“Günay Sığorta” ASC-nin xərclərinin artması səbəbindən 2021-ci ili böyük zərərlə tamamlamaqla kapitalından “yeməli” olub. Banker.az sığorta şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ərzində 1.12 mln manat zərər edib.
Yeganə Şirinova və Mahmud Məmmədovun payları olduğu şirkətin gəlirləri 2021-ci ildə öncəki illə müqayisədə 12% artaraq 10.38 mln manat olub, bunun 9.78 mln manatı birbaşa sığorta haqlarından daxil olan gəlirdir.
Sığorta şirkətinin xərcləri isə nəzərəçarpan dərəcədə artıb. Əsas əməliyyat xərcləri 5.45 mln manata çatıb ( 2020: 3.6 mln idi), bunun da əsas artımı 4.08 mln manatı əmələ gələn sığorta ödənişlərinin hesabınadır. Əsas əməliyyat xərclərinin artımı azmış kimi, inzibati xərcləri 5.81 mln manata yüksəlib (2020: 4.81 mln).
Beləliklə, 2020-ci ildə cəmi xərcləri 8.73 mln manat olduğu halda, 2021-ci ildə bu, 11.50 mln manata yüksəlib.
2020-ci ili ili 324 min manatlıq xalis mənfəət etdiyi halda, növbəti ili 1 mln 125 min manatlıq zərər edib.
Sığorta şirkətinin hesabatına illər üzrə nəzər salaq: 2017-ci ildə 96 min manat, 2018-ci ildə 57 min manat, 2019-cu ildə 719 min manat və 2020-ci ildə isə 324 min manat xalis mənfəət. Beləliklə, son 4 ildə toplam 1 milyon 196 min manat xalis mənfəət əldə etmişdi.
Bu zərərdən sonra öncəki illərə qədər balansda qalan 497 min manatlıq bölüşdürülməmiş mənfəət 628 min manatlıq yığılmış zərərə çevrilib. Bu il şirkət səhmdarlarının bu biznesdən dividend alması çətin görünür.
BÖYÜMƏ VAR, LAKİN ÖHDƏLİLƏR DƏ ARTIB
1 yanvar 2022-ci il tarixinə “Günay Sığorta”nın aktivlərinin həcmi 16.35 mln. manata yüksəlib. Öncəki il bu rəqəm 14.96 mln. idi.
Öhdəliklərinin həcmi isə son bir ildə 6.77 mln manatdan 7.48 mln manata qədər artıb.
Qeyd etdiyimiz kimi, hesabat ilində 1.12 mln. manat zərər etsə də, həmin ildə 500 min manat nizamnamə kapitalındakı artım cəmi kapitalın möhkəmlənməsini az da olsa dəstəkləyə bilib. Cəmi kapital 1 yanvar 2022-ci il tarixinə 8.87 mln manat təşkil edib.
“Günay Sığorta” 1992-ci ildən fəaliyyət göstərir və 8.2 mln manatlıq nizamnamə kapitalına sahib sığorta şirkətidir. Onun səhmdarları Yeganə Şirinova (67.55%) və Mahmud Məmmədov (32.45%) adlı fiziki şəxslərdir.
Səhmdarlardan Yeganə Şirinova “Günay Bank”ın 40.05%-lik səhmdarı, Mahmud Məmmədov isə “Günay Bank”ın 54.35%-lik səhmdarı və adıçəkilən bankın Müşahidə Şurasının sədridir.