5 C
Baku
Friday, March 29, 2024

Gürcüstan hökumətində yeni təyinatlar oldu

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri olunub. Bir neçə nazirlik başqa nazirliklərə birləşdirilib.

Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkədə həyata keçirilən islahatlarla əlaqədar noyabrın 13-də keçirdiyi brifinqdə deyib.

Baş nazir bildirib ki, Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdirilir. Ölkənin təbii ehtiyatlarının idarə olunması da bu nazirliyə həvalə olunacaq.

İqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Dmitri Kumsişvili təyin olunur və o, Baş nazirin birinci müavini statusunu saxlamaqla iqtisadi komandaya rəhbərlik edəcək.

Ətraf Mühitin Mühafizəsi Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilir və Levan Davitaşvili bu nazirliyə rəhbərlik edəcək.

Baş nazirin sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliklərinin birləşdirilməsi təcrübəsi İspaniya, Avstriya, Niderland kimi ölkələrdə mövcuddur. Bu birlik hər iki istiqamətdə inkişafı təmin edəcək.

Bu arada D.Kumsişvilidən sonra boş qalmış maliyyə naziri vəzifəsinə isə Gürcüstan Dəmir Yolları SC-nin sədri Mamuka Baxtadze təyin olunur.

İdman və Gənclər Nazirliyi ləğv olunur, onun gənclərlə bağlı funksiyalarını Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Bu nazirliyə Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təyin olunub.

Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək. Baş nazir onun bu vəzifənin öhdəsindən gələcəyinə inandığını bildirib.

Sabiq daxili işlər naziri Qeorqi Mqebrişvili isə Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəhbəri olacaq. Bu struktur birbaşa Baş nazirə tabe olacaq.

Avropa və Avroatlantik strukturla İnteqrasiya məsələləri üzrə Dövlət Nazirliyi isə Xarici İşlər Nazirliyinin tərkibinə keçir. Bu qurumda nazir vəzifəsini hazırki nazir Mixeil Canalidze icra edəcək.

Baş nazir bildirib ki, Gənclər və İdman Nazirliyinin ləğvindən sonra idman məsələlərini ölkənin Mədəniyyət Nazirliyi həyata keçirəcək. Mixail Qeorqadze mədəniyyət naziri vəzifəsində qalacaq.

Hökumətdəki kadr və struktur dəyişiklikləri ilə bağlı layihə bu həftə parlamentə təqdim olunacaq.

Baş nazir Giorgi Kvirikaşvili onu da bildirib ki, islahatlar prokurorluq və digər hüquq mühafizə orqanlarında da aparılacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər