Gürcüstan “Transxəzər Şərq-Qərb” dəhlizi üzrə Azərbaycan, Türkiyə və Qazaxıstanın imzaladığı qətnaməyə qoşulub.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Sənəddə nəqliyyat dəhlizlərinin inkişafının və tranzit potensialının artırılması, tərəflərin dəhlizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Qətnamədə həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa və Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində mühüm rolu və xəttin ötürücülük qabiliyyətinin artırılması üçün tikinti işlərinin başa çatdırılmasının önəmi də vurğulanıb.
Sənəddə bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətini artırmaq üçün infrastruktura investisiyalara əhəmiyyətli ehtiyacın olduğu da qeyd edilib.