Bir gün şəhər darvazalarının qarşısında çox yaşlı bir kişi əyləşmişdi. Bir gənc oğlan ona yaxınlaşaraq soruşdu: – “Mən heç vaxt burada olmamışam. De, mənə qoca, bu şəhərdə necə insanlar yaşayır? Qoca ona sualla cavab verdi.
– Bəs sənin gəldiyin şəhərdə necə adamlar var idi?
– Oradakı insanlar çox eqoist və qəddar idilər. Qısası, buna görə də mən böyük sevinclə oranı tərk etdim.
– Burada da sən məhz elə həmin cür insanlara rast gələcəksən – deyə qoca kişi cavab verdi.
Bir az keçdikdən sonra başqa bir insan həmin qocaya yaxınlaşdı və eyni sualı verdi:
– Mən elə indicə bu şəhərə gəlmişəm. Deyə bilərsinizmi ki, burada necə insanlar yaşayır?
Qoca yenə eyni sualı verdi:
– Oğlum, sənin gəldiyin şəhərdə necə insanlar yaşayırdılar?
– Mənim gəldiyim şəhərdəki insanlar çox mehriban, qonaqpərvər və xeyirxah insanlar idi. Mənim o şəhərdə çox dostlarım qaldı və onlarla ayrılmaq elə də asan olmadı.
– Sən bu şəhərdə də məhz elə həmin cür insanlara rast gələcəksən – deyə yaşlı kişi cavab verdi.
Bayaqdan bəri bir şəhər sakini bütün bu olanlara tamaşa edirdi. O yaşlı kişiyə yaxınlaşdı və soruşdu: – Nəyə görə sən bir oğlana dedin ki, burada pis insanlar yaşayır, digərinə isə dedin ki, burada çox gözəl insanlar yaşayır? Qoca isə belə cavab verdi: – Hər yerdə pis və yaxşı insanlar var. Sadəcə kim nə axtarırsa, onu da tapır.