası istisna olmaqla heç birində rast gəlinmir. Bu da o deməkdir ki, ayrıayrı vətəndaşlar və ən müxtəlif sosial qruplar “dövlət bizə nə verib?” sualına cavab axtararaq fəaliyyətsiz dayanmaqdansa, “biz dövlətə nə verə bilərik?” sualı ətrafında fikirləşərək fəaliyyətə başlasalar, olduqca əhəmiyyətli işlər ortaya qoya bilərlər. Bunun konkret nümunəsi isə haqqında söhbət açdığımız beş cilddən ibarət “Böyük İqtisadi Ensiklopediya”dır.

“Böyük İqtisadi Ensiklopediya” beşcildliyi 10 minə yaxın iqtisadi termin, müxtəlif iqtisadi əməliyyatların əyani izahı üçün 2 mindən çox sxem, cədvəl, qrafik və fotolardan ibarət olmaqla ümumilikdə 6 min səhifədən çoxdur. Dünya təcrübəsindən bəhrələnərək iqtisadi terminalogiyaya vahid prinsipdən yanaşma əsasında makro və mikro iqtisadiyyat, pul-kredit münasibətləri, bank işi, qiymətli kağızlar bazarı, sığorta, fiskal siyasət, məcmu tələb və təklif, marketinq, menecement, investisiya, birja fəaliyyəti, innovasiya, institusional iqtisadiyyat, milli və qlobal rəqabət, iqtisadi təhlükəsizlik, müxtəlif iqtisadi nəzəriyyələr, elmi məktəblər, iqtisadiyyatda tətbiq edilən qanun və kateqoriyalar, iqtisadiyyat elminin formalaşmasında böyük xidmətləri olmuş görkəmli iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü iqtisadi nəzəriyyə, qanun və prinsiplər və s. ilə bağlı minlərlə iqtisadi termin, söz və ifadənin mahiyyətinin mükəmməl izahı verilir. Ensiklopediyanın digər özünəməxsus xüsusiyyəti bir sıra elmlərlə, o cümlədən riyaziyyat, sosiologiya, nanotexnologiya və s. ilə qarşılıqlı əlaqədə olan, bu elm sahələrində əldə edilən novatorçu ideyaların iqtisadisosial həyatda tətbiqi ilə iqtisadiyyat elmində baş verən ən son elmi nəticələrə yer verməsidir. Çoxcildliyin səhifələrində 1968-ci ildən başlayaraq Nobel mükafatına layiq görülmüş məşhur iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü yeni təlim və konsepsiyaların təməl prinsiplərinə geniş yer verilir və bu dəyərli informasiyaların böyük əksəriyyəti ilk dəfə ana dilimizdə belə peşəkar səviyyədə nəşr edilir.

Məsələn, nanotexnologiyanın və nano-elmin inkişaf sürətini, onun güclü innovasiya xarakteri daşıdığını, dünya iqtisadi ukladının dəyişilməsinə fundamental təkan yaradacağını, bu sahədə uğur qazanan ölkə və istehsal sahələrinin şəksiz rəqabət qabiliyyətliliyini təmin edəcəyini nəzərə alan redaksiya heyəti bu elm sahəsində tədqiqatlara və tətbiq məsələlərinə yetərincə diqqət ayırmışdır.

İqtisadiyyat elminin strukturlaşmasına, sahələrarası biliklərin ierarxiyasına, rasional qərarların hazırlanması, əsaslandırılması və qəbul olunmasınadək bir çox elmi və həyati əhəmiyyət kəsb edən nanoiqtisadi aspektlər ensiklopediyada ətraflı işıqlandırılmış, onların öncül cərəyanları barədə müfəssəl açıqlamalar verilmişdir.

Bu sahədə verilən bilgilər istər müvafiq dövlət proqramlarının işlənib hazırlanmasında, istərsə də nanotexnologiyalar haqqında baza biliklərini dərinləşdirmək arzusunda olan tələbə, magistrant və dissertantlar üçün kifayət qədər geniş imkanlar açmışdır.

Bu sanballı nəşrdən sonrakı illərdə qloballaşan dünya iqtisadiyyatında, eləcə də sürətlə dəyişən, inkişaf edən, böyük uğurlar qazanan Azərbaycanda mühüm hadisələr baş verdi. Bütün bunlar “Böyük İqtisadi Ensiklopediya”nın növbəti cildlərinin hazırlanmasını da zəruri etdi. Akademik Ziyad Səmədzadə vəziyyəti düzgün qiymətləndirərək Ensiklopediyanın yeni cildlərinin hazırlığına başladı. Alimin rəhbərliyi, gərgin zəhməti və böyük işgüzarlığı hesabına “Böyük İqtisadi Ensiklopediya”nın 6-cı və 7-ci cildləri də hazırlanıb çap olundu.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri kimi çalışdığı on beş il müddətində respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə, ölkənin iqtisadi inkişaf strategiyasının elmi bazasının gücləndirilməsi məsələlərinin həllində fəal iştirak etmişdir. Eyni zamanda, akademik Ziyad Səmədzadə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasətin təbliği və əhalinin maariflədirilməsi və iqtisad elminin populyarlaşdırılması sahəsində yorulmadan miqyaslı iş aparır. O, həm də yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar akademikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir. 1999-cu ildən akademik “İqtisadiyyat” adlı qəzetin təsisçisidir.

Ömrünün müdriklik dövrünə qədəm qoyan akademik müasir duyum və daha böyük həvəs, enerji ilə müstəqil Azərbaycanımızın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı tövsiyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fəaliyyət göstərir, iqtisadi inkişafın normativ–hüquqi bazasının daha da təkmilləşdirilməsi üçün əzmlə çalışır. Bu yolda görkəmli alimə, akademik Ziyad Səmədzadəyə uğur və müvəffəqiyyətlər diləyirik. Öz təbiri ilə desək, Allah onu qorusun!

Teymur Bünyadov, akademik

Akif Musayev, AMEA-nın müxbir üzvü

Son xəbərlər
Digər xəbərlər