12 C
Baku
Monday, November 25, 2024
Home Bank işi Günel Fərzəliyeva: “Uğurun sirri çətinliklərə ‘yox’ deməyi bacarmaqdadır” –MÜSAHİBƏ

Günel Fərzəliyeva: “Uğurun sirri çətinliklərə ‘yox’ deməyi bacarmaqdadır” –MÜSAHİBƏ

0
Günel Fərzəliyeva: “Uğurun sirri çətinliklərə ‘yox’ deməyi bacarmaqdadır” –MÜSAHİBƏ
İşləməyi də, öz işini də sevir və gördüyü bütün işləri böyük həvəslə icra etdiyini deyir. Ümumiyyətlə isə, işsiz qalmağı sevmir, deyir ki, əgər qısa müddətlik boş vaxtı olarsa belə, özünə məşğul olmağa nə isə iş tapacaq. Ailəli xanım olduğu üçün hələ işdən əlavə, ailə məsuliyyəti də üzərindədir. Ona görə, işə və evə sərf edilən enerjilər tamam fərqlidir. Bu səbəbdən də birinin digərinə mane olduğunu düşünmür. Müsahibimiz “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevadır.
 
– Jurnalistika üzrə təhsil alsanız da, bu gün marketinq sahəsindəsiniz. Jurnalistika öz seçiminiz olmuşdu?
– Bəli, jurnalistika öz istəyimlə seçdiyim fakültələrdən idi. Bəzən abituriyentlərin ixtisas seçimi valideynlərə bağlı olur, lakin məndə tam əksinə, valideynlərim həm bu məsələdə, həm bir çox digər məsələlərdə seçimlərimə etibar edib və dəstəkləyiblər. Seçdiyim bütün ixtisasları düşünərək qeyd etmişdim. Hansı sahədə özümü görürəmsə, çalışa bilərəmsə, onları yazmışdım. Universiteti bitirəndən sonra jurnalistika üzrə magistr təhsili də aldım. Amma diplom işlərim PR və mətbuat xidməti sahəsi ilə bağlı olub. Daha sonra ADA Universitetinin “Maastricht School of Management”i ilə birgə EMBA proqramı üzrə təhsilimi davam etdirmişəm.
– Jurnalist kimi çalışmamısız?
– Xeyr, çalışmamışam. Lakin fakültənin arxivində hazırladığım bir çox süjetlər, reportajlar, hətta qısa sənədli film də var. Televiziya jurnalistikasına marağım böyük idi. Ancaq ixtisas seçiminə daha praktiki prizmadan yanaşıb ictimaiyyətlə əlaqələr və marketinqi öyrənməyə başladım və elə o sahə üzrə də iş həyatımı davam etdirdim.
 

1509030932 gunel2

– Marketinq sahəsinin maraqlı tərəfi nədir ki, sizi bu sahəyə çəkib gətirib?
– Fikrimcə, hər hansı şirkətin, məhsulun aynası, üzü marketinqdir. Bu sahə elə sahədir ki, hərəkət və inkişaf tələb edir. İdeya aparatı gərək daim işləsin. Maraqlı tərəf yəqin ki, odur. Həm də bazarla (istehlakçılarla) işləmək maraqlıdır. Bu prosesdə hər gün bir yeniliklə rastlaşırsan, öyrənirsən.
– Pozitiv auranız var. Maraqlıdır, iş rejimi gərgin olanda bu pozitivlik qalırmı?
– Bu suala yəqin ki, həmkarlarım məndən yaxşı cavab verə bilərlər. Ancaq çalışıram ki, gərgin olan situasiyanı neqativ əhval-ruhiyyə ilə daha da gərginləşdirməyim. Ümumiyyətlə, bizim sahəmiz elədir ki, çoxlu ünsiyyət olduğumuz və eyni zamanda ictimaiyyətlə işlədiyimiz üçün həm də böyük məsuliyyət tələb edir. Mənim üçün müsbət ab-hava, əhval ruhiyyə iş prosesinin ayrılmaz tərkib hissəsidir. Lakin bu, elə bir xüsusiyyət deyil ki, istədiyin vaxtı yandırıb söndürə biləsən və ya peşə deyil ki, sonradan öz üzərində işləyib yiyələnə biləsən. Pozitivlik daha çox xasiyyətə bağlıdır. Sadəcə bir qayda olaraq, marketinq sahəsində daha çox məhz pozitiv insanlarla rastlaşmışam.
1509030895 gunel3
– Marketinq əslində kənardan bir az əyləncəli iş kimi görünür. Bəs iş prosesində gərginlik olurmu?
– Hər bir işin öz məsuliyyət yükü var. Bizim sahədə bu məsuliyyət təkcə şirkət qarşısında deyil. Layihələrimiz bir qayda olaraq ictimailəşir və bu da özlüyündə böyük məsuliyyətdir. Təbii ki, gərginlik var və bəzən çox yüksəkdir. Xüsusilə böyük layihələr çərçivəsində.
– Bir çox sahələrdə belədir ki, çətinlik, gərginlik təzə işə başlayanda olur, çünki təcrübə olmur. İlk iş yeriniz hansı olub, necə bir mühitdə işləmisiniz?
– İş təcrübəmə ilk olaraq “Azpetrol” şirkətində başlamışam. Orada çox müsbət ab-hava varıydı və növbəti iş həyatımda mənim üçün yaxşı bünövrə oldu. Təbii ki orada işə başlayanda universiteti yeni bitirmişdim və həmin vaxt üçün olan bilik və təcrübəmi işimə tətbiq edib paralel olaraq öyrənirdim. Yaş, təcrübə artdıqca, maraq dairəmiz genişlənir, öyrənirik, öyrəndiklərimizi tətbiq edirik, püxtələşirik.
– İşlərinizə rəhbərlərin reaksiyası necə olub? Heç nəyi bəyənməyən “tiran” direktorlarla qarşılaşmısınızmı?
– “Azpetrol”u qeyd etdim. 6 ilə yaxın “Embawood” şirkətində çalışmışam. 4-cü ildir ki, Kapital Bankdayam. Bu müddət ərzində həm mütəxəssis olaraq, həm də rəhbər olaraq işləmişəm. Lakin heç vaxt rastıma “tiran” direktor çıxmayıb. Bəxtimdən rəhbərlərim proqressiv düşüncə tərzinə malik insanlar olub. Hazırda da belədir. Məsələnin digər bir tərəfi də var ki, işləməyi də, öz işimi də sevirəm və böyük həvəslə görürəm.
1509030931 gunel1
– Marketinq elədir ki, ictimaiyyətə seçilmiş, ən gözəl ideya təqdim olunur. Bəs bu ideyalar necə seçilir, sizin öz fikirləriniz olur?
– Hər hansı ideyanın uğurunun arxasında heç vaxt bir nəfər dayanmır. Əgər kimsə layihəni təkbaşına gördüyünü deyirsə, səmimi deyil. Sadəcə olaraq, komandada işləyən insanlar bir-birinə yaxın olduqda, qarşılıqlı anlaşma mühitində işlədikdə, ortaya həqiqətən də uğurlu layihələr çıxır. İdeyalar konseptlərə çevrilir, konseptlər düşünülür və arasından potensialı böyük olan seçilir. Bu proses təbii ki, təkmərhələli deyil. Fikirlər, ideyalar, konseptlər bir neçə süzgəcdən keçir və yalnız bundan sonra tətbiq olunur.
– Keçmişə baxanda uğursuz qiymətləndirdiyiniz ideya, yaxud işlər olub? O mənada ki, indi baxanda daha yaxşı edə biləcəyinizi düşünürsünüz…
– Məncə, insan hər zaman özünə “daha yaxşısını edə bilərdimmi?” sualını verməlidir. Əgər həqiqətən də çatışmazlıqlar olubsa, onların səbəb-nəticəsini mütləq təhlil edib növbəti dəfə təkrar etməmək lazımdır. Hər yeni işdə isə mövcud səviyyəni pillə-pillə artırmaq lazımdır. Bu nəzər nöqtəsindən yanaşanda “uğursuz” deyə biləcəyim işlər yoxdur. Amma mənə əlavə dəyər – bilik, bacarıq, təcrübə qazandıran işlər çoxdur.
1509030891 gunel5
– Hər kəsin sahəsi ilə bağlı işindən əlavə kömək istəyənlər çox olur. Sizdən də yəqin ki, ideya istəyərlər…
– (Gülür) Çox olur. Hərdən o ideyanın gəlmədiyi məqamlar da olur. Lakin əgər insan kömək, fikir, iş üçün müraciət edirsə, mütləq müraciətə maksimum açıq olmağa çalışıram.
– İş çox olanda yəqin ki, yorularsınız…
– Hərdən elə olur ki, işdən sonra müəyyən bir vaxt ərzində sükut istəyirəm. Çünki, işin spesifikliyi belədir ki, çox ünsiyyət tələb edir. Ancaq bu, gözəl yorğunluqdur, keçib gedir.
– Ailəli xanımsınız, övladlarınız var. İşlə yanaşı, ailəni də idarə edə bilirsinizmi?
– Əlbəttə. Məncə, işə və evə sərf etdiyimiz enerjilər tamam fərqlidir. Bu səbəbdən biri digərinə mane olmur. Düzdür, bizim sahə bəzən həftə sonu da, iş sonrası da müdaxilələr tələb edir. İmkan daxilində evi işə, işi isə evə “gətirməməyə” çalışıram.
 
– Ev işlərini görməyi, yemək bişirməyi bacarırsınız?
– Yəqin ki, bunu bacarmayan xanım yoxdur. Hər birimiz ailəmizin rahatlığını düşünür, evimizdə müsbət ab-hava yaratmağa çalışırıq. Evlə bağlı işlər də məhz belə rahatlığı yaratmaq üçün vacibdir. Ancaq ev işləri, yemək bişirmək daxil eyni tipli gündəlik iş olduğu üçün çox da sevmirəm. Çünki  bütövlükdə gündəlik təkrarlanan eyni işlərdən tez yoruluram.
1509030869 gunel4
– Uğurlu bir xanım olmaq çətindir?
– Bilmirəm (gülür). Uğuru hər birimiz müxtəlif kriteriyalar əsasında təyin edirik. Əgər özümüz üçün qoyduğumuz hədəfləri, kriteriyaları yerinə yetirmişiksə, yəqin ki, müəyyən mənada uğur əldə etmiş oluruq. Uğurlu olmaq həm də öz üzərimizdə çalışmaq və hər dəfə kiçik də olsa qələbələr əldə etməkdir. Uğurlu olmaq dəyişmək və inkişafda olmaq deməkdir. Məncə, bu proses heç də asan deyil.
 
– Sizə görə uğurun sirri nədir?
– Yəqin ki, çətinliklərə “yox” deməyi bacarmaqdadır. Məqsədyönlü olmaq, hara getdiyini bilmək və çətinlikləri aşmaq lazımdır. Birinci maneəni görüb geri çəkilməmək lazımdır. Bir də istənilən bir işə müsbət emosiyalarla yanaşmaq lazımdır. Ən azı, bu, mənə çox kömək edir.