9 C
Baku
Friday, December 13, 2024

Həmkarlar: dost ya düşmən?

İşgüzar sahədə konfliktlər tez-tez baş verir və gündəlik mübahisələr bəzən adət halını alır.  Daima kənar şəxslə çiyin-çiyinə gün ərzində səkkiz saat işləmək –ciddi sınaqdır. Biz ötən saylarımızda işgüzar konfliktlərin yaranma səbəbi, onların müsbət və mənfi tərəfləri və təsnifatı məsələlərinə toxunmuşduq, bu dəfə isə diqqəti münasibətlərin dalana dirənəcəyi səviyyəyə gəlib çıxmaması üçün nə etmək lazım olduğuna yönəlmək istəyirik. Çünki bir qayda olaraq vəziyyət bu həddə çatanda yeganə çıxış yolu-işdən çıxmaq haqqında ərizə olur. 

 Söhbət iştirakçılarının, bir-birinə güzəştə getmək baxımından elementar bir səy göstərməyə və ya bir-birinə qarşı addım atmağa istəkləri olmadığı halda konflikt heç nədən, durduğu yerdə və tamamı ilə gözlənilmədən meydana çıxa bilər. Ona görə yadda saxlayın ki, opponenti tənqid etmək daha xoş və asandır, nəinki onu dinləmək və ya onun fikrinə qulaq asmaq. Müəyyən mübahisəyə qoşulmaq həvəsi gələndə, həmçinin kiməsə onun haqsız olduğunu və ya əslində hər şeyin necə olmalı olduğunu izah etməzdən əvvəl“dilinizi dişləyin” -sakit durmağa çalışın, dərhal deyilənlərin təkzibinə keçməyin. Takt, səbir və işgüzar etika məsələlərində diqqətcillik –əmək prosesində özünüzdə yetirşdirməli olduğunuz əsas ləyaqətlər məhz bunlardır.

Opponentin maraqlarını başa düşməyə çalışın. Çox vaxt elə olur ki, bizim qəzəbimiz və ya neqativ emosiya gözlərimizi bağlayır, həmkarımızın nitqi necə olursa-olsun, biz onu qəzəb və kin prizmasından eşidir və əvvəldən özümüzü elə kökləyirik ki, o nə desə də son nəticədə biz onunla razılaşa bilmirik. Belə halda çalışın soyuqqanlı davranasınız və özünüzü qarşınızdakı insanın yerinə qoyun.

Bəlkə də fərqinə varmırıq, amma biz özümüz də elə çox vaxt ünsiyyətə girdiyimiz insanları qıcıqlandırırıq. Öz hərəkətlərinizə nəzər salın: bəlkə siz söhbət vaxtı müsahibə həddindən artıq yaxın dayanmağı sevirsiniz, ya da kresloda necə gəldi əyləşirsiniz, ya ayaqlarınızı stolun altından çox qabağa uzadırsınız. Ya ola bilsin ki, siz düz həmkarınız gözünə baxa-baxa diş çubuğundan istifadə edir, ya da diyircəkli qələmin başını çeynəyirsiniz. Elə adam var ki, barmaqları ilə stolda ritm tutmağı sevir və ya barmaqlarını şıqqıldadır, ya müəyyən manera ilə danışır, iki sözdən birini xarici dildə deyir, stolunu dingildədir, bütün bunlar həmsöhbətinizi sizə qarşı qaldıra bilər. Konfliktlərə daima həmkarların sözünü kəsmə (çünki siz fikirləşirsiniz ki, onsuz da hər şey aydındır), ya çiyinlərinə vurmaq, çox öyüd nəsihət vermək, danlamaq, himayəçi tonu ilə danışmaq və s vərdişlər də səbəb ola bilər.

Əgər siz konfliktə cəlb olunmusunuzsa, belə bir situasiyada başlıca amil düzgün davranış tərzini seçməkdir. Psixoloqlar beş başlıca strategiya növü müəyyən edirlər –ürəyinizə yatan birini seçin, əsas düzgün müəyyənləşməkdir. Yəni siz nə əldə etmək istəyirsiniz?

Uyğunlaşma. Belə halda insan öz mövqeyini dəyişir və ziddiyyəti öz maraqlarının ziyanına olsa belə aradan qaldırmağa çalışır. Bu o zaman istifadə olunur ki, həmkarı ilə isti münasibəti saxlamaq insan üçün daha vacib olur, bu zaman öz haqlılığın sübut etmək onun üçün o qədər əhəmiyyət kəsb etmir.

Kompromis. Hər iki tərəfin gətirdiyi arqumentlər eyni dərəcə də vacib olur. Yəni tərəzinin hər iki gözündə eyni dərəcədə ağırlıq olur. Bu zaman müvəqqəti qərar hamını razı salır, hər şeyi itirmək əvəzinə heç olmasa nəyisə itirməyə razı olursan.

Əməkdaşlıq. Bu strategiya o zaman istifadə olunur ki, tərəflər hamını razı salacaq vahid bir qərar qəbul etməyə çalışırlar. Buna tələbat o zaman yaranır ki, kompromis variantı qeyri mümkün olur, amma təcili olaraq müəyyən razılıq əldə olunması tələb olunur. Bunu etmək o vaxt alınır ki, opponentiniz ilə sizin aranızda, sıx  və davamlı münasibətlər mövcud olsun.

Məhəl qoymamaq. Bu fəndən o vaxt istifadə etmək məsləhətdir ki, siz hövsələdən çıxmamağa, özünüzü ələ almağa çalışır və ad-sanınızı qoruyursunuz. Sakit beyinlə, ayıq şəkildə «lehinə» və «əleyhinə» variantları qiymətləndirirsiniz. Məsələn, rəhbər çox rahatlıqla işçilər arasındakı münaqişə məhəl qoymaya bilər, əgər fikirləşirsə ki, onlar özləri sərbəst şəkildə bunu həll etmək iqtidarındadır. Elə hallar olur ki, problemin müzakirəsi, yanar ocağa yağ tökməyə bərabər olur, əgər müzakirənin iş üçün faydası yoxdursa problemə fikir verməmək yaxşıdır.

Rəqabət. Bu, öz maraqların və mövqeyin uğrunda açıq mübarizə deməkdir. Əgər bu davranış tərzinə departamentin rəhbəri üstünlük verirsə bu çox başa düşüləndir, məsələn əgər o əmindir ki, onun əməkdaşları avtoritar idarəetmə tərzini qəbul edir və onun sonun qəti hökm çıxarmağı üçün kifayət qədər səlahiyyəti vardır.

Kollektivdə araqarışdıran. Kifayət qədər tez-tez hallarda kollektivlərdə elə insanlara rast gəlirik ki, onlar konflikt yaratmaqdan ötrü hətta  güc tətbiq etməkdən belə çəkinmirlər. Onların istifadə etdiyi başlıca fəndləri aşağıdakılardır:

•    Rəhbərliyə qarşı kompromat (nüfuzdan salmaq məqsədi ilə)  materiallar yığaraq, gələcəkdə onları «gec açılan mina» kimi istifadə etmək;
•    Daima işdə incimiş əhval-ruhiyyədə oturmaq və bossun hamının xətrinə dəyməsi və ya hamını alçaltması ilə bağlı əbədi şikayətlər;
•    istənilən əhəmiyyətsiz bir şeyi narazılıq amili kimi istifadə etmək;
•    kollektiv və ya rəhbərliyi bir-birinə qarşı qoymaq: «Siz hamınız öz işinizin peşəkarı olan mütəxəssissiniz, deyəsən bircə o bunu görmür və sizi layiqincə qiymətləndirmir»;
•    narazı əməkdaşların sözlərini təhrif edərək, başqa cür yozma və digərlərinə başqa cür çatdırma;
    narazı əməkdaşları dilə tutaraq öz əhatəsində toplamaqla müxalif qrup yaratmaq.

Aydındır ki, araqarışdırana qarşı hər hansı bir tədbir görmək lazımdır. Əvvəlcə qəbul etmək lazımdır ki, sizlərin arasında iğtişaşa rəvac verən bir insan vardır. Daha sonra ən yaxşısı odur ki, ona diqqət yetirməyəsən və onun provokasiyasına uymayasan. Çalışın ki, onun sizi dalaşqan, mübahisəçi insan kimi qələm verməsinə, xırda iş mübahisələrinə cəlb etməsinə və bununla da sizə «problemli insan» adı ilə şöhrəti qazandırmasına əngəl olasınız. Əgər araqarışdıran yenə də fəaliyyətini davam edərsə və bu dəfə sizi öz tərəfinə çəkməyə çalışarsa, guya ki kimsə sizin haqqınızda nə isə deyib və ya ona kiminsə sizdən xoşu gəlmədiyi barədə bir informasiya məlumdur, ya da təkcə o, sizin haqqınızda bir həqiqəti bilir və bununla da bir növ sizi şantaj etsə, unutmayın ki, sizin ilk müdafiəçiniz aşkarlıqdır. Şantaja qarşı ən yaxşı vasitə isə- guya ki sizi gözdən salacaq həmin hadisəni özünüzün bəyan etməyinizdir.

Məlum olduğu kimi, konfliktdə demək olar ki, heç vaxt qalib olmur. Ona görə mübahisəyə aludə olmaqdan öncə fikirləşin, məğlubiyyətə bərabər bir qələbə sizə lazımdırmı?

Son xəbərlər
Digər xəbərlər