10 C
Baku
Sunday, December 22, 2024

Hədəflərlə işləmək planlaşdırma ilə işləməkdən daha effektivdir

Müsahibimiz: Macarıstan Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvü və ASAIF-in Macarıstan üzrə təmsilçisi Rəşad Mehbalıyev

Rəşad Mehbalıyev IBM (International Business Machines Corporation) şirkətinin “IBM Global Financing” bölümünün Budapeştdə yerləşən ofisində Kredit Risk Analitiki vəzifəsində çalışır. Budapeştdə ötən ilin dekabrında təsis olunmuş Macarıstan Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür və ASAIF-in (“Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin) Macarıstan təmsilçisi də kimi fəaliyyət göstərir. Rəşad Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə ixtisası üzrə məzunu olmuş, prezident təqaüdçüsüdür və 2009-2011-ci illərdə Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində İqtisadiyyat üzrə magistratura təhsili almışdır.

1. Rəşad ilk öncə müsahibə üçün təşəkkür edir və bir başa birinci sualımıza cavab verməyinizi xahiş edərdim. Necə oldu ki, təhsil üçün Amerika və ya daha qabaqcıl Avropa ölkələrindən birini deyil, Macarıstanı seçdiniz?

Rəshad_MehrabaliyevMən də öz növbəmdə müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. 2007-ci ildən xaricdə təhsil almaq üçün müxtəlif universitetlərlə əlaqə saxlayıb sənəd göndərməyə başladım və bir neçəsinə qəbul oldum. Lakin o ali məktəblərdən yalnız biri mənim bütün təhsil xərclərimi ödəməyə, təqaüd verməyə və buna rəğmən bir il sonra təhsil almağa başlamağıma razı oldu. Bu mənim üçün önəmli idi, çünki bakalavr təhsilimi bitirən kimi hərbi xidmətə yola düşürdüm. Macarıstan xaricdə təhsil almaq istəyən tələbələr arasında Böyük Britaniya, Fransa, Almaniya kimi populyar olmasa da kifayət qədər güclü ali məktəbləri var. Mənə görə ali məktəbin hansı ölkədə yerləşməsi əhəmiyyətli rol oynasa da, elə də çox önəmli deyil. Ali məktəbin təhsil səviyyəsi onun hansısa ölkədə yerləşməsindən deyil, professorlarının və tələbələrinin intellektual səviyyəsindən və universitetdaxili təhsil sistemindən daha çox asılıdır.

2. Ümumiyyətlə təhsil aldığınız tədris müəssisənin elmi nüfuzunu necə qiymətləndirisiniz, məhz hansı meyarlara görə onu xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyə edə bilərsiniz?

– Mənim bitirdiyim ali məktəbin proqramlarının bir çoxu müxtəlif reytinqlərdə dünya üzrə ən yaxşı 100 proqramlar siyahısında yer alıb. Ali məktəbə qəbul prosesi çox mərhələlidir və çətin seçim əsasında layiqli tələbələr seçilir. Universitetin büdcəsi çox yüksəkdir, cəmi 1600-ə yaxın tələbəsi və 350-yə yaxın professor müəllim heyəti olan universitetin bütün vəsaitləri 1 milyard ABŞ dollarına yaxındır. Təhsil aldığım Budapeştdə yaşayış qiymətlərinin Bakıya nisbətən ucuzluğu, ölkənin Avropa Birliyi və Şengen zonasına üzv olması, ali məktəbin həm Macarıstanda, həm də Amerikada akkreditasiyadan keçməsi də bu ali məktəbdə təhsil almaq istəyənlər üçün müsbət faktorlar hesab oluna bilər. Digər önəmli faktor odur ki, buranı bitirən tələbələr əksər hallarda beynəlxalq təşkilatlarda və transmilli korporasiyalarda yaxşı pozisiyalarda işləyirlər. Məsələn, mən Mərkəzi Avropa Universitetində təhsil almadan özümü bu yaşda IBM-də hazırki pozisiyamda təsəvvür edə bilməzdim.

3. Xaricdəki əksər tələbələr orada təhsil almağın daha çətin və dərs yükünün daha ağır olmasından gileylənir, sizcə bu niyə baş verir? Ölkəmizdə verilən bakalavr təhsili sonra Avropada magistr təhsili almaq üçün kifayət etmirmi?

– Çox yaxşı məqama toxundunuz. Mənim də təcrübəm Sizin eşitdiklərinizdən fərqlənmədi, başlanğıcda xaricdə təhsil çətin gəlirdi. Bu da əcnəbi dildə təhsil almağın və düşünməyin nisbətən ağır olması, təhsil metodologiyasının fərqliliyi, adaptasiyanın bir qədər vaxt alması ilə əlaqədar idi. Lakin getdikcə öyrəşdikdən sonra ciddi bir çətinlik hiss olunmurdu. Düşünürəm ki, Azərbaycanın bir çox ali məktəblərində verilən bakalavr təhsilinin Avropa standartlarından aşağı olması, Avropada magistr təhsili üçün heç də kifayət etməməsi bu səbəblərdən biri ola bilər.

4. İBM-ə gəlişinizi təsadüf adlandırmaq olarmı, bu necə baş verdi? Ümumiyyətlə, bu işin sizin ixtisasınızla əlaqəsi varmı?

– Ümumiyyətlə, təsadüflərə inanmıram. Təsadüflə IBM-də işləmək isə məncə mümkünsüzdür. IBM bizim ali məktəbin tələbələrinə və məzunlarına xüsusi diqqət ayırır, tez-tez universitetdə ayrıca karyera günləri və seminarlar təşkil edir. Mən də ara-sıra ixtisasıma və maraqlarıma uyğun gələn vakansiyalar gördükcə, IBM-in saytı vasitəsilə onlayn müraciət edirdim. Ali məktəbi bitirdikdən sonra iki müxtəlif şöbədə işləmək üçün intervüyə dəvət aldım, sonda isə hazırkı şöbədə olan iş təklifi gələndə qəbul etdim. İşimin təhsilimlə əlaqəsi yüksəkdir, çünki keçmiş sovet ölkələrində IBM-in kredit risklərinin menecmenti ilə məşğul olduğumdan ölkələrin iqtisadiyyatının, şirkətlərin maliyyə göstəricilərinin analizi gündəlik işimdir.

5. Ölkə xaricində, konkret olaraq isə çalışdığınız müəssisədə namizəd seçimi necə aparılır? Belə bir şirkətdə karyeraya başlamaq üçün nə lazımdır?

– Bu ölkələrdən və şirkətlərdən asılı olaraq dəyişir. Əsas məsələ nüfuzlu ali məktəbi bitirmək, müəyyən biliklərə və az da olsa, ümumi iş təcrübəsinə malik olmaqdır. İşin xarakterindən asılı olaraq testlər, bir neçə mərhələli müsahibələr, praktik tapşırıqlar da verilə bilər. Mənim üçün bu proses iki mərhələdən ibarət müsahibə formasında oldu, ilk müsahibədə məni işə götürəcək menecerlə ümumi işin prinsipi, bu barədə nəzəri və praktiki biliklərim yoxlandı. Növbəti müsahibədə isə ikinci dərəcəli menecerim (menecerimin meneceri) də iştirak etdi, onunla müsahibə nisbətən çətin olsa da, nəticəsi uğurlu oldu.

Rashad Mehbaliyev foto IBM

6. Mümkünsə oxucularımıza işiniz haqqında məlumat verərdiniz? Kredit riskləri analitiki gündəlik olaraq nələr edir və hansı məsuliyyəti daşıyır?

– İşin mahiyyəti adi bankların və kredit institutlarının fəaliyyətindən mahiyyət etibarilə elə də fərqlənmir. Əsas fərq ondadır ki, IBM müraciət edənlərə pul deyil, müxtəlif IT məhsul və xidmətləri güzəştli şərtlərlə verir. Gündəlik olaraq işimiz müştərilərimizin və partnyorlarımızın IBM-dən güzəştlə almaq istədikləri məhsul və xidmətlərə onların nə dərəcədə uyğun olub-olmamasını müəyyən etməkdir. Əgər onların maliyyə göstəriciləri, fəaliyyətləri, keçmiş tarixçələri və digər xüsusiyyətləri uyğundursa, müvafiq şərtlərlə məhsul və xidmətləri əldə edə bilərlər, ödənişi isə daha sonra və ya hissə-hissə edə bilərlər. Sadə dildə desək, mənim işim IBM-in bankı sayılan “IBM Global Financing” bölməsində müştərilər və partnyorlarla maliyyə münasibətlərində yaranan ödəmə risklərini qiymətləndirib minimuma endirməkdir. Ay ərzində on milyonlarla dollar üzərində qərar verirəm ki, bu da çox böyük diqqət və məsuliyyət tələb edir. Əfsuslar olsun ki, şirkət sirri olduğundan iş prosesi barədə daha detallı məlumat verə bilməyəcəm.

7. Məlumdur ki, Qərbi Avropalılar planlama işlərinə xüsusi önəm verir, gələcəklə bağlı uzunmüddətli planlar qurur və mümkün qədər bu planlara sadiq qalmağa çalışırlar, həmçinin onların gələcəyə daha nikbin baxışı hiss olunur.
Macarıstanda bununla bağlı vəziyyət bəs nə yerdədir, bəs özünüz necə planlamaya üstünlük verirsiniz?

– Macarlar bu baxımdan Qərbi Avropalılardan, xüsusən də almanlar və avstriyalılardan çox fərqlənmirlər, bu da onların uzun müddət onlarla Avstriya-Macarıstan İmperiyası tərkibində birgə yaşamaları ilə bağlıdır. Lakin daha sonra SSRİ-nin Şərqi Avropada təsirinin artması səbəbindən bəzən macarların təfəkküründə sosializm izlərini hiss etmək də mümkündür, bunu Şərqi Almaniyada olanların düşüncəsində də hiss etmək olur. Lakin biz Azərbaycandakı təcrübəmizdən də bilirik ki, SSRİ dövründə planlaşdırma siyasəti heç də Qərbi Avropadakından zəif deyildi. Macarlar da planlaşdırmaya üstünlük verirlər, hətta dəfələrlə mənim yaşımda olan şəxslərin gələcəkdə pensiyalarının necə olacağını müzakirə etdiyinin şahidi olmuşam, bunu Azərbaycanda çox nadir hallarda görmək olar. Mən özüm planlamadan daha çox hədəflərimə çatmağı üstün tuturam, çünki bir çox hallarda hədəflərlə işləmək planlaşdırma ilə işləməkdən daha effektivdir.

8. Karyeranızı vətəndə davam etdirmək istərmisinizmi və əgər belə olarsa özünüzü hansı sahədə və ya hansı şirkətdə görürsünüz?

– Karyeramı Azərbaycanda davam etdirə bilərəm, xaricdə daimi olaraq yaşamaq kimi xüsusi bir istəyim yoxdur. Sadəcə mənə Budapeştdə təklif olunan işin şəraiti qane etdiyi üçün burada işləməyə başladım. Gələcəkdə hansı ölkədə və ya şirkətdə işləyəcəyim isə gələcək iş imkanları və təkliflərdən asılı olacaq.

9. Sizə də ənənəvi sualımızı vermək istəyirəm: Xaricdə oxumaq arzusunda olan tələbələrimizə hansı tövsiyələriniz vardır, Avropa təhsil standartların uyğun olmaq və peşəkar tələblərə cavab vermək üçün tələbələrimiz nə etməlidir?

– Bu suala əfsuslar olsun ki, qısa cavab vermək çətindir. Xaricdə təhsil almaq istəyən gəncin başlıca məqsədi daha keyfiyyətli təhsil almaqdır. Tədris yükünün öhdəsindən gəldikcə müxtəlif şəhərlərə və ölkələrə səyahət etmək, müxtəlif formalarda istirahət etmək də arzuolunandır, çünki yaxşı istirahət uğur qazanmaq üçün olduqca vacibdir. Ona görə də əsas tövsiyəm odur ki, oxumaqla istirahətin vaxtını və nisbətini düzgün planlaşdırsınlar. Bununla yanaşı fənləri seçərkən daha tələbatlı ixtisaslara üstünlük versinlər, çünki gələcəkdə mütəxəssis qıtlığı olan sahələrdə yaxşı və gəlirli iş tapmaq daha asan olacaq. Digər tövsiyəm isə odur ki, xaricdə təhsilini bitirmiş gənclər həmin ölkədə müəyyən qədər işləyərək təcrübə toplasınlar, çünki müxtəlif ölkələrdə, xüsusən gənclərin təhsil aldığı qabaqcıl ölkələrdə qazanılmış iş təcrübəsi əvəzsizdir, mən bunu öz işim zamanı çox hiss edirəm. Təhsillə yanaşı diaspora işləri və lobbiçiliyə də vaxt ayırsınlar, belə ki, bu dolayısı ilə həmin tələbələrin həyatını asanlaşdırmağa xidmət edir. Çünki, yaşadığı ölkədə tələbənin problemi olduqda onun ətrafında formalaşmış şəbəkə ona yardımçı ola bilər.

Son xəbərlər
Digər xəbərlər