26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda lombard və bank borclularının sayı durmadan artır

Gürcüstanda lombardlara və banklara borcu olan insanların sayı durmadan artır.

Report-un Gürcüstan bürosu ölkənin Milli Statistika Xidmətinə istinadən bildirir ki, 2017-ci ilin sonunda Gürcüstanda 609,4 min nəfər lombard borclusu qeydə alınıb.

Ötən il vətəndaşlar lombardlardan 405,8 milyon lari (təqribən 166,6 milyon dollar) kredit götürüb. Kreditlərin 64,7%-i milli valyutada, 35,3%-i isə xarici valyutada verilib.

Lombarda borcu olanların 99,4%-i fiziki şəxslərdir. Bunların da 76,1%-i paytaxt Tbilisidə yaşayanlardır. 2-ci yerdə Acariya (9,9%), 3-cü yerdə İmeretiya (4,8%), 4-cü yerdə isə Sameqrelo-Zemo Svanete (4,4%) bölgəsi gəlir. Lombardlara ən az borcu olan region isə əsasən azərbaycanlıların yaşadığı Kvemo Kartli bölgəsidir (2,8%).

Gürcüstan əhalisinin banklara borc da çoxdur. Bəzi ekspertlər əhalinin 80%-nin bank kreditləri ilə əhatə olunduğunu deyirlər. İqtisadi məsələlər üzrə mütəxəssis Mixail Dundua bildirib ki, bu göstərici ilə Gürcüstan dünyada 1-ci yerdədir və sözügedən nisbət Beynəlxalq Valyuta Fondunun hesabatında da qeyd olunub.

Gürcüstanda kredit bürosu kimi fəaliyyət göstərən İslandiyanın “Creditinfo” təşkilatının direktoru Sandro Qomiaşvili isə deyib ki, 2016-cı ildə banklara kreditlə bağlı 12,5 mln. müraciət olub. 2017-ci ildə isə müraciətlərin sayı 25 mln.-u ötüb. Kredit almaq istəyənlərin böyük əksəriyyəti hüquqi şəxslərdir.

Onun sözlərinə görə, 3,7 mln. əhalisi olan ölkə üçün bu, çox böyük göstəricidir. Son nəticədə ölkə əhalisinin 80%-nin krediti var. Bununla belə, kredit ödənişlərində ciddi problemlər yaşanmır.

Son xəbərlər
Digər xəbərlər