Gürcüstan iqtisadiyyatı cari ilin 7 ayı ərzində (yanvar-iyul) 10.3 faiz artıb.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, Ukraynada gedən proseslər Gürcüstana da təsirsiz ötüşməyib. Bunun müqabilində 10 faizdən çox iqtisadi artıma nail olmaq böyük gücün və aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.
Hökumət başçısı bildirib ki, cari ilin yanvar-iyul ayları ərzində xarici ticarətdə ixracın həcmi 40 faiz artıb. Ölkəyə xaricdən pul köçürmələrinin həcmi isə 46.8 faiz artaraq 300 milyon dolları keçib.
“Biznes sektorda dövriyyə 25 faiz artıb” – deyə, İ.Qaribaşvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti də ölkədəki iqtisadi artım göstəricilərini açıqlayıb.
Bildirilir ki, 2022-ci ilin iyul ayında ümumi daxili məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.7 faiz, 2022-ci ilin 7 ayı üzrə orta göstərici isə 10.3 faiz müəyyən edilib.