“Günay Sığorta” ASC-də rəhbər işçi vəzifəsindən uzaqlaşıb. Belə ki, şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Kənan Əsgərov öz xahişi əsasında tutduğu vəzifədən ayrılıb.
Banker.az xəbər verir ki, bu barədə fed.az-a K.Əsgərovun özü məlumat verib. K.Əsgərov bildirib ki, vəzifəsindən öz xahişi əsasında uzaqlaşıb:”Hazırda müxtəlif yerlərdən təkliflər var. Həmin təklifləri dəyərləndirməklə məşğulam. Uyğun təklif olduğu halda yaxın günlərdə seçim qərarı verəcəm”.
Qeyd edək ki, K.Əsgərov “Günay Sığorta”da bu vəzifəni 2018-ci ilin avqust ayından icra edirdi.
K.Əsgərov 2004-cü ildə Hüquq fakültəsini və 2007-ci ildə Türk Sığorta İnstitununun (TSEV) “Yanğın və Mühəndislik sığortaları” ixtisasını əla nəticələrlə bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb, 40-dan çox hüquqi və bir elmi məqalələnin müəllifidir. Sığorta sahəsində fəaliyyətinə 2006-2011-ci illərdə “Xalq Sığorta” ASC-də başlayıb. 2011-ci ildən 2016-cı ilin iyun ayınadək karyerasını “Azərbaycan Sənaye Sığorta” ASC-də davam etdirib. 2016-cı il iyul ayından “Günay Sığorta” ASC-nin İdarə heyətinin üzvü, noyabr ayından İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
Eyni zamanda şirkətin daxili sığorta proqramının inkişafına yönəlmiş fəaliyyətə rəhbərlik edib. K.Əsgərov 2011-ci ildən Daxili Auditorlar İnstitunun üzvü həmçinin 2011-2015-ci illər üzrə “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvü olub. 2014-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Könüllü sığorta növləri üzrə komitənin üzvüdür. Sığorta, təkrarsığorta və daxili audit üzrə bir çox yerli və xarici – ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə, İsveçrə və Fransa kimi ölkələrdə keçirilən kurs və seminarlarda iştirak edib.