İrsi xəstəlik səbəbindən görmə qabiliyyətini itirən amerikalı proqramçı Samir Doşi “Microsoft” korporasiyasına işə düzəlib. Özünün verdiyi məlumata görə, o, xəstəliyini işəgötürənə müsahibənin sonunda açıqlayıb.
Doşinin dediyinə görə, o, bütün həyatı boyu zəif görmədən əziyyət çəkib və 30 yaşında tamamilə kor olub. Bu vaxta qədər Doşi Bostondakı kollecinin biotibbi mühəndislik ixtisasını bitirib və Nyu-Yorkda böyük maliyyə şirkətində işləyib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Microsoft-da işləyən keçmiş həmkarım mənə dedi ki, onun şirkətində rəqəmsal transformasiya mütəxəssisi vəzifəsi var. Özümü sınamağa qərar verdim və ərizəni doldurdum”, – Doşi xatırlayır.
Proqramçı qeyd edib ki, əvvəlcə çox həyəcanlı olub, sonra isə müsahibəyə düzgün hazırlaşmaq qərarına gəlib.
“Mən PowerPoint-də texniki təqdimat hazırlamağa və hər slaydda hər sözün və diaqramın yerini yadda saxlamağa bir ay sərf etdim. Dostlarımın, həmkarlarımın və ailə üzvlərimin yanında çıxışımı dəfələrlə məşq etdim. Müsahibədən əvvəl əlimdə çəliklə iki saat tez gəldim və resepşndan müsahibənin keçiriləcəyi otağı göstərməyi xahiş etdim. Sonra orada rahat danışa biləcəyim bir məkan “yaratdım” – stulların yerini dəyişdim, təqdimat zamanı ayaq üstə durmağı və ekrana doğru yeriməyi məşq etdim, yıxılmamaq üçün əşyaları kənara qoydum”, – proqramçı deyir.
Doşi vurğulayıb ki, korluğunu gizlətmək niyyətində olmasa da, ilk növbədə potensial həmkarlarına bacarıqları barədə danışmaq istəyib.
“İşlətdiyim taktika işə yaradı və müsahibə əla keçdi. Üç tur müsahibə oldu və hər birinin sonunda özümü əmin hiss edirdim. Heç birində kor olduğumu demədim. Məndən bu barədə heç soruşan da olmadı” – proqramçı əlavə edir.
Müsahibədən sonra Doşiyə iş təklif olundu, lakin o, korluğu barədə müdirinə xəbər verməyə qərarına gəldi.
“Mən koram”, – deyə Doşi telefonda dedi. “Mənim üçün bunları demək utanverici idi, amma etiraf etməli idim”, – gənc mütəxəssis söyləyib. “Vau. Bunun heç bir əhəmiyyəti yoxdur”, – deyə müsahibəçi Doşiyə cavab verib.
Tezliklə proqramçı öyrəndi ki, “Microsoft”da görmə qüsuru olan bir çox insan var. Daha əvvəl Rumıniya Milli Bankı ölkədə Minerva adlı tanınmış astroloqu işə götürüb. 64 yaşlı falçı bankın inzibati xidmətlərinin direktorunun katibliyi vəzifəsini tutub.