Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarına əsasən, Türkiyədə zəlzələdən zərər çəkmiş əhaliyə humanitar yardımın alınması məqsədilə bir milyon lari (637 min manat) ayrılıb.
Ayrılan vəsaitin təbii fəlakətdən zərər çəkənlər üçün dərman, ərzaq, geyim, tibbi avadanlıq və digər zəruri malların alınmasına, həmçinin Türkiyə Respublikasına daşınmasına yönəldiləcəyi bildirilib.
Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay isə bildirib ki, bu gün Gürcüstandan Türkiyəyə 5 TIR humanitar yardım yola salınacaq. Səfir qeyd edib ki, hazırda Türkiyənin Adıyaman vilayətində 100 gürcü xilasedici fəaliyyət göstərir.
Qeyd edək ki, bir neçə gündür ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı regionlarda da yardım kampaniyalarına start verilib. Ayrı-ayrı icma təşkilatları və şəxslərin təşəbbüsü ilə toplanmış humanitar yardımlar Türkiyənin Gürcüstandakı səfirliyi və müxtəlif xeyriyyə təşkilatları vasitəsilə Türkiyəyə yola salınır.