26 C
Baku
Saturday, July 27, 2024

Hər bir qərarın iqtisadi və (ya) məntiqi əsaslandırılması olmalıdır – Ekspert gömrük tariflərinin 300$ endirilməsindən danışıb

Gömrük Komitəsinin Nazirlər Kabinetinə göndərdiyi və sonuncu tərəfindən NK 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” cəmiyyətdə ciddi rezonans doğurmaqda davam edir. Bununla bağlı bir çox iqtisadçıların və ekspertlərin rəyləri ilə də tanış olmuşuq.

Bu məsələ ilə bağlı iqtisadçı ekspert Fərhad Pərvizinin də fikirləri bizdə maraq doğurdu. Onun fikrincə – “Yeni qərara qarşı bir çox tanınmış iqtisadçıların arqumentlərini çox populist hesab edirəm. Onların çoxu fikirlərini  1000 və 300 dollar sözləri ətrafında qurublar. Bunların hər ikisi dəyərləndirici  rəqəmlərdir. Biri deyir min dollar yaxşıdı, digəri deyir 300 dollar çox azdır. Azdır, çoxdur məsələsi deyil. Heç birinin nə iqtisadi, nə də məntiqi əsası var. Nə vaxtsa min dollar qoyublar (o zaman 800 manat edirdi), indi də 300 dollar ediblər (500 manat). Mən hətta düşünürəm ki, ölkədə orta illik əməkhaqqı 6 min manat olarkən, illik poçt bağlamalarına 12 min dollarlıq güzəşt heç də kasıb və orta təbəqə üçün düşünülməmişdir, daha çox orta yüksək və ya «BiPişnik» təbəqəsi üçün faydalı olurdu. Mövzunu iki prizmadan müzakirə edək – maya dəyəri və bizdə olan əməliyyat xərcləri.

Azərbaycanın bazar həcmini nəzərə alaraq, bizdə heç zaman texnika və bir çox digər məhsullar ABŞ-dakı kimi ucuz olmayacaq. Bu obyektiv reallıqdır. Samsung və Sony ABŞ-a satdıqları TV-ləri bizim distribyutorlara heç zaman o qiymətə satmayacaq. Bütün bu məhsullar ABŞ-da istehsal olunduğu üçün (və ya azad ticarət müqaviləsi altında idxal olunduqları üçün), gömrük rüsumları da yoxdur. Onlarda ƏDV olmadığından, bu vergi də tətbiq edilmir. Heç də təəccüblü deyil ki, bizim distribyutorlar Samsungdan TV-ni alanda, 40% artıq yüksək maya dəyərindən başlayırlar.

Geyimlərə gələndə, Türkiyədəki qiymətlərlə bizim qiymətləri müqayisə etmək olmur. Həm gömrük/vergi siyasəti, həm də yerli istehsal və rəqabət inanılmaz üstünlük verir. Əlavə olaraq, icarə yerlərinin bahalığı, biznes mühitinin riskliliyi, biznesin qısa-müddətli düşünülməsi ona gətirib çıxarır ki, bu ölkədə net marja 30% olmasa, heç kim bizneslə məşğul olmaz. Paltar kimi aşağı dəyərli mallarda bu marja 50% də ola bilər.

Bu qərarda məni ən çox məyus edən o fakt odur ki, bizim gömrük hələ də köhnə fəlsəfəsindən əl çəkməyibdir. Əsas məqsəd daha çox pul yığmaqdırsa, insanlara əlavə prosesual əziyyətlərin verilməsinə davam edirlər. Tamam, deyək 300 dollar elədilər, poçtla mənə gəldi. Ay nə bilim bəyannamə doldur, bir yerdə yığ, agent/broker tap, onlara ödəniş et, anbarda saxlanc xərclərini qarşıla və s. Sizə pul lazımdırsa, mənim elektron kabinetimdə invoysu yerləşdir, ödəyim. Və ya poçtda/poçtalyonla bu 36 faizini götür, bununla məsələ həll olsun. Niyə lazım bütün bu artıq işgəncələr?

Bir məsələni də izah etməliyəm. Gömrük rüsumlarının əsas məqsədi ölkədə istehsalın açılması üçün stimul yaratmaqdır. Mən heç zaman gömrük rüsumlarının şablon düşünülməsinin tərəfdarı olmamışam, lakin Samsung gəlib Azərbaycanda TV-lər yığmayacaq, çox güman, rüsumlar sabah 100% belə olsa. Bəlkə hansısa Çin şirkəti bizdə gəlib nəsə yığa bilər və bu zaman ən azından 15%-ə qədər üstünlük əldə edəcəkdir (avtomobil və Acer notbuklarının yığılması kimi). Ancaq ən keyfiyyətli məhsulu burada ala bilməyəcəyik (Apple telefonlarını və ya Samsung televizorlarını). Və ölkə rəhbərliyi qarşısında duran ilk sual bu olmalıdır – mən öz vətəndaşlarım üçün ən yaxşısınımı istəyirəm, yoxsa aşağı keyfiyyətli yerli istehsal malını. Bu sualın cavabına uyğun da gömrük tarifləri tənzimlənir və ticarət sazişləri imzalanır.

ƏDV məsələsinə gəldikdə, bu da artıq daha çox fəlsəfi məsələdir, nəinki iqtisadi. ƏDV istehlak vergisidir və vergi məcburi olmalıdırsa, mən istehlak vergisini (proqressiv olduğu halda) daha ədalətli hesab edirəm, nəinki gəlir vergisini. ABŞ, Dubay bu baxımdan yaxşıdılar ki, birincisi, daha çox gəlirdən vergi yığır, ikincisi isə istehlakdan. Biz isə Avropa yolu ilə gedərək, həm gəlirdən, həm də istehlakdan vergi yığırıq. Qaldı Avropadakı kimi həyat tərzi keyfiyyətini almaq.”

Son xəbərlər
Digər xəbərlər