12 C
Baku
Saturday, November 23, 2024

Həbsdə olan şirkət rəhbərinin daha 1.5 milyon manat həcmində dələduzluğu üzə çıxıb

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Xanlar Cəfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rövşən Ələkbərov ifadə verib.

O bildirib ki, 2016-cı ildə Xanlar Cəfərovun tikinti şirkətindən 150 kvadratmetrlik qeyri-yaşayış sahəsi alıb: “2016-cı ildə Abbas adlı şəxsin vasitəsilə Xanları tanıdım. Mənə razılıq əsasında 150 kvadratmetr qeyri-yaşayış sahəsini 100 min dollara satdı. Dedi ki, Rusiyadan adam gələcək ona kvadratın 3 min dollara satacaqsan, razılaşdım. 2 ildən sonra eşitdim ki, həmin obyekti bu adam 2015-ci ildə Zahid adlı şəxsə satıb. Xanlar Cəfərov dedi ki, obyekti satıb pulumu verəcək. Sonra isə dedi ki, mənə heç bir pul verməyəcək”.

Təqsirləndirilən şəxs Xanlar Cəfərov isə məhkəmədə bildirib ki, Rövşən Ələkbərovdan 100 min dollar sələmə pul götürüb, ayda 7 faiz sələm ödəyib: “100 min dollar götürərkən ona 150 kvadratmetrlik yeri girov qoydum. Götürdüyüm pulun əvəzinə 192 min dollar qaytarmışam”.

İş üzrə 12 nəfər zərərçəkmiş kimi tanınıb. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.

Xanlar Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Proses sentyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, X. Səfərov hazırda məhkumluq həyatı yaşayır.

O, 2014-cü ildən 2019-cu ilədək “Avro Qrand” MMC-nin direktoru vəzifəsində işləyib. 2014-cü ildə 1 milyon 400 min manat vergi borcuna görə saxlanılsa da, sonradan həmin məbləği ödəyərək şərti azadlığa çıxıb.

2021-ci ildə isə 9 nəfərə qarşı dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər