Klonlaşdırma üsulu ilə müasir formada tinglər yetişdirən şirkəti “Grand-Agro Invitro” MMC-nin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, Taleh Zeynalov Tarix oğlu “Grand-Agro Invitro”nun İdarə Heyətinin sədri təyin edilib. O, bu vəzifədə Məcnun Məmmədov Qadir oğlunu əvəzləyib. M.Məmmədov hazırda “PASHA Holding”in aqrar sahədə böyük layihələrinə rəhbərlik edir. M.Məmmədov “Agro Food İnvestments” MMC-nin direktorudur.
T.Zeynalov – 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə “Beynəlxalq Ticarət” ixtisası üzrə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-2004-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində iqtisadçı vəzifəsində başlamışdır. 2004-2011-ci illərdə Ədliyyə Nazirliyində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı vəzifələrində, 2011-2016-cı illərdə “Türkan-Aqro” MMC-nin maliyyə direktoru vəzifəsində, 2016-2017-ci illərdə “Amplo Consulting” MMC-də biznesin inkişafı üzrə menecer vəzifəsində çalışmışdır. 2017-ci ildən isə “Grand-Agro Invitro”da layihə rəhbəri kimi, 2021-ci ilin yanvarından İdarə Heyəti sədrinin müavini kimi çalışırdı.
“Grand-Agro Invitro” MMC 2017-ci ildə yaradılıb və hazırda 21 570 000 manat nizamnamə kapitalına sahibdir.