Həyat və iş haqqında ən vacib dərs

 “Limfoqranulematoz, dördüncü mərhələ”, – həkimlərdən bunu eşidəndə 34 yaşım var idi. Sanki üzümə şillə vurdular. Şokda idim. 

Sonrakı altı ay ərzində iki həftədən bir Lineberger Onkologiya Mərkəzinə kimyaterapiya üçün gəlirdim. Həmin dövrlərdə yataqdan ayağa qalxa bilmirdim. Bədənimə zəhər vurduqları üçün tibb bacılarına nifrət edirdim. Kimyəvi maddələr qan dövranına daxil olmağa başladıqda, sinəm soyuqlaşırdı, ağzımda metal dadını hiss edirdim, panika ilə mübarizə aparırdım. 

O vaxt “Fərqlən. Unikal komandanın köməyi ilə böyük təşkilat yaratmaq” (Change to Strange: Create a Great Organization by Building a Strange Workforce) adlı ilk kitabım üzərində çalışırdım. Qeyd edim ki, “kitab yazmaq” hədəfim ölməzdən əvvəl realizə etmək istədiyim arzularımdan biri idi. Texniki cəhətdən buna vaxtım  var idi, amma belə emosional vəziyyətdə bu mümkün deyildi. Çox narahat idim, qorxurdum. Damarlarımdan axan zəhərə nifrət edirdim. 

Həkimim və qəhrəman saydığım Lee Berkowitz ağlımı başıma gətirdi: bəli, texniki olaraq kimyəvi maddələr zəhərdir, lakin bununla yanaşı irəliləyiş dərmanıdır və mən onu qəbul edə bilirəm deyə tibbə təşəkkür etməliyəm. Əgər bu diaqnoz mənə 1980-cı ildən əvvəl qoyulsaydı (həmin illərdə həkimlər limfoqranulematoz xəstəliyi ilə necə davranmaq lazım olduğunu bilmirdilər), həyatın məni necə tərk etdiyini seyr edəcəkdim. 

Onun sözləri mənə çox təsir etdi. Müalicənin mənfi tərəflərinə fikir vermək əvəzinə, kimyəvi maddələrin mənə qızlarımın böyüməsini görməyə kömək edəcəyini düşünməyə başladım. 

Əlbəttə ki, kimyaterapiya seanslarını hələ də xoş adlandırmaq olmazdı, amma indi onlarda fərqli məna görürdüm. Zaman keçdikcə bədən daha dayanıqlı oldu, güc artdı, emosional müqavimət isə qəbullanma ilə əvəz olundu. Bu vaxtımı kitab üzərində işləməyə sərf etdim. 

Kimyaterapiya mənə bir şeyi öyrətdi: özümüzün yaratdığımız və söylədiyimiz hekayələr davranışımıza və həyat nəticələrimizə çox təsir edir. Həyat şərtlərinin mahiyyəti ilə bağlı daha yaxşı hekayə qura bilsək, onlara qarşı olan münasibətimiz dəyişəcək. Nəticə? Daha yaxşı emosiyalar və perspektivlər.

Bu niyə işləyir

Hərəkətlərimizin müsbət məqsədə sahib olduğunu gördükdə, özümüzdə çətin anlarda bizə kömək olan dözümlülüyü inkişaf etdirmiş oluruq. Friedrich Nietzsche deyib: “Yaşamağın səbəbini bilən hər kəs demək olar ki, hər bir “necə” nin öhdəsindən gələ bilər”. Psixoloqlar buna subyektiv interpretasiya deyirlər. Siz başa düşməlisiniz ki, interpretasiyanın müxtəlif səviyyələri vardır və bizim hərəkətlərimiz onun hansı səviyyəsində olmağımızdan asılıdır. Aşağı səviyyəli interpretasiya o deməkdir ki, biz hazırkı situasiyanın yalnız fiziki detalları barədə düşünürük (damarlarımdan axan kimyəvi maddələr zəhərdir). Yüksək səviyyəli interpretasiya isə fikri konkret detalları üzərində cəmləşdirməyi nəzərdə tutur (kimyəvi maddələr mənə qızlarımın böyüməsini görməyə kömək edəcək). Əlbəttə ki, özünüzdə yüksək səviyyəli interpretasiyanı inkişaf etdirməyiniz yaxşı olardı. 

Xərçəng mənim həyatımı dəyişdi. Məsləhətim – həyatdakı məqsədləriniz haqqında indi düşünün, xərçəng xəstəliyinin sizi tapacağını gözləməyin. 

Əslində məna dolu hekayə yaratmaq o qədər də çətin bir şey deyil. Bunu bacarsanız, həyatınızda olan bütün problemləri həll edə biləcəksiniz. Bunlardan başlaya bilərsiniz. 

Bu vaxta qədər hansı hekayələr danışmışınız? Onları müəyyən edin

Biz özümüz özümüzə müxtəlif cür hekayələr danışırıq. Bəzən başqalarının dediklərinə inanmağa başlayırıq, xüsusən də statusumuz və ya hər hansısa yeni iş təklifi təhlükə altında olduqda. 

Sizə bu vaxta qədər danışdığınız hekayələri müəyyən etməyə kömək edə biləcək çalışmanı təqdim edirəm. 

Bu çalışma Antonia Freitas və onun iş yoldaşları tərəfindən tərtib edilmiş  interpretasiya nəzəriyyəsinə əsaslanır. Hər hansısa işə başlamazdan əvvəl özünüzə dörd dəfə “Niyə?” sualını verin. Bu sizə aşağıdakı məsələlərdə kömək edəcək:

1) “Niyə?” sualına cavab olaraq hansı hekayəni danışdığınızı dərk etməyə;

2) Yüksək səviyyəli interpretasiyanı inkişaf elətdirməyə;

İlk olaraq vaxtınızı nəyə xərclədiyinizi müəyyən edin. Mənzərini daha aydın şəkildə görmək üçün təqvimdən istifadə edə bilərsiniz. Gündəlik həyatınızı və fəaliyyətinizi əks etdirən bir neçə həftəni seçin və onların hər birini qeyd edin. Çox güman ki, siyahınızda vaxtınızın 70-80%-ni tutacaq “böyük” iş və daha az vaxt tələb edən kiçik işlər yer alacaq. 

Siyahını dörd dəfə nəzərinizdən keçirin və özünüzə sual verin: “Niyə?”. Məsələn, gündəlik fəaliyyətlərinizdən biri işçilərin işinin müzakirə olunması ola bilər.  Özünüzdən soruşun: “Bunu nə üçün edirəm?” və sonra daxilinizdən gələn cavabı dinləyin. Siz eşidə bilərsiniz: “Çünki bunu ildə iki dəfə etməliyəm” və ya “Mən istəyirəm ki, işçilər peşəkar inkişafın hansı mərhələsində olduqlarını bilsinlər”. 

Cavab nə olursa olsun, onu yazın və ikinci dəfə özünüzdən soruşun: “Niyə bunu etməliyəm?” və ya “Niyə işçilərin inkişafın hansı mərhələsində olduqlarını bilmələrini istəyirəm?”. Bəlkə də eşitdiyiniz cavab həvəsləndirici olmayacaq, məsələn, “Çünki bu, işimin bir hissəsidir” və ya “Çünki lazımi sənədləri imzalamasam, HR mənə bonus verməyəcək” və ya əksinə, motivasiya dolu bir cavab eşidə bilərsiniz: “Çünki insanların karyera hədəflərinə necə çata biləcəklərini bilmələrini istəyirəm”. Budur, özünüzdən üçüncü dəfə soruşun: “HR-ın mənə maaş artımını ödəməməsi məni niyə narahat edir?” və ya “İnsanların öz karyera hədəflərinə çatması məni niyə narahat edir?” və s. Unutmayın ki, siz heç kimdə hər hansısa təəssürat yaratmalı deyilsiniz. Buna görə də özünüzə qarşı dürüst olun. 

Bu mərhələdə siz zamanla ətrafınızdakı dünyadan nə öyrəndiyinizi anlamağa çalışırsınız. Bu hekayənin “orijinal” olduğu və ya dəyişdirə bilməyəcəyini ifadə etmir. 

Sizə daha uyğun olan hekayəni seçin

Eyni məşğuliyyət növləri və davranış nümunələri sizin özünüzə danışdığınız hekayələrdən asılı olaraq fərqli məna kəsb edə bilər. Öz dəyərlərimizə, münasibətlərimizə və təcrübəmizə əsaslanaraq işimizlə bağlı daha mənalı hekayələr yaratsaq, daha keyfiyyətli interpretasiyalar qura və bununla da özümüzü yeni hədəflər üçün ruhlandıra bilərik. 

Sizə ilham verən hekayə yalnız sizin üçün anlamlı olmalıdır. Siz onu başqalarına “satmalı” deyilsiniz. Əsas odur ki, o, ruhunuzda müsbət duyğuları oyadır və gücün bərpa olunmasına kömək edir.

Nümunə olaraq Candice Billups-ın hekayəsini götürək. O, Miçiqan Universitetinin nəzdində fəaliyyət göstərən Onkologiya Mərkəzində 30 il çalışıb. Candice asanlıqla aşağı səviyyəli interpretasiyada ilişib qala və döşəmələri necə yuduğunu düşünə bilərdi. Lakin o öz işini tamamilə fərqli bucaqdan qiymətləndirir. Candice Billups deyir: “Mən xəstələrə kömək etməyə çalışıram. Onların ailələri ilə münasibətlərin necə inkişaf etməsi mənim üçün çox vacibdir. Özümü Onkologiya Mərkəzinin sehrbazı hesab edirəm”. 

Beləliklə, Billups hər gün təkrarlanan rutin işlər haqqında deyil, fəaliyyətinin dərin məqsədləri haqqında düşünmüş olur (xəstələrə kömək etmək). Əlbəttə ki, bunların hər iksi həyatda var, lakin hansı hekayəyə daha çox diqqət ayırmaq lazım olduğunu özümüz seçirik. Hansı hekayə sizi digərlərindən daha çox ilhamlandırır?

Davranış modellərini yeni hekayə ilə sinxronlaşdırın

Hekayənin müəyyənləşdirmək üçün atacağınız son addım köhnə davranış modellərinin dəyişdirilməsidir.  Ümid edirəm ki, bu, sizə yaxın olan fəaliyyətləri tapmağa kömək edəcəkdir. 

Mənim üçün bu addım bilik və təcrübəmi tələbələrlə daha çox bölüşmək demək idi. Mən başa düşdüm ki, bunlar “ən yaxşı HR-təcrübələri”, “SMART-məqsədlərin qoyuluşu” və s. daha vacibdir. Bu haqda hətta kitab yazmışam – “Alive at Work: The Neuroscience of Helping Your People Love What They Do”. 

Tədqiqatlar göstərir: işçilər iş fəaliyyətinin keyfiyyətini artırmağın yolunu tapanda ilhamlanırlar. Onların entuziazmı, məşğulluğu və vaciblik duyğusu da məhz buna əsaslanır. 

Təəssüflər olsun ki, çoxlarımız işə yanaşmamızı dəyişdirə biləcəyini başa düşmür. Bizə elə gəlir ki, iş bizim pul qazanmaq üçün etmək məcburiyyətində olduğumuz bir şeydir. Biz daha çoxunu etməyi unuduruq. 

Sizin bu və ya digər işi etməyinizin səbəbi maddi deyil (siz onu görə və ya toxuna bilmirsiniz), lakin buna baxmayaraq, o həqiqətən də realdır və davranışınıza təsir göstərir. Özünüzə köhnə iş haqqında yeni hekayə danışmağı bacarsanız, ilham və güc artımını hiss edəcəksiniz. Gündəlik davranış modelinizi elə dəyişdirin ki, o sizin icad edə biləcəyiniz ən yaxşı hekayəyə uyğun olsun. Bu halda başqalarına da ilham vermiş olacaqsınız və işlərinizin yeni məna qazandığını hiss edəcəksiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları