Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ilkin dinləmələr keçirilib.
İclasda iş üzrə şahidlərin zərərçəkmiş qismində tanınmalı olduğu bildirilib. Bu səbəblə cinayət işi baxışa təyin olunmayıb.
Hazırlıq iclası sentyabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Aparılmış istintaq tədbirləri ilə hazırda Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Rəşad Şükürov sonradan ev dustaqlığına buraxılıb.