Borjomi mineral suyunu qablaşdıran “IDS Borjomi International” şirkəti 1104 (7.73%) səhmini Gürcüstan hökumətinə bağışlayacaq. Bu barədə “IDS Borjomi International” şirkətinə məxsus “IDS Borjomi Georgia” şirkətinin bəyanatında deyilir.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müqavilənin əsas məqamları:
– Səhmlərin 7,73%-i təhvil verildikdən sonra Gürcüstan hökuməti digər səhmdarlarla birlikdə “Borjomi”nin nəzarət paketinin sahibi olacaq;
– IDS Borjomi-nin Direktorlar Şurasında nəzarət edən Rusiya səhmdarının təmsilçiliyi səkkiz üzvdən iki üzvə endiriləcək;
– IDS BORJOMI International-ın Direktorlar Şurasının sədri Gürcüstan hökumətinin nümayəndəsi olacaq.
Bundan əvvəl “Borjomi”nin sahibi olan Rusiya şirkəti səhmlərin nəzarət paketini Gürcüstan hökumətinə təmənnasız ötürməyə hazır olduğunu bildirmişdi. Daha sonra ölkənin baş naziri İrakli Qaribaşvili bildirib ki, danışıqlar demək olar ki, başa çatıb və dövlət 100 milyon dollarlıq paya sahib olacaq.