9 C
Baku
Thursday, December 12, 2024

“Günəş” elektrik stansiyasının tikintisi üzrə müqavilələr razılaşdırılıb

Azərbaycanda günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb.

Energetika Nazirliyindən verilən məlumata görə, tikiləcək elektrik stansiyanın gücü 230 MVt təşkil edəcək.

Məlumatda qeyd edilir ki, Prezident İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın altıncı iclası video-konfrans formatında keçirilib.

İclas zamanı günəş enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsinin ölkəmizdə bərpa olunan enerjidən istifadənin inkişafı ilə bağlı irəli sürülmüş vəzifələrin icrasına nail olmağa əhəmiyyətli töhfələr verəcəyi vurğulanıb.

“Daha sonra layihənin icrası ilə bağlı sənədlər müzakirə edilib və verilən təkliflər nəzərə alınmaqla təsdiq olunub”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Son xəbərlər
Digər xəbərlər