2023-cü ilin ilk iki ayında Gürcüstanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.
Bu barədə Gürcüstan Nazirlər Kabineti yanında Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, ötən ilin ilk iki ayında Aİ ölkələrinin Gürcüstanın ixracatında payı 20.9%, bu ilin eyni dövründə 12.6% olub. Gürcüstanın MDB ölkələrinə ixracı ümumi ixracın 58%-nə çatıb.
Məlumata görə, yanvar və fevral aylarında Gürcüstandan MDB ölkələrinə 532 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 202 milyon dollar çoxdur.
Qeyd olunur ki, Gürcüstan ixracının əsas məhsullarından biri olan şərabın Rusiya bazarından asılılığı daha da artıb, belə ki Rusiya Federasiyasının payı 2023-cü ilin ilk iki ayında 69,2%-ə yüksəlib.