Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə və Tərtər rayonlarının raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.
Banker.az xəbər verir ki, GUAM-ın “Twitter” səhifəsində yerləşdirilən bəyanatda çoxsaylı insan tələfatı ilə nəticələnən Ermənistanın raket hücumu kəskin şəkildə qınanılıb.
Bəyanatda deyilir: “Ermənistanın oktyabrın 27-28-də Azərbaycanın Bərdə və Tərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə çox sayda dinc insanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında uşaq, qadın və yaşlı insanlar da var. Eyni zamanda, çox sayda mülki obyekt dağıdılıb. Ermənistanın dinc əhaliyə qarşı istifadə etdiyi ballistik raketlər və kasetli bombalar beynəlxalq hüquq tərəfindən qadağan olunub. Bu bəyanatla Ermənistan silahlı qüvvələrinin belə cinayət əməllərini pisləyirik. Beynəlxalq ictimaiyyət səmərəli mexanizmdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibə cinayətləri törətməsinin qarşısını almalıdır”.
GUAM Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir.