Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrlik etdiyi iclasda qərar elan olunub.
Hökmün dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qənaətinə gəlinərək, şikayət təmin edilməyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.