17 C
Baku
Monday, April 15, 2024

Hərbi əməliyyatlara görə Ukrayna iqtisadiyyatı nə qədər itirib?

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 43-cü günü gedir. Hərbi əməliyyatlar Şərqdən Qərbə, Şimaldan Cənuba kimi ölkənin bütün ərazisini əhatə edir. Hər nə qədər Rusiya tərəfi zərbələrin hədəfinin ancaq hərbi obyektlər olduğunu iddi etsə də reallıqda bunun tam əksini görürük. Körpülər, digər yol infrastrukturu, fabrik və zavodlar, kənd təsərrüfatı obyektləri, yaşayış massivləri və digər mülki infrastruktur raket zərbələrinə məruz qalır.

ÜDM-in yarıdan çoxunun formalaşmasında iştirak edən müəssisələr hərbi əməliyyatlar gedən ərazilərdə yerləşir. Ölkə ərazisində təhlükəsizlik səviyyəsinin aşağı düşməsi iqtisadi fəallığa və yük axınlarına mənfi təsir göstərir. Ukrayna qlobal ərzaq təminatında əhəmiyyətli paya malik ölkədir. Dünyanın ən iri taxıl istehsalçılarından biri olan Ukraynanın dünya bazarına taxıl tədarükü müharibədən əvvəlki aylıq 4-5 milyon tondan bir neçə min tona düşüb. Buna səbəb limanların fəaliyyətinin iflic olmasıdır. Belə ki, ənənəvi olaraq taxıl Qara dəniz limanlarından ixrac edilir. Rusiya hərbi gəmiləri isə Ukraynanın dünya bazarı üçün ərzaqla dolu 100-ə yaxın yük gəmisinin Aralıq dənizinə çıxışına imkan vermir. Ona görə ölkə Avropaya taxılı dəmir yolu ilə tədarük edir. Bu yolla isə “köhnə qitə”yə aylıq yalnız 600 min ton taxıl tədarük etmək mümkündür. Bu azmış kimi Ukrayna ümumiyyətlə bu il dünya bazarına taxıl tədarük etməmək niyyətindədir. Bu, taxıl əkinini təşkil etməyin mümkün olmaması və daxili ehtiyatların məhdud olması ilə əlaqələndirilir.

Ölkə ənənəvi olaraq daxili ehtiyaclara 12-15 milyon ton yönəldir. Qalan hissə isə xarici ölkələrə satılır. Ötən il Ukrayna 12,3 milyard ABŞ dollarlıq 50,8 milyon ton dənli bitkilər ixrac edib, o cümlədən buğda (20,1 milyon ton), qarğıdalı (24,7 milyon ton), arpa (5,7 milyon ton), çovdar (137 min ton). Bu ilin mart ayında Ukrayna 309 min ton buğda, 1,108 milyon ton qarğıdalı, 118 min ton günəbaxan yağı ixrac edib ki, bu da fevralla müqayisədə 4 dəfə azdır.

Nəzərə almaq lazımdır ki, günəbaxan yağının dünyada ən iri istehsalçısı və ixracatçısı məhz Ukraynadır. Ötən il ölkə günəbaxan yağı ixracından 6,4 milyard ABŞ dolları həcmində qazanc əldə edib.

Payına ölkənin ötənilki ixrac gəlirlərinin 1/5-i düşən metalurgiya ixracı kəskin azalıb. Bəzi ixrac mövqeləri üzrə isə dünya bazarına tədarük tamamilə dayandırılıb. Bu ilk növbədə metalurgiya obyektlərinin fiziki olaraq dağıdılması və istehsalın dayandırılması ilə bağlıdır. Ən iri metalurgiya müəssilərindən olan “Zaparojstal” 33 gün işləməyib. Bu, ikinici dünya müharibəsindən sonra ilk belə hal olub. Ukraynanın “Leninqrad”ı adlandırılan Mariupolda yerləşən “Azovstal” metalurgiya kombinatı darma dağın edilib.

Qara metal ixracı 2021-ci ildə Ukraynaya 13,9 milyard ABŞ dolları qazanc gətirib.

Mart ayının göstəriciləri ölkənin xarici ticarət fəallığının kəskin azalmasını göstərir. Hesabat ayında Ukrayna 2,7 milyard ABŞ dolları dəyərində 5,97 milyon ton məhsul ixrac edib. Fevralla müqayisədə xarici bazarlara tədarük iki dəfəyə kimi azalıb. Eyni zamanda mart ayı ərzində idxal üç dəfə azalaraq 1,8 milyard ABŞ dollarına düşüb.

İxrac gəlirlərinin azalması fonunda Ukrayna müharibənin bir ayına 10 milyard ABŞ dolları xərcləyir. Büdcənin gündəlik itkiləri 67,8 milyon ABŞ dolları, infrastrukturun – 4,25 milyard ABŞ dolları təşkil edir. Təkcə avtomobil inftrastrukturuna dəyən ziyan 30 milyard ABŞ dolları təşkil edir. Ölkənin hərbi əməliyyatlardan dolayı itkiləri toplam olaraq 1 trilyon ABŞ dolları həcmində qiymətləndirilir. Hərbi əməliyyatları nəticəsində əhalinin yarıdan çoxu işsiz qalıb. Bununla əlaqədar olaraq sosial xərclərin artırılması və dəstək proqramlarının işə salınması büdcə üçün əlavə təziqlər yaradıb. Martda bunu tam həcmdə etmək mümkün oldu. Lakin apreldə vəziyyət tam fərqli ola bilər. Birinci rübdə dövlət büdcəsinə 110 % icra edilib. Lakin İkinci rübdə müharibə ilə əlaqədar olaraq büdcənin yerinə yetirilməsində əhəmiyyətli axsamalar olacaq. Ona görə maydan ayrı-ayrı sosial xərclərin müvəqqəti dayandırılması nəzərdən keçirilir.

Rusiya əsas qüvvələrini Kiyev ətrafından çəkib və Şərqə doğru çəkilir. Görünən odur ki, Rusiya sarsılan hərbi gücünü yenidən təşkil edərək son bir həmlə üçün hazırlıq görür. Bu o anlama gəlir ki, müharibə hələ ən azı bir ay davam edəcək. Ona görə yaxın zamanda ağır sənayenin, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın funsionallığının bərpa edilməsi mümküm olmayacaq. Bunu nəzərə alan hökümət dövlət büdcəsinin doldurulmasının əlavə mənbələrinin axtarışındadır. Bu kontekstdə donor yardımları, Beynəxalq Valyuta Fondundan xüsusi borclanma hüququ və sair variantlar nəzərdən keçirir.

Ukraynaya müharibə dövrü ərzində beynəlxalq donorlar tərəfindən 20 milyard ABŞ dolları dəyərində yardım ayrılıb. Onun bir hissəsini ölkə artıq əldə edib. Paralel olaraq Ukrayna milli valyutada hərbi istiqrazların burahılışından fevral-mart aylarında 47,7 milyard qrivna cəlb edib. Ukrayna tərəfi müharibənin nəticələrinin aradan qaldırılmasına Rusiyanın dondurulmuş aktivlərini cəlb etməyi də planlaşdırır. Belə ki, bu məqsədlə yaradılmış fondun hesablarına Rusiya Bankının (Mərkəzi Bank) və prezident Vladimir Putunin yaxın çevrəsinin sanksiyalar nəticəsində dondurulan hesablarından 400 milyard ABŞ dolları yönəldilə bilər. Bu gün dünyanın aparıcı ölkələrinin mütləq əksəriyyətinin Ukraynaya göstərdikləri hərtərəfli iqtisadi dəstəyi nəzərə alsaq, ölkənin yarana biləcək çətinlikləri dəf etmək iqtidarında olacağını ehtimal etmək olar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər