9 C
Baku
Friday, November 29, 2024

Gürcüstan 2028-ci ilin sonunadək Aİ-yə üzv olmaq üzrə danışıqlarından imtina edib

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmaq üzrə danışıqların başlanması ilə bağlı müzakirələri dayandırmaq qərarına gəlib. Bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

“Bu gün biz 2028-ci ilə qədər danışıqların başlanması məsələsini gündəmə gətirməmək qərarına gəldik. Biz həmçinin 2028-ci ilə qədər Avropa İttifaqının bütün büdcə qrantlarından imtina edirik”, – İrakli Kobaxidze əlavə edib.

Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan avropalı bürokratlara göstərməlidir ki, onunla “şantaj və təhqirlə deyil, ləyaqətlə” danışmaq lazımdır. Onun sözlərinə görə, Aİ danışıqların başlanması mövzusundan manipulyasiya vasitəsi kimi istifadə edərək Gürcüstanın reputasiyasına xələl gətirib. Ona görə də hakim partiyanın qəbul etdiyi qərar bu zərərin qarşısını alacaq.

Baş nazir qeyd edib ki, Gürcüstan 2028-ci ilin sonuna kimi Aİ ilə danışıqlara başlamağa və 2030-cu ildə birliyə qoşulmağa hazır olacaq. Onun sözlərinə görə, ölkə assosiativ üzvlük və azad ticarət haqqında saziş üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək və 2028-ci ilə qədər onları 90% yerinə yetirəcək.

Aİ və ABŞ-nin Gürcüstanla münasibəti bu ilin may ayında parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra xeyli pisləşməyə başlayıb. Kobaxidze dəfələrlə Qərb tərəfdaşlarını bu qanunu müzakirə etməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər