“Sosial şəbəkələrdə hazırda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Həsənov Mətləb Əli oğlunun kreditlə aldığı avtomobilin cərimə meydançasına qoyulması barədə dezinformasiya yayılıb”.
Banker.az xəbər verir ki, bu barədə “Günay Bank”ın açıqlamasında bildirilir.
“Bununla bağlı rəsmi olaraq bildiririk ki, Bankla həmin vətəndaş arasında hər hansı kredit müqaviləsi bağlanmayıb. Bununla belə, Bankın rəhbərliyi səsləndirilən iddiaların əsassız olduğunu sübut etmək, kredit təşkilatı barədə mənfi ictimai rəyin yaranmasının qarşısını almaq məqsədilə araşdırma aparıb.
Məlum olub ki, M.Həsənov Bankın korporativ müştərisi olan “Günay Finans” MMC-nin müştərisidir. Vətəndaş iyul, avqust və sentyabr aylarında kredit ödənişi etmədiyi üçün sentyabrın 25-də onun avtomobili Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə cərimə meydançasına qoyulub.
“Günay Bank” həmişə Azərbaycan ordusunun, o cümlədən Azərbaycan əsgərinin yanındadır və irəli sürülən iddiaların ona heç bir aidiyyəti yoxdur”, – deyə Bank bəyan edib.