9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Hərraclarda satılan valyutanın həcmi niyə azalıb? – Ekspertlərin şərhi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyul ayı ərzində satılan dolların həcmini açıqlayıb. ARDNF-dən verilən məlumata görə, ötən ay ərzində 253,2 milyon dollar məbləğində vəsait satılıb.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2017-ci ilin iyun ayı ərzində 373,2 milyon, may ayı ərzində isə 300,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, iyulda iyun ayı ilə müqayisədə ARDNF tərəfindən satılan valyutanın həcmi azalıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında deyib ki, ARDNF valyuta bazarında əsas valyuta təklifçisidir, amma hansı ayda nə qədər valyuta təklif edəcəyi ilə bağlı bir öhdəlik daşımır: “Əvvəlki dövrlərdə hərracın nəticələri birbaşa olaraq açıqlanırdı və nəticələrdə məlum olurdu ki, bazara nə qədər valyuta təklif olunub, nə qədər alınıb və tələb nə qədər olub”.

Ekspertin sözlərinə görə, satılan valyutanın həcminin azalmasının səbəbləri müxtəlif ola bilər: “ARDNF o zaman valyutanı bazara çıxardır ki, onun dövlət büdcəsi qarşısında öhdəliyini yerinə yetirməsi üçün manat lazımdır. Yəni, valyutanı çıxardır, onu manata çevirir və büdcə qarşısında öhdəliyini yerinə yetirir və yaxud da digər xərc istiqamətlərinə yönəldir. ARDNF-in 8-ə yaxın xərc istiqaməti var. Məsələn, xərc məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlir. Bu xərclər də manat ilə olur. Belə bir təqdirdə Neft Fonduna lazım olan manatı bazardan çəkir. Bu məqsədlə bazara valyuta təklif edir. Yəni, ola bilsin manat likvidliyinin artıq olması, yaxud öhdəliyin az olması həmin ayda bazara çıxarılan ümumi valyutanın həcminə təsirini göstərir”.

Gözlənilən volatilik yoxdur

Onun sözlərinə görə, digər faktor kimi bazardakı tələbatı nəzərə almaq lazımdır: “Çünki ola bilsin ki, valyuta bazarlarında xüsusilə də son aylarda manatın məzənnəsindəki sabitlik artıq valyutaya qarşı tələbi aşağı salıb. Bankların da manatla ciddi likvidliyi yoxdur, yəni, böyük həcmli manat aktivləri yoxdur. O baxımdan da banklar əvvəlki dövrlərdə hərraclarda daha aktiv iştirak edirdi. Ona görə ki, çox qısa müddət ərzində volatilik yüksək idi və ciddi gəlir əldə edə bilirdi. Aşağı qiymətə aldığı valyutanı bir neçə gün sonra daha yüksək qiymətə sataraq gəlir götürə bilirdi və tələb var idi. Həmin dövrdə xarici valyutanın mübadiləsi ilə bağlı marja da yüksək idi. Amma hazırda bu marja aşağı düşüb və gözlənilən volatilik yoxdur”.

İqtisadçının fikrincə, belə bir təqdirdə banklar öz vəsaitlərini daha çox Mərkəzi Bankın depozitlərinə yerləşdirməsinə üstünlük verirlər: “Daha doğrusu, vəsaitlərini manat depozitləri üzrə yerləşdirirlər və burada faiz, likvidlik ehtimalı yüksəkdir. Ona görə də bu gün faktiki olaraq hərraclarda böyük ehtimal ilə bankların ortaya qoyduğu tələbin ümumi həcmi azdır. Ola bilsin, Neft Fondu ötən aya bərabər valyutanı bazarlara təklif edib amma sata bildiyi valyutanın həcmi ötən ayla müqayisədə 30 faiz az olub. Yəni, burada müxtəlif faktorların ümumi nəticəsi olaraq bu mənzərə ortaya çıxıb”.

Ekspertin qənaətincə, böyük ehtimal ilə Neft Fondu dövri olaraq bazara təklif etdiyi valyutanın həcmində ciddi dəyişiklik etməyib: “Amma bazarlarda ötən ay müşahidə edilən durğunluq, bank sektorundan və bazarlardan gələn tələbin az olması səbəbindən son nəticədə Fondun satdığı ümumi valyutanın həcmi az olub”.

Satılan valyutanın həcmi niyə azalıb?

İqtisadçı-ekspert Vüqar Bayramov da açıqlamasında iyul ayında azalmanın valyutaya tələbin az olması ilə bağlı olduğunu deyib: “Nəzərə alsaq ki, bu gün hərraclarda Neft Fondu tərəfindən satışa çıxarılan valyutanın təxminən 90 faizindən çoxu idxal üçün istifadə olunur. Yığım üçün valyutanın alınması xeyli dərəcədə azalıb. Artıq yığım üçün praktiki olaraq valyutanın alınması ümumi satılan valyutanın təxminən 5 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm praktik olaraq aylar üzrə hətta 60-70 faizə qədər yüksəlirdi. Ona görə bu kontekstdən idxalın səviyyəsi birbaşa məhz valyuta hərraclarında dollara olan tələbi göstərir”.

İqtisadçının fikrincə, iyul ayında idxalın azalması gözlənilən idi və müşahidə olundu: “İdxalın azalması da birbaşa onunla bağlı idi ki, iyul ayında adətən yerli məhsul istehsalı artır. Bu da nəticə etibarı ilə idxalı azaldır. Eyni zamanda, iyul ayında ölkəyə gələn turistlərin də sayı artır. Bunun birbaşa valyutaya təsiri olmasa da, amma müəyyən qədər dolayı yol ilə təsirləri var. Burada əsas faktor idxaldır. İdxalın azalması nəticə etibarı ilə hərraclarda valyutaya olan tələbə birbaşa təsir göstərir. İdxal artan zaman valyutaya tələb artır, idxal azalan zaman valyutaya tələbin azalması müşahidə olunur”.

Ekspertin fikrincə, növbəti aylarda valyutaya tələbin ən çox artacağı ayın dekabr olacağı gözlənilir: “Dekabrda idxal artacaq, çünki, bayramlar mövsümü gəlir. Digər tərəfdən, xarici borc öhdəlikləri olduğu üçün bu da tələbi artırır. Hansı aylarda idxal artacaqsa, həmin aylarda hərraclarda valyutaya olan tələb artacaq. Bu kontekstdən də güman olunur ki, dekabr ayı digər aylardan daha fərqli ay olacaq”.

Son xəbərlər
Oxşar xəbərlər