Gürcüstanda elektrik maşınlar istehsal edəcək zavod inşa olunacaq.
Banker.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze “Yaşıl iqtisadiyyat – Ekonəqliyyat” adlı fəaliyyət planının təqdimatı zamanı deyib.
O bildirib ki, zavodun inşası ilə bağlı iki çox məşhur brendlə danışıqlar aparılır: “Gürcüstan hökuməti növbəti 10 il ərzində avtoparkın 90 faizinin elektrik avtomobillərlə əvəzlənməsi ilə bağlı plan hazırlayıb. Bununla yanaşı, xüsusi lizinq sistemi də tətbiq olunacaq. Sistemə əsasən, istehlakçı avtomobili 5 illik müddətə yanacağa qənaət yolu ilə ala biləcək. Əlbəttə ki, bu, əhəmiyyətli üstünlüklər yaradacaq və Gürcüstanda kifayət qədər iri bazar olacaq”.
Tədbirdə çıxış edən Tbilisi meri Kaxa Kaladze isə bildirib ki, 2020-ci ildən başlayaraq paytaxta 200 ədəd 18 metrlik müasir standartlı elektrik avtobus gətiriləcək.
Merin sözlərinə görə, 2019-cu ildən sonra Tbilisidə bütün avtobuslar elektrikli olacaq və bu da şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından çox vacibdir.
Təqdimat mərasimində həmçinin qeyd olunub ki, Gürcüstan hökuməti Tbilisi meriyası ilə birgə yerüstü metronun inkişaf etdirilməsi üzrə plan hazırlayıb. Plana əsasən, 2019-cu ilin sonunda Samqori metrostansiyasını Lilo bazarı və hava limanı ilə birləşdirəcək yerüstü metro xəttinin inşasına başlanılacaq. 2021-ci ildən başlayaraq 2022-ci ilin sonuna qədər mərhələli şəkildə 7 yeni metrostansiya istifadəyə veriləcək və Samqori metrostansiyası tam yenilənəcək. Planın ikinci mərhələsində Tbilisi və Rustavi şəhərlərinin yerüstü metro xətti ilə birləşdirilməsi nəzərdə tutulub.