27 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan ciddi enerji çatışmazlığı ilə üzləşə bilər

2022-ci ildə Gürcüstanda 14.8 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib ki, bu da 2021-ci illə müqayisədə 3.8 % çoxdur.

Bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun (ESCO) məlumatında deyilir.

Ötən il Gürcüstanda 14.2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12.7% çoxdur.

İstehsal olunan enerjinin böyük hissəsi – 10.8 milyard kilovat-saat su elektrik stansiyalarının payına düşüb, 3.4 milyard kilovat-saat istilik elektrik stansiyaları tərəfindən, “Kartli” külək elektrik stansiyası tərəfindən isə 87.49 milyon kilovat-saat istehsal edilib.

İstehlak istehsaldan artıq olduğundan, Gürcüstan qonşularından elektrik enerjisi satın almalı olub. İdxal 1.5 milyard kilovat-saat təşkil edib.

ESCO-nun səhifəsindəki məlumata əsasən, 2022-ci ildə Gürcüstan Rusiyadan təqribən 1.3 milyard kilovat-saat, Azərbaycandan isə 129.5 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə ixrac 971.02 milyon kilovat-saat təşkil edib.

Gürcüstanda elektrik enerjisi istehlakı ildən-ilə artmaqdadır. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ildə ölkə ciddi enerji çatışmazlığı ilə üzləşə bilər, belə ki, bu vaxta qədər elektrik enerjisi istehlakı təxminən 70% artaraq 22 milyard kilovat saata çatacaq.

Qonşu ölkələrdən enerji asılılığını azaltmaq üçün hakimiyyət yerli səviyyədə bərpa olunan enerji resurslarından maksimum istifadə etməyə çalışır.

ESCO-nun məlumatlarına əsasən, 2021-ci ildə Gürcüstanda 14.3 milyard kilovat-saat elektrik enerjisi istehlak olunub ki, bu da 2020-ci illə müqayisədə 13% çoxdur. İstehsal olunan enerji isə 12.6 milyard kilovat-saat təşkil edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər