Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin hazırladığı qanun layihəsinə görə, bu ölkədə xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq. Mövcud qaydalara görə, tranzit nömrə üçün rüsum 50 laridən 370 lariyə qaldırılır. Bu isə indiki hesabla 32 manat əvəzinə 233 manat deməkdir.
Bundan əlavə, avtomobillərin ekspertiza aktının hazırlanması da 100 laridən 180 lariyə, yəni 63 manatdan 113 manata qaldırılır. Eyni zamanda ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə ödəniş 130 laridən 200 lariyə qaldırılır ki, bu da təxminən 126 manat olacaq.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Gürcüstan tərəfi bunu artan tələbin fonunda etməyi planlaşdırır.
ABŞ-dən gətirilən maşınların əksəriyyəti Poti limanı vasitəsilə bu prosedurlardan keçir və artım birbaşa alıcılara təsir edir. Belə olduğu halda Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətində də ciddi bahalaşma gözlənilir.








