15 C
Baku
Friday, March 29, 2024

Gürcüstan parlamentinin 40 yaşlı spikeri istefa verdi [yenilənib]

Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.

Spiker İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.

Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.

Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, yüzlərlə insan xəsarət alıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusa, parlamentin sədri İrakli Kobaxidze isə Azərbaycana rəsmi səfərlərini yarımçıq dayandıraraq iyunun 21-də Tbilisiyə qaydıblar.

İ.Kobaxidze Bakıdan ölkəsinə qayıtdıqdan sonra parlamentin sədri vəzifəsindən istefa verib.

 


SAAT 15:46

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

Bunu “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib.

Qeyd edək ki, ötən gün Tbilisidə spikerin istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze nümayəndə heyəti ilə birgə ötən gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasını tərk edərək təcili geri qayıdıb.

Bu gün QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin və nümayəndə heyətinin Bakıdan Tbilisiyə qayıtmasının ölkədəki gözlənilməz hadisələrlə əlaqədar olduğunu bildirib.

Xatırladaq ki, bu gün İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq dayandırıb vətəninə qayıdıb. Bu günə Azərbaycanda planlaşdırılan görüşləri ləğv olunub.

Son xəbərlər
Digər xəbərlər