Yaxın gələcəkdə Gürcüstan Avropa ödəniş sisteminin SEPA (Single Euro Payment Area) bir hissəsi olacaq. Bu barədə dünən, avqustun 29-da hökumətin iclasında hakim partiyanı təmsil edən baş nazir İrakli Qaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan SEPA-ya qoşulduqdan sonra ölkə vətəndaşları Avropa İttifaqında ödənişlər və köçürmələr etmək üçün müxbir və ya vasitəçi bankların xidmətlərindən istifadə etməli olmayacaq.
Banker.az bu barədə Kommersant”a istinadən xəbər verir.
İrakli Qaribaşvili xatırladıb ki, Aİ-yə üzv olan 27 ölkə, həmçinin Böyük Britaniya, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn SEPO ödənişləri sisteminin üzvüdür.
Gürcüstan və Aİ arasında 2014-cü ildə imzalanmış saziş, eləcə də onu müşayiət edən hərtərəfli azad ticarət zonası müqaviləsi, Gürcüstanın SEPA-ya qoşulmaq öhdəliyini deyil, mümkünlüyünü nəzərdə tutur.
Tbilisi hesab edir ki, Brüsselin Gürcüstanın bu sistemə qəbul edilməsinə razılıq verməsi Qafqaz ölkəsi üçün Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi bütün maliyyə sanksiyalarına ciddi əməl etmək üçün həvəsləndirmə formasıdır.