10 C
Baku
Monday, November 25, 2024

“Gümüşü cümə axşamı” – iki milyarder qardaşın məharəti

Şəkildə 1970-ci ildən 1990-cı ilə qədər dünya üzrə gümüş qiymətlərinin dəyişmə qrafikinə nəzər yetirə bilərsiniz. 1980-ci ildə qiymət artımının əhəmiyyətli dərəcədə artdığını müşahidə etdinizmi? İnanmaq çətin olsa da, bu iki şəxsin fəaliyyətinin nəticəsi idi.

William Herbert və Nelson Bunker Hunt – dünyanın ilk dollar milyarderinin, Texasın neft maqnatı olan Haroldson Lafayette Hunt-ın oğulları idilər. Atanın ölümündən sonra inanılmaz məbləğdə miras əldə edən qardaşlar özlərini inflyasiyadan qorumaq məqsədilə gümüş bazarını inhisar etmək qərarına gəlirlər. William və Nelson hər unsiyasının dəyəri 2,90 dollar olan gümüş külçələri alırlar. Artıq iki aydan sonra qiymət 6,70 dollara çatır.

Qardaşlar əlləri çatan bütün gümüşləri alaraq onları Avropa banklarına yatırırlar. İnanılmaz sayda gümüş külçələri təyyarələrlə Zürih və Londona daşınırdı. Gümüş sənaye istehlakçıları həyəcan keçirməyə başlayır. Qiymətlər isə dayanmadan artmağa başlayır. Dünyanın demək olar ki, 15% gümüş ehtiyatına sahib olan qardaşlar səudiyyə ərəbistanlı investorlar ilə birlikdə gümüş fyuçerslərini almağa başlayırlar. 1979-cu ildə onlar dünya bazarının üçdə bir hissəsini idarə edirdilər. 17 yanvar 1980-ci ildə gümüş qiymətləri özünün tarixi rekord həddinə çatır və bu zaman 1 unsiyanın dəyəri 52,50 dollara çatır.

Bu dramatik hadisənin kulminasiya nöqtəsi 27 mart 1980-ci ildə baş tutur. Bu zaman New-York məhsul-xammal birjasının direktorlar şurası qardaşlardan fyuçers müqaviləsi üçün 136 milyon dollar girov tələb edir. Lakin artıq pul yox idi. Bazarda həyəcan baş qaldırır. Tarixə “gümüşü cümə axşamı” adı ilə daxil olmuş həmin 1 gün ərzində qiymətlər 10,80 dollara düşür. Hunt qardaşları öz öhdəliklərini yerinə yetirmək üçün bütün aktivlərini satmalı, həmçinin dövlətdən 1 milyard dollar həcmində borc götürməli olur. Onlar gümüş bazarında bilərəkdən gərgin vəziyyət yaratmaqda ittiham edilir və məhkəmə proseslərindən sonra, daha dəqiq desək, 1988-ci ildə qardaşlar özünü müflis elan edir.

Son xəbərlər
Digər xəbərlər