Ölkədə yaşı 80-i ötmüş 106 min pensiyaçı var.
Təxminən on ilin söhbətidir, Filarmoniya bağında yaşı 80-i haqlamış bir qadın oturardı. İçərişəhərli idi. Yanına satmaq üçün bir neçə büküm halva qoyardı. Alıcıları da əsasən içərişəhərlilər idi. Adətən, hər yerdə 20 qəpiyə satılan halvaya 1 manat verərdilər. Bir dəfə birindən 20 qəpiklik halvaya niyə 1 manat verdiyini soruşduqda bir az duruxmuşdu, sonra demişdi:
Bu qadın bizim qonşudur, heç kimi yoxdur. Aldığı pensiya ilə dolana bilmir, qış vaxtı heç kommunal xərclərini ödəyə bilmir. Yardım eləmək istəyəndə də bizdən pul götürmür. Biz də pulu bu yolla veririk ki, bir təhər dolansın.
Araşdırmaya görə, Azərbaycanda indi də içərişəhərli həmin tənha qadının vəziyyətində olan minlərlə pensiyaçı var. Özü də onların əksəriyyəti yaşı 80-i keçmiş insanlardır. Adətən yaşı daha az olan pensiyaçıları pis-yaxşı əmək fəaliyyəti ilə məşğul olub, özlərini müəyyən qədər dolandıra bilirlər.
Amma 80-i ötmüş pensiyaçıların əksəriyyəti işləyə bilmir və buna görə də durumları ağırlaşır. Səhhətlərinin xeyli pisləşməsi də onların dava-dərmana xərcini artırır. Nəticədə, belə pensiyaçılar ya işləyən övladlarına möhtac olurlar, ya da çıxılmaz vəziyyətə düşüb çabalamağa çalışırlar.
Rəsmi statistikaya görə, ölkədə yaşı 80-i ötmüş 106 min pensiyaçı var və bunların əksəriyyəti əmək qabiliyyətini itirmiş vəziyyətdədir. Adətən belə pensiyaçıların bir çox ehtiyaclarını, xüsusilə də sağlamlıqla bağlı xərclərini övladları qarşılayırlar. Övladları olmayan, yaxud övladlarından xeyir görməyən insanlar isə çox ağır vəziyyətə düşürlər.
Müstəqil araşdırmalara görə, ölkədə yaşı 80-i keçmiş bir neçə min adam imkansızlıq üzündən lazım olan profilaktiki müalicəni ala bilmirlər, buna görə onların ömrü xeyli qısalır. Bu, xüsusilə insult və ya infarkt keçirmiş yaşlılara aiddir ki, onların imkansız olduğunu bilən həkimlər sadəcə sakitləşdirici dərmanlar yazırlar. Beləcə, sağalmaq imkanı olan insanlar pulsuzluq üzündən dünyalarını dəyişirlər.
Yaranmış durum Azərbaycanda bir çox xarici ölkələr kimi yaşı 80-i keçmiş insanların pensiyalarının artırılması məsələsini gündəmə gətirir. Avropanın bir çox ölkələrində bu praktika çoxdan tətbiq edilir və yaşı 80-ə çatan vətəndaşların pensiyaları 30 faiz artırılır. Postsovet məkanında isə bu təcrübədən şimal qonşumuz Rusiya da yararlanır.
Rusiya Pensiya Fondunun İdarə Heyətinin sədrinin birinci müavini Liliya Çijikin sözlərinə görə, bu ölkədə yaşı 80-ə çatanlara və bündan yuxarı olanlara hər ay 1200 rubl (35 dollar) əlavə müavinət alır. Həmçinin yaşı 80-ə çatanların pensiyalarının baza hissəsi də xeyli artır.
Hazırda Rusiyada yaşa görə pensiyaların baza hissəsi 3910,34 rubl (114 dolar) təşkil edir. Pensiyaçının yaşı 80-ə çatdıqda isə o, baza hissəsini 7820,7 rubla (228 dollara) qaldırmaq imkanı qazanır.
Əgər onun himayəsində bir nəfər varsa bu, 9124,14 rubla (265 dollara), 2 nəfər varsa 10 427,61 rubla (305 dollara), 3 nəfər varsa isə 11 731,04 rubla (340 dollara) qalxır. Özü də Rusiyada pensiyaların ölçüsü 80 yaşa çatdıqda avtomatik olaraq Pensiya Fondu tərəfindən dəyişdirilir və pensiyaçının müraciətinə ehtiyac qalmır.
Bu məsələ Azərbaycanda da gündəmə gəlib və Milli Məclisin sosial siyasət komitəsinin üzvü, millət vəkili Elmira Axundova bu məsələ ilə bağlı bir neçə dəfə parlamentə müraciət edib.
“Pensiyaçılar sağlam və gənc adamlardan daha çox ehtiyacı olan insanlardır. Onların pensiyalarının böyük hissəsi dava-dərmana gedir. Ona görə də, xahiş etdim ki, bu məsələni nəzərdən keçirsinlər. 75-80 yaş həddini aşan insanlara dərmanların dövlət tərəfindən pulsuz verilməsi də vacibdir. Belə təcrübə çoxdandır ki, bir sıra inkişaf etmiş dövlətlərdə mövcuddur”, – deyə millət vəkili ANS PRESS-ə bildirib.
Millət vəkilinin yaşı 75-80-i keçmiş ahıl müəllim və həkimlərin pensiya təminatının yaxşılaşdırılması ilə bağlı da təklifləri var.
“Təhsil müəssisələrində ən azı 45-50 il iş stajı olan həmin ahıl şəxslərin təqaüdünün yeni qaydalarla hesablanması bu qrup şəxslərə sosial problemlərin həllində böyük kömək edərdi. Bu qaydaları 75 yaşdan yuxarı olan və ən azı 45-50 il iş stajına malik olan həkimlərə də şamil etmək olar”, – deyən Elmira Axundova onların pensiyalarının baza hissəsinin artırılması məsələsini gündəmə gətirir.
Millət vəkili, həmçinin 100 yaşı ötmüş insanlara dövlət himayəsinin artırılmasını da gündəmə gətirir:
“Keçmişdə biz uzunömürlülər diyarı olmaqla fəxr etmişik. Hər zaman bu cür insanlara dövlət tərəfindən daha çox qayğı olmuşdur. Lakin indiki dövrdə onlara əsasən ailə üzvləri baxır, adi pensiyadan başqa bu insanlara hər hansı imtiyazlar verilmir. Halbuki, bir daha təkrar edirəm ki, onlar genofondumuzun özəyi sayıla bilər və biz onları qorumalıyıq. Təklif edirəm ki, müvafiq qurumlar 100 yaşına çatmış şəxslərin dövlət reyestrini aparsınlar, onları xüsusi siyahıya alsınlar.
Bu qrup insanlar dövlət tərəfindən pulsuz nəqliyyat, dərman preparatları, pulsuz səhiyyə xidməti ilə təmin olunsun, onlara sosial işçi təhkim olunsun, bu insanlara dövlət qayğısı əhəmiyyətli dərəcədə artırılsın. Ən əsası isə 100 yaşını haqlamış insanlar üçün dövlət fondu yaradılsın və onlara layiqli təqaüd verilsin”, – deyə Elmira Axundova vurğulayır.
Azərbaycanda ilk addım kimi yaşı 80-ə çatan vətəndaşların pensiyalarının baza hissəsini 80 faiz artırmaq olar və Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri kluar söhbətlərində bunu mümkün sayırlar.
“Biz icraçı orqanıq, müvafiq qanun verilsin və biz bunu edək”, – deyə bildirirlər.
Əslində, bu məntiq başa düşüləndir. Azərbaycanda 106 min yaşı 80-i ötmüş pensiyaçı var və onların pensiyalarının baza hissəsini 30 faiz artırmaq ildə təxminən 40 milyon manat pul lazımdır ki, bu da son illərdə Bakıda tikilən kiçik bir yol ötürücüsünün qiyməti qədərdir. Yəni büdcə xərcləri 20 milyard manat ətrafında dəyişən bir ölkə üçün yetərincə kiçik rəqəmdir.
O zaman bizə çox əziz olan yaşlı nəslin sağlamlığı üçün vacib olan bu pulları niyə xərcləməyək? Hər halda, son illərin təcrübəsi göstərir ki, pensiyaların artımı insanların ömür uzunluğu ilə düz mütənasibdir. Məsələn, 10 il qabaq ərzaq qiymətləri təxminən indikinə bərabər olduğu halda, pensiyalar 20-30 manat ətrafında dəyişirdi və ölkədə yaşı 80-i keçmiş insanların sayı 50 min ətrafında idi.
Amma hazırda pensiyalar 200 manata yaxınlaşır və yaşı 80-i keçən ahıllarımızın sayı 110 minə yaxınlaşır. Yəni yaşlı nəsil artıq ərzaq qıtlığından ölmür. Parlamentdə oturan vəkillərimiz məhz bu nüansa fikir verməli və millət vəkili Elmira Axundovanın təklifləri üzərində yaxşıca düşünməlidir. Lütfən, cənablar, Azərbaycanı yenidən uzun ömürlülər ölkəsinə çevirəcək bir qərara imza atın.
ANS PRESS