Parlamentin Prosessual Məsələlər və Reqlament Komitəsi Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment prosedurunun başlanması üçün tələb olunan əksər deputatların imzalarının həqiqiliyini təsdiqləyib.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası dövlət başçısı hökumətin icazəsi olmadan avqustun 31-də xaricə səfərə yollandıqdan sonra ona qarşı impiçment prosesinin başlandığını elan edib. Partiyadan qeyd edilib ki, Zurabişvili “radikal müxalifət”lə birgə fəaliyyət göstərir və Gürcüstanın Avropaya inteqrasiyasına mane olur.
Ümumilikdə parlament çoxluğundan 80 deputatın imzası toplanıb. Onların həqiqiliyi təsdiqlənib və artıq iddia Konstitusiya Məhkəməsinə göndəriləcək.
Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozduğunu təsdiqləsə, 10 gün ərzində parlament məhkəmənin rəyinə baxmağa başlayacaq. Daha sonra 30 gün ərzində məsələnin səsverməyə çıxarılması barədə qərar qəbul edilməlidir.
Qeyd edək ki, müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək. Belə ki, bunun üçün ən azı 100 səs lazımdır. Çoxluğun isə hazırda cəmi 83 mandatı var.