Spot bazarında gümüşün qiyməti ticarət zamanı tarixi maksimumu yeniləyib və 2%-dən çox artaraq 57,86 dollar olub. Bu barədə “Reuters” məlumat verib.
Qiymətli metal ardıcıl olaraq altıncı ticarət sessiyasında bahalaşır. Onun dəyəri 2025-ci ilin əvvəlindən iki dəfədən çox artıb, qızıl isə 1,6 dəfə bahalaşıb. Analitiklərin sözlərinə görə, gümüşün qiymətinə təklif çatışmazlığı və ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini aşağı sala biləcəyi ilə bağlı artan gözləntilər dəstək verir.
1 dekabr tarixində qızılın spot qiyməti 0,1% azalaraq unsiyası 4225,91 dollar təşkil edib. Dekabr fyuçersləri isə 0,1% artaraq unsiyası 4260,2 dollar olub.
28 noyabrda “Comex” əmtəə birjasında 2026-cı ilin mart ayında çatdırılacaq gümüş fyuçerslərinin qiyməti maksimumu yeniləyib və unsiyası 57 dolları ötüb. Bakı vaxtı ilə 21:48-ə olan məlumata görə, gümüşün qiyməti 6,36% artaraq unsiyası 57,015 dollar təşkil edib.







