Azərbaycan son ildə siqaret istehsalını artırmaqla idxaldakı xərc yükünü azaltmaqla yanaşı, hətta ondan həm də irihəcmli valyuta əldə etməyə başlayıb. Gürcülərin Azərbaycan siqaretinə marağı ixracın həcmindəki artıma güclü dəstək verib.
Banker.az xəbər verir ki, Azərbaycan ümumilikdə xaricə bu ilin ilk on ayında təqribən 88 mln. qutu (1.762 mlrd. ədəd) siqaret satıb. Siqaret qutuları ümumiyyətlə hər qutuda 20 ədəd siqaret olmaqla hesablanır.
Bunun da keçən il 31 mln. ədəd olduğunu nəzərə alsaq, illik müqayisədə siqaretin ixrac həcmi 3 dəfəyə yaxın artmış olub.
Ölkəyə siqaretin ixracı səbəbindən 27.79 milyon ABŞ dolları dəyərində valyuta daxil olub.
2019-cu ilə qədər ixrac-idxal balansında bu məhsul üzrə mənfi saldo mövcud idi və daxildə istehsalın artması ilə müsbət saldoya çevrilib.
Azərbaycanda siqaret istehsalının həcmi ilbəil artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk 10 ayında ölkədə tütün istehsalı 3 dəfə artaraq 4.03 min tona çatdığı halda, siqaret hazır şəkildə 8 faiz artımla 13.38 mlrd. ədədi keçib. Ölkənin əsas siqaret istehsalçısı isə “Tabaterra” QSC-dir.
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin cari ilin yayında bildirdiyinə görə, keçən il Azərbaycanda siqaret istehlakının 98%-i 7 yerli istehsal müəssisəsi vasitəsilə təmin edilib.
2024-cü ilin yanvar-oktyab aylarında Azərbaycan siqaretinin ən iri müştərisi Gürcüstandır. Qonşu ölkə on aya ölkəmizdən 74 milyon qutu siqaret (25.38 mln. dollar) almaqla ixracın 84 faizinə pay çıxıb. İxracın həcmi illik müqayisədə 25 dəfə artımdır.
Azərbaycanın daxili istehsalla bərabər, ixrac potensialı hələ də bu məhsul üzrə yüksək olaraq qalır. Gürcüstanın siqaret bazarında əsas təchizatçılar Türkiyə, Özbəkistan və Ermənistandır. 2023-cü ildə Gürcüstan ümumilikdə 104.18 mln. dollarlıq siqaret idxal edib. Bunun 55.88 mln. dolları Türkiyənin, 11.17 mln. dolları Özbəkistanın, 8.99 mln dolları Ermənistanın, qalan 8.07 mln. dolları isə Azərbaycanın payına düşmüşdü.