9 C
Baku
Sunday, November 17, 2024

Gürcüstan hakimiyyəti pat vəziyyətində: Saakaşvilinin qayıdışı nəyi dəyişəcək? (ŞƏRH)

Politoloq Şahin Cəfərli Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ölkəsinə qayıdışı və bu hadisənin mümkün siyasi nəticələrini şərh edib.

Keçmiş prezidentin əvvəlcə Batumidə peyda olması, oradan rahatlıqla Tiflisə gedib çıxması Gürcüstan güc strukturlarının 9 illik İvanişvili hakimiyyətinə loyallığı ilə bağlı şübhələrə əsas verir. “Saakaşvili Gürcüstanda deyil, belə bir adam ölkə ərazisinə daxil olmayıb” deyən daxili işlər naziri və DTX rəhbəri, “Saakaşvili Truskavetsdə – Rixos otelində istirahət edir, onun növbəti şousu iflasa uğradı və siyasi ömrü bitdi” deyən hakim partiya nümayəndələri rəzil oldular. Çox güclü görünən və ya görünmək istəyən İvanişvili yarımavtoritar rejiminin “qala divarları”nda yekə bir “dəlik” açıldı.

Əslində son aylarda rejimin zəifləmə və çözülmə mərhələsinə qədəm qoymasının əlamətləri görünürdü. Bu baxımdan sentyabrın 13-də məxfi materialların internetə sızması ilə başlayan qalmaqalın üzərində ayrıca dayanmağa ehtiyac var.

Həmin gün Gürcüstan təhlükəsizlik strukturlarında çalışmış şəxs(lər) “Həkim Paşa” ləqəbi ilə 3 minə yaxın fayl yaydı(lar.) Bu fayllar DTX-nın son illərdəki izləmə və dinləmə fəaliyyətlərini əks etdirir. Gürcü cəmiyyətində ənənəvi olaraq nüfuzu və mövqeləri çox güclü olan kilsə haqqında ifşalar xüsusilə önəmlidir. Məlum oldu ki, bəzi din adamlarının adı ən müxtəlif cinayətlərə, o cümlədən qanunsuz biznes, narkomaniya, rüşvət, casusluq əməllərinə qarışıb. Bəzilərinin isə Rusiya ilə əlaqələri ifşa olundu. Yəqin heç kim üçün gözlənilməz deyil ki, Gürcüstan patriarxı II İlya sövet dövründə KQB agenti olub, yeni detal sadəcə, onun təxəllüsünün məlum olmasıdır – “İveriyalı.” Axaltsixe mitropoliti Nikolay (Paçuaşvili) isə II İlyanın keçirdiyi görüşlər, Gürcüstanın siyasi qüvvələri, eləcə də Luqar laboratoriyası ilə bağlı Danilov soyadlı rusiyalıya məlumat ötürürmüş və bunun müqabilində 30 min dollar pul alıbmış. Başqa bir fakt budur ki, Patriarxlığın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, protoierey Andriy Caqmaidze uşaqlarına Rusiya vətəndaşlığı almağa çalışırmış.

Ən maraqlı detal isə din xadimlərinin seksual həyatı ilə bağlıdır. “Müqəddəs ata”ların rahibələrlə münasibətləri, pedofiliya, insest… Nə axtarsanız, var. DTX-nın səfirlikləri, xüsusən ABŞ, Avropa Birliyi və İsrail səfirlərini dinlədiyi də üzə çıxıb. “DTX xərçəng hüceyrəsi, mən isə metastazam. Son illər çalışdığım işdən daha qorxunc bir iş ola bilməz. Biz hər kəsi dinləyirik, hər kəs haqqında məlumat toplayırıq, kompromatlardan və sizin zəifliklərinizdən istifadə edirik, şayiələr yayırıq, reputasiyanızı korlayırıq – biz Şərin köməyi ilə sizi idarə edirik… İnşallah, cəmiyyət oyanar və bu sistemi dağıdar”, – deyə “Həkim Paşa” yazıb.

Bu qalmaqalın son sorğulara görə ölkədə ən güvənilən institut olan kilsənin və hakim partiyanın nüfuzuna necə təsir etdiyini və edəcəyini hələlik söyləmək çətindir. Amma yada salmaq yerinə düşər ki, “Gürcü Arzusu”nu hakimiyyətə gətirən 2012-ci il seçkilərindən öncə Qldani həbsxanasında məhbuslara ağır işgəncələr verilməsi barədə videoların yayılması xalq arasında qəzəblə qarşılanmış və Saakaşvili hökumətinin məğlubiyyətində rol oynamışdı.

Bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçki keçirilir. Müxalifət ötən ilin payızında keçirilən parlament seçkilərindən sonra qanunverici orqanı boykot etmişdi və Avropa Birliyinin, şəxsən AB prezidenti Şarl Mişelin vasitəçiliyi ilə uzun sürən danışıqlardan sonra bu ilin aprelində iqtidar və müxalifət arasında anlaşma imzalanmışdı. Hakim partiya məhkəmə-hüquq sistemində, MSK-da islahat aparmağa, eləcə də yerli özünüidarəetmə orqanlarına seçkilərdə 43%-dən az səs alarsa, 2022-ci ildə erkən seçkilərə getməyə, müxalifət isə öz növbəsində parlamentin işində iştiraka razlaşmışdı. Əslində bu anlaşma bir növ, “Gürcü Arzusu”nun hakimiyyətdən tədricən, dinc yolla uzaqlaşdırılmasının yol xəritəsi idi, təbii ki, onlar da bunu anladıqlarından, iyulun sonunda anlaşmadan çıxdılar. Bu, AB-nin nüfuzuna ciddi zərbə idi: AB kiçik və zəif, üstəlik, onun dəstəyindən asılı olan Gürcüstanın hökumətinə də sözünü dinlədə bilmirsə, onda qlobal gücə çevrilməkdən, ABŞ-ın asılılığından çıxıb, öz ordusunu yaratmaqdan dəm vuran bu birliyi kim ciddiyə alar?

Yadınızdadırsa, həmin vaxt yazmışdım ki, AB-nin İvanişviliyə cavabı nə olacaq, ümumiyyətlə, olacaqmı, maraqla gözləyirəm. İndi düşünürəm ki, ola bilsin, Saakaşvilinin Gürcüstana dönüş qərarı verməsində Avropa çevrələrindən aldığı müəyyən siqnal da rol oynayıb. Dinləmə skandalı ilə bağlı ötən həftə Gürcüstanın AB-dəki səfiri Avropa Komissiyası tərəfindən çağırılaraq ona rəsmi etiraz bildirilib. Prezident Salome Zurabişvilinin son günlərdəki davranışları da diqqətəlayiqdir. Məlum olduğu kimi, bu xanım Fransada doğulub-böyüyüb və 30 il bu ölkənin diplomatik xidmətində çalışıb. Zurabişvili 26-28 sentyabr tarixlərində Fransada səfərdə oldu və prezident Makronla görüşdü. Səfərdən bir gün əvvəl “le Journal du dimanche”da onun müsahibəsi yayınlandı və Zurabişvili orada Gürcüstanda koalisiya hökuməti qurulmasının zəruri olduğunu bildirdi. Başqa sözlə desək, prezident faktiki olaraq, “Gürcü Arzusu”nun təkhakimiyyətliliyinə son qoyulmasına tərəfdar olduğunu söyləmiş oldu. Bundan başqa, o, hökumətin AB-nin 75 milyon dollarlıq maliyyə yardımından imtinasını tənqid etdi. Salome Zurabişvili şübhəsiz ki, İvanişvilinin protejesi olaraq prezident seçilib, amma dəvədən böyük fil var. Fransa daha qüdrətli himayəçidir və Parisin mövqeyi xanım Zurabişvili üçün daha önəmli və həlledicidir.

Saakaşvilinin vətənə dönüşü şübhəsiz ki, onun tərəfdarlarını ruhlandırıb və seçkidə aktiv iştiraka səfərbər edib. Müxalifət bu seçkilərə referendum kimi baxır və “Gürcü Arzusu” Şarl Mişel anlaşmalarından çıxsa belə, 43%-dən az səs alacağı təqdirdə, müxalifət onu erkən seçkiyə məcbur etməyə çalışacaq. “Gürcü Arzusu” hələ də ölkənin birinci partiyasıdır, amma 43%-dən çox səs toplaya biləcəyi şübhə doğurur. Ötən il olduğu kimi, nəticələrə müəyyən qədər “əl gəzdirməyə” ehtiyac ola bilər, belə olan təqdirdə, müxalifətin kütləvi etirazları və erkən seçki tələbi tam legitimləşmiş olacaq və güman ki, Qərb tərəfindən də dəstəklənəcək.

Bu gün Gürcüstanın ən böyük problemi, daha öncə də yazdığım kimi, ölkə siyasətinin İvanişvili-Saakaşvili düşmənçiliyi zəminində kəskin qütbləşməsidir. İvanişvli və partiyasının təxminən 40%, Saakaşvili və partiyasının isə təxminən 30%-lik dəstəyi var. Tərəflər bir-birini ən ağır ifadələrlə tənqid və təhqir edir, vətən xaini epiteti ilə damğalayır. Hətta bir neçə gün əvvəl AB-nin Tiflisdəki ofisi qarşısında “Vahid Milli Hərəkat”ın və “Gürcü Arzusu”nun liderləri Nika Meliya ilə İrakli Kobaxidze arasında az qala əlbəyaxa dava düşəcəkdi. “Gürcü Arzusu”nun 2 gənc və qəzəbli lideri – Kobaxidze və Qaribaşvili seçkidən sonra “xalq düşmənləri”nə divan tutulacağından danışırlar.

Bu durum sağlam siyasi rəqabətə meydan buraxmır və toplumu radikallaşdırır. Gürcüstanın digər siyasi qüvvələri və Qərb çevrələri yaranmış vəziyyətdən ciddi narahatdır. Onlar hakimiyyətin dəyişməsini istəsələr də, Saakaşvilinin revanşı ehtimalından da çəkinirlər. Pat situsiyasi yaranıb…

Son xəbərlər
Digər xəbərlər