3 C
Baku
Thursday, February 29, 2024

Hərbi xidmətə çağırılan işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab necə hesablanmalıdır?

Əmək Mə­cəl­ləsi­nin 74-cü mad­də­si­nə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verilən hallardan biri kimi işçinin hərbi və ya alternativ xidmətə çağırıldığı göstərilib. Çün­ki fər­din hər­bi xid­mə­tə çağırılma­sı əmək mü­qa­vi­lə­si­nin tə­rəf­lə­ri olan iş­çi və işə­gö­tü­rə­nin ira­də və istəyindən ası­lı hal de­yil.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bəs işçinin hərbi xidmətə çağırılması əsası ilə əmək müqaviləsinə xitam verildiyi zaman son haqq-hesab necə hesablanmalıdır? “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov nümunə əsasında aydınlıq gətirir.

Misal: İsa (ad şərtidir) 28.03.2022-ci il tarixdən mütəxəssis vəzifəsində çalışır. O, işə qəbul olduğu tarixdən cari tarixə qədər 700 manat əməkhaqqı alıb. İsa işlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən ona çağırış vərəqəsi daxil olub və onun əmək müqaviləsinə 10.04.2023-cü il tarixdən hərbi xidmətə çağırılması əsası ilə xitam verilib. Əmək müqaviləsinə xitam verildiyi tarixə İsaya ödənilməli son haqq-hesabın məbləğini hesablayaq.

– Öncə son haqq-hesab olaraq nələrin ödəniləcəyini müəyyənləşdirək:

– İşlənmiş iş günləri üçün əməkhaqqı;

– İsitfadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası;

– Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq işdənçıxarma müavinəti.

İşlənmiş iş günləri üçün əməkhaqqının hesablanması:

İstehsalat təqviminə əsasən aprel ayı üçün aylıq iş vaxtı norması 143 saatdır. İşçi aprel ayında 6 iş günü (48 saat) çalışıb. Onun son iş günü 10 aprel tarixidir.

700 : 143 = 4,90 manat;

4,90 x 48 = 235,2 manat.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması:

Misaldan göründüyü kimi, işçi işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan istifadə etməyib. Onun iş ili 28.03.2022 – 28.03.2023-cü il tarixləridir və iş ili üçün onun 30 təqvim günü məzuniyyət hüququ vardır. Əlavə olaraq növbəti iş ilindən 13 təqvim günü işlədiyi üçün ona 1 gün ((30:365)x13 gün) məzuniyyət günü düşür. Ümumilikdə onun 31 təqvim günü istifadə edilməmiş məzuniyyət günü olacaq. Orta aylıq əməkhaqqı məbləğinin 700 manat olduğunu nəzərə alaraq, istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyasını hesablayaq:

(700 : 30,4 ) x 31 = 713.82 manat.

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci maddəsinə əsasən, əmək müqaviləsinə həmin Məcəllənin 74-cü maddəsinin birinci hissəsinin “a” bəndi (işçinin hərbi xidmətə çağırılması) ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

Orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulduğu kimi olacaq. Yəni, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir:

1400 : 37 = 37,84 manat.

1400 manat – fevral və mart aylarındakı əməkhaqqı məbləği (ödənişdən əvvəlki iki təqvim ayının gəliri).

37 iş günü fevral və mart aylarındakı iş günlərinin cəmi.

Əmək müqaviləsinə xitam verildiyi tarixdə saxlanılan iş günləri olmadığı üçün alınmış rəqəmi istehsalat təqviminə əsasən 2023-cü ilin orta aylıq iş günlərinin sayına vurmaq tövsiyə edilir. Yəni:

37,84 manat x 20 gün = 756.8 manat;

756,8 x 2 = 1513,6 manat.

Yuxarıdakı nümunəyə uyğun olaraq, işçiyə son haqq-hesab olaraq 235,2 manat işlənmiş iş günləri üçün əməkhaqqı, 713,82 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, 1.513,6 manat isə işdənçıxarma müavinəti ödəniləcək:

235,2+ 713,82 + 1.513,6 = 2462,62 manat.

Deməli, nümunəyə əsasən, hərbi xidmətə çağırılan işçiyə ümumilikdə 2.462,62 manat ödəniləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktiki məsələlər toplusu” kitabı

Son xəbərlər
Digər xəbərlər