20 C
Baku
Sunday, May 12, 2024

“Hər şey valideynlərimin məni ruhlandırması ilə başladı” Fariz Hüseynov

Müəllif: Şimali Dakota universiteti, Assistent-Professor Fariz Hüseynov

Bakıda olduğunuz müddətdə maraqlı proseslər baş vermişdirsə onlar haqqında zəhmət olmasa məlumat verin.

Bakıya, əsasən, ailəmi və yaxınlarımı görməyə gəlirəm. Bu səfərimdə ən yaddaqalan və vacib hadisə o oldu ki, axır ki, valideynlərim nəvələrini, yəni oğlumu gördülər. Mənim üçün ən yaddaqalan bu idi. Sonra dostlarımla görüşdüm, ADA Universitetində enerji təhlükəsizliyi sahəsində bir konfransda iştirak etdim, ADA-dakı dostlarımı, həmkarlarımı gördüm. Əlavə olaraq İslam bankçılığı ilə bağlı bir seminarda iştirak etdim. Bakıya mədəniyyətlərarası dialoq konfransına İngiltərədən gələn bir professorla tanış oldum, ümumdünya qida təhlükəsizliyi üzrə müzakirələrimiz oldu, həm də ona Bakını tanımaqda kömək etdim. Mənim üçün başqa yadda qalan o oldu ki, ilk dəfə idi ki, sadə insanların sosial-iqtisadi problemlərini bu qədər kəskin olduğunu və bunları dilə gətirdiklərini gördüm. Bu müzakirələr bir maliyyəçi-iqtisadçı olaraq ölkənin düşdüyü iqtisadi vəziyyəti, bir müəllim kimi təhsil sistemindəki vacib islahatları öyrənməyimə kömək oldu.

Fariz bəy, kifayət qədər maraqlı təhsil yolunuz var. İlk sualımızı da məhz bu mərhələdən başlamaq istərdik. Necə oldu ki, İstanbul Universitetinə getmək qərarına gəldiniz? Sizi İstanbula getməyə cəlb edən və eyni zamanda da Bakıdan getməyə sövq edən hansı amillər idi?

Mən uşaq olanda bir qohumumuz ABŞ-a təhsil almağa getmişdi, mən də arzu edirdim xaricdə daha keyfiyyətli təhsil alım. Atam maliyyə müəllimidir, uşaqlıqdan onun kitablarını, maliyyə-iqtisad ensiklopediyasını oxuduğum üçün marağım çox idi bu sahəyə. O da həmişə məsləhət görürdü ki, Qərbdə bu sahədə təhsil daha güclüdür. 11-ci sinifdə olanda dedi ki, dövlət xətti ilə Türkiyədə təhsil proqramının imtahanlar sənəd qəbulu var. O vaxtı Türkiyə ali məktəblərinin bizə verdiyi bir ixtisaslar və yerlər planı var idi, mən də özümü sınamaq üçün bəzi ixtisasları seçib bu imtahana girdim. Amma bilmirdim ki, seçimlər necə ola bilər, imtahan hansı fənnlərdəndir. Orta məktəbdə bizi bu imtahana hazırlamırdılar, özüm 2-ci qrupa hazılaşırdım, ona görə sırf maliyyə-iqtisad üzrə etmişdim. İlk seçimlərim bakalavr üzrə başqa universitetlər idi, verilən plana görə. İki illik ixtisaslar arasında İstanbulda Mərmərə Universitetini və bankçılıq fakültəsini seçdim, həm İstanbul mənə çox maraqlı gəlirdi, həm də ixtisas cəlbedici idi. İxtisas fənnlərindən yaxşı yazsam da, texniki fənnlərdən pis yazdım və iki illik fakültəyə qəbul oldum. Mən qarşıma TQDK imtahanlarında ən yüksək nəticəni göstərmək hədəfini qoymuşdum, amma seçim etməli idim. Atam öyrəndi ki, bəs iki ili yaxşı bitirsən sonra bakalavra keçə bilərsən. Elə atamla qarşıma yeni hədəf qoyduq ki, bunu etməliyəm. Rusiyaya da sənəd vermişdim, amma Türkiyəyə getməyi üstün tutdum və sənədlərimi geri götürdüm. Türkiyəni özümə yaxın hiss edirdim. Hamısı valideynlərimin məni ruhlandırması ilə başladı və elə ona borcluyam bütün təhsil yolumu.

İstanbul universitetində oxuduğunuz zaman və ya oranı bitirdikdən sonra işləmək imkanınız oldumu yoxsa Bakıya geriyə döndünüz?

Dediyim kimi iki illlik ixtisasımı Mərmərə Universitetində bitirəndən sonra imtahan verib İstanbul Universitetinin İşlətmə fakültəsinə qəbul oldum. Bu Türkiyədə yeganə işlətmə fakültəsi idi və proqram ABŞ-dakı biznes idarəetməsi tədris proqramına uyğun idi. Bir il fərq dərslərini verdikdən sonra 2 il də oxuyub bakalavr dərəcəsini aldım. İşləmək imkanı yox idi, mən də sadəcə son ilimdə staj edə bildim, bir broker şirkətində. Bu dövrdə qardaşım Almaniyada təhsil alırdı, mən də qarşıma Avropa ya ABŞ-a gedib təhsilimi davam etdirmək məqsədi qoydum, əsas gücümü buna sərf edirdim. Fransa, İngiltərə və İsveçdə magistr pilləsinə qəbul olmuşdum, amma maddi imkanım olmadığına görə imtina etdim və dövlət xətti ilə bir il İstanbul Universitetinin İşlətmə Finansı magistr proqramına oxudum. Bu vaxtı həm təhsil alırdım, həm işləyirdim, həm də ABŞ universitetlərinə sənəd verirdim. Bu dəfə seçimim ABŞ-dan yana idi, çünki həm maliyyə sahəsində təhsilin orada güclü olduğunu eşitmişdim, həm də magistr üçün universitetlər yaxşı təqaüdlər verirdilər.

Növbəti təhsiliniz MBA ilə bağlıdır. Bu təhsilə ehtiyac nədən yarandı? Amerikanın Ball State University təhsil ocağına qəbul olmaq prosesi necə keçdi (qəbul imtahanları, təhsil haqqı və s.) ? Niyə məhz Amerikanın Ball State University – ni seçmək qərarına gəldiniz?

Bəli, mən bir neçə MBA və MS in Finance proqramlarına sənəd vermişdim. İstəyirdim ki, bu sahə üzrə magistr təhsili alım və belə başa düşürdüm ki, bu sahədə ABŞ-da təhsil keyfiyyətlidir və iş imkanları genişdir. Universitetləri seçərkən daha çox təqaüd imkanlarına baxırdım, həm də GMAT və TOEFL qiymətlərimə görə seçirdim. Təəssüf ki, mən təcrübəsiz idim və başqalarından da çox məsləhət almaq imkanım yox idi. Buna görə də rankinqlər, universitetlərin coğrafı mövqeyinin təsirləri barədə məlumatım yox idi. Bunları bilsəydim seçimimi daha fərqli də edə bilərdim. BSU ilə İstanbul Universitetinin əlaqələri var idi. Bir dəfə fakültəmizin dekanı ilə görüşdüm və bu imkandan necə yararlana bilərəm deyə soruşdum, o da mənə BSU-nu məsləhət gördü, dedi ki, orada Türk müəllimlər də var. Mən də sənəd verdim və qəbul oldum. Əsas məsələ təqaüd idi və təhsil alacağım kafedrada asistentlik işinə də sənəd verdim. Artıq semestrin sonuna az qalmışdı, mən də ümidimi üzmüşdüm. Amma bir Türk müəllim mənə yazdı ki, bəs mənə artıq assistentlik işini verirlər. Bu həm təhsil haqqını ödəyirdi, həm də mənə stipendiya verirdi. Əlavə az miqdar pul lazım idi viza üçün, onu da ailəm məmnuniyyətlə üzərinə götürdü. Artıq mənim ABŞa getməyim üçün maneə yox idi.

Adətən MBA oxuduqdan sonra çox insan biliklərini tətbiq etmək üçün biznes dənizinə üz tuturlar – siz isə əksinə, maliyyə sahəsində biliklərinizi daha da dərinləşdirmək üçün PhD. istiqamətini seçirsiniz – bu nə ilə əlaqədardır?

Düz deyirsiz, amma mən müəllimlərə işimin bir hissəsi olaraq asistentlik edərkən həm elmi araşdırmalar etməyi, həm də tələbələrə kömək etməyi çox xoşladım. Müəllimlərim də məsləhət gördü ki, bu istiqamət üzrə karyera qurmaq üçün PhD proqramına sənəd verim. Hətta bəziləri deyirdilər ki, niyə masterdə vaxt itirirsən, kaş elə birbaşa bakalavrdan PhD-yə sənəd verərdin. PhD-ni bitirənlər də biznes əsas da maliyyə sahəsinə gedə bilərlər, amma birinci məqsəd yaxşı elmi araşdırmacı və (ya da) müəllim kimi yetişməkdir. Mən akademik karyeranı özümə seçdim. Bir neçə universitet seçdim və yenidən GMAT və TOEFL imtahanlarını götürdüm. Nəticədə Memfis Universitetinə qəbul oldum. Bu universitet çox tanınmasa da maliyyə sahəsində elmi araşdırmaları həmişə güclü olub, yaxşı müəllim heyəti var. Əsasən də tələbələri öyrətmək, onlara dəstək olmaq baxımından çox yaxsı kafedra idi. Master ilə PhD arasında çox fərqlər var və ilk vaxtlarda mənim üçün çətin idi, bu çətinlikləri aşmaqda müəllimlərimin köməyi çox oldu. Akademik karyeranı hədəflədiyim üçün elmi araşdırmalarla bərabər, hər semester bir dərs deyirdim, məzun olanda artıq 3 fərqli fənn üzrə dərs demişdim ki, bunun iş bazarında mənə verdiyi üstünlüklər çox idi.

PhD. bitirdikdən sonra professor köməkçisi kimi çalışmağa başladınız – bu sizin təhsilinizin məntiqi sonluğu idimi, yoxsa təsadüfən belə alındı?

PhD dərəcəsini almağa bir il qalmış artıq iş axtarmağa başladım. Bizim peşədə iş bazarı elmi konfranslarda olur, universitetlər iş elanlarını qabaqcadan verir və doktorantlarla intervyuları konfranslarda təşkil edir. PhD dərəcəsini alıb araşdırma şirkətlərinə ya da dövlət sektorunda işləyənlər olsa da, əksəriyyət akademik karyera məqsədini daşıyır. Bu da universitetlərdə ya post-doktorantura işi (əsasən tətbiqi elmlərdə belədir), ya da birbaşa araşdırmacı-müəllim işi deməkdir. Maliyyədə daha çox ikincisi baş verir. Mən də ona üstünlük verdim, çünki arzu etdiyim sahə üzrə elmi araşdırmalar aparmaq istəyirdim, həm də dərs demək, tələbələrlə ünsiyyətdə olmaq, onlara öyrənmə prosesində kömək etmək xoşuma gəlirdi. Maliyyə Menecmenti Associasiyasinin İllik konfranında iş axtarmağa başladım. 20-25 intervyum var idi, amma çətin idi çünki həmin il maliyyə böhranı olmuşdu və universitetlərin çoxu açılmış vakansiyaları bağlayırdılar. Mənə qismət oldu bir neçə universitetə dəvət alım, sonra da NDSU mənə iş təklifi etdi. 2009-un Avqust ayında məzun olacaq idim, amma artıq Yanvardan işi qəbul etmişdim.

Akademik karyerin ilk pilləsi Assistent-Professordu. Assistent sözü ola bilsin sizi çaşdırsın, amma bu köməkçi demək deyil. Hamı müəllimdi, kimsə kiminsə köməkçisi deyil. Sadəcə ABŞ-da akademik sistem belədir ki, ya “tenure” sistemində işləyirsiz, ya da xüsusi müqavilə üzrə. “Tenure” sistemi o deməkdir ki, əvvəl Assistent-Professor kimi işə başlayırsız, dərs və araşdırma tələblərinə uyğun fəaliyyət göstərirsiz. Beş il sonra “tenure” almağa sənəd verirsiz və o ilin sonunda “tenure” alsanız, deməli ömürlük o universitetdə işləmə hüququnuz var. Bu zaman həm də sizə Associate Professor ranki verirlər. Bizdə təxminən dosent demək olar buna. Altı il keçdikdən sonra Full Professor olmağa sənəd vermək olar. Müəyyən istisnaları çıxsaq ümumən proses belədi. Mən indi bu ilin payızında sənədlərimi verəcəm Associate Professor və “tenure” alım.

Amerikada professora və professor köməkçisinə necə baxırlar – bu təbəqənin hansı üstünlükləri vardır, belə insanlara ABŞ-da yaşamaq nə dərəcədə rahatdır?

ABŞ-da insanlara peşələrinə görə çox fərq qoyulmur, sadəcə belə nəzərdə tutulur ki, hərə öz seçimi ilə peşəsini seçib və hər peşədə yüzlərlə uğur qazanan insanlar var. Düzdü, akademik karyerada olanlara baxanda düşünürlər ki, daha savadlıdırlar, daha yüksək təhsil alıblar və biraz da sakit həyat tərzini seçiblər. Öz sahələrində obyektiv mütəxəssis kimi görünürlər. Onların araşdırmalarına müxtəlif şirkətlər, təşkilatlar, dövlət qurumları öz qərarlarında istifadə edirlər. Bu təbəqə həm də cəmiyyətdə gedən prosesləri yaxından izləyib, hökümətin verdiyi qərarlara öz rəyini ictimai şəkildə bildirir və sadə vətəndaşa bələdçi rolunu yerinə yetirir. Rahatlıq baxımından elə bir fərq yoxdur, yəni gündəlik həyat hamı üçün necədirsə professor üçün də elədir. Maddi vəziyyət professorun ixtisasından asılı olaraq dəyişir. Bütün sahələrdə maaş orta maaşdan yüksək olsa da, bəzi sahələrdə və universitetlərdə bu orta maaşın 3-4 qatına çıxa bilər. İşə daxil olarkən maaşı əsasən bazar və rəqabət müəyyən edir. Amma sonra ilbəil az da olsa maaşda artım olur. Bu peşənin əsas üstünlüyü ömürlük iş yerinin (tenure alandan sonra) əldə edilməsidir. İş yerini dəyişmə halı da çox yüksək deyil.

Fariz bəy, Bizdə olan məlumata görə Sizin çox sayda araşdırmalarınız olub. Bunlar müxtəlif sahələrə aiddir. Bu tip araşdırmaların insana həyat təcrübəsi baxımdan və eləcədə peşəkar karyerada hansı faydası olur? Azərbaycanda faktiki olaraq PhD. tələbələri demək olar ki, belə araşdırmalar aparmırlar (müdafiə zamanı tələb olunan minimum məqalə sayını saymasaq). Bəs sizcə gənclərimiz bunu etməməklə nələri itirirlər?

Çox maraqlı sualdır, əsas da sualın ikinci hissəsi. Əvvəl birinci hissəsinə cavab verim. Araşdırmam sayca çox deyil, cəmi 6 elmi məqaləm çıxıb. Hazırda işlədiyim və rəydə olan bir neçə məqaləm də var. Son illərdə çalışıram məqalələrin keyfiyyəti və çıxdığı jurnalın səviyyəsinə üstünlük verim, məqalələrin sayı ikinci dərəcəlidir. Bu jurnallarda bir məqalə çıxartmaq üçün 2-3 il çalışmaq lazım gəlir. Sırf məqalə çıxartmağa qalsa onlarla jurnal var ki, asanlıqla orada məqalə çıxartmaq olar, amma bunun mənə bir faydası yoxdur. ABŞ-da PhD dərəcəsini alanda məqalə sayı şərti yoxdur. Əsas məsələ gələcəkdə səviyyəli jurnallarda məqalə çıxartmaq potensialıdır və kimin potensialı çoxdusa o daha yüksək qiymətləndirilir. Yəni uzun müddətə hesablanmış davranış var. Məqalə miqdarı onda vacib olur ki, yüksək səviyyəli jurnallarda məqalə çıxarda bilməyəsən və tutaq ki, işdə tələbləri ödəmək üçün lazım olan say şərtini ödəməlisən.

Araşdırmalarım daha çox korporativ maliyyə, beynəlxalq maliyyə (qismən bank sektoru) və vergi siyasətindən, muhasibatda verilən qərarlardan yaranan risk faktorlarının şirkətin maliyyə vəziyyətinə təsiri üzərindədir. Elmi araşdırmalar bizim peşənin əsas məhsuludur. Yəni biz dərs deməkdən əlavə, elmi araşdırmalar etməliyik, bunu etmədən peşəmizdə yerimizi tuta bilmərik. Minlərlə elmi araşdırmaçı müxtəlif mövzular üzrə dayanmadan işləyir ki, nəsə yenilik etsin. Elmdə rəqabət çox yüksəkdir. Həm karyera baxımından (tenure qərarları), həm bazar dəyərini artırmaq, həm də elmə töhvə vermək baxımından elmi araşdırmalar çox vacibdir. Həyat təcrübəsi olaraq araşdırmalar insanı daha geniş düşünməyə, çoxlu suallar verməyə və onlara ətraflı, amma obyektiv cavablar tapmağa vadar edir. Həm də araşdırma edən adam səbəb-nəticə əlaqəsini qurmağı yaxşı bacarır, hansısa siyasi və ya mənfəət qruplarının təsirində az qalır, həm elmi, həm də ictimai problemləri, onlar barədə gedən müzakirələri daha keyfiyyətli mühakimə edə bilir.

Azərbaycanda keyfiyyətli elmi araşdırma aparan gənclər var, bəziləri universitetlərdə, bəziləri dövlət sektorunda çalışır. Düzdür, bu kütləvi deyil və sırf ayrı-ayrı fərdlərin marağının və istəyinin nəticəsidir. Media gərək onları cəmiyyətə tanıtdırsın. Amma düşünmək lazımdı niyə belə araşdırmacılar azdır? Azərbaycanda keyfiyyətli elmi araşdırmaların aparılmamasından gənclər yox, əsas ölkə itirir. Gənclər daha gəlirli sahələrə üz tuturlar. Ölkədə sanki tez və çox pul qazanmaq üçün bir yarış var, bu normaldı, amma bunu edərkən mövcud problemlərin həlli, ölkənin gələcəyinin təhlükəsizliyi, insanların keyfiyyətinin artırılması arxa plana atılır. Halbuki əslində sistemi elə qurmaq lazımdır ki, var-dövlət qazananların əksəriyyəti həm də bütün bunları yüksək səviyyədə görənlər olsun. Ölkəni yaxşı idarə etmək, inkişaf etdirmək, insanların həyat səviyyəsini artırmaq üçün əvvəlcə onu öyrənmək, ölçmək lazımdır. Necə deyərlər ölçməsən idarə edə bilməzsən.

Elmi araşdırmalar idarəetmə prosesinin əsas infrastrukturunu təmin etməlidir. Bununla məsələn öyrənə bilərik ki, ölkədə fərdlərin, şirkətlərin davranışına nə təsir edir, problemlərin səbəbləri nədir, onları necə həll etmək olar, müxtəlif amillər arasında əlaqələr nədir, onlara necə təsir etmək olar vəs. Elmi araşdırmalar daha obyektivdir və mümkün qədər daha çox araşdırmacının rəy süzgəcindən keçərək təkmilləşir. Bunlar olmayanda cəfəng fikirlər, daha çox spekulyativ, ixtiyari iddialar gündəmi tutur və insanların düşüncəsinə təsir edir. Bu ölkəni daha da elmdən uzaqlaşdırır və idarə etməni hansısa obyektiv meyarlardan yox, şəxslərin ixtiyari istəklərindən asılı edir.

Araşdırmacıları keyfiyyətli elmi araşdırma aparmaqda maraqlı etmək üçün dövlətə böyük rol düşür, elm təkcə kommersiya məhsulu kimi fəaliyyət göstərə bilməz. Məsələ çox sadədir, nə tökərsən aşına, o da çıxar qaşığına. Hərdən mənə elə gəlir Azərbaycanda istəyirlər “aşa çürük düyü” qatıb, nəticədə “şah plovu” yesinlər, amma belə olmur. Keyfiyyətli təhsil və elmi araşdırmalar üçün əvvəlcə gərək korrupsiyanın qarşısı alına. Rüşvətlə qiymət, elmi ad verilməsinin qarşısı alınmalıdır ki, kimsə yüksək qiymət, yüksək elmi ad alanda onunla bağlı cəmiyyət “şübhə”yə düşməsin. Araşdırma mərkəzli, keyfiyyətli təhsil verən universitet qurmanın müəyyən yolları var, bunları etmədən nəticə gözləmək özünü aldatmaqdır. Gərək müəllim-araşdırmacıları həm maddi, həm mənəvi cəhətdən həvəsləndirsinlər. Elmi dərəcələr üçün verilən maaş səviyyəsi gülüncdür, bununla keyfiyyətli araşdırma gözləmək olmaz.

Mənəvi cəhətdən də elmi araşdırmacılar gərək inansın ki, onların işlərindən ölkənin idarə edilməsində, verilən qərarlarda istifadə edəcəklər. Yəni nəyəsə təsiri olmalıdır bu araşdırmaların. Həm də elmi araşdırmalar tənqidi olmalıdır, amma ölkədə tənqid çox pis qarşılanır və hamı tərif yarışına məcbur edilir. Bu qətiyyən elm mühiti deyil. Əksinə obyektiv və tənqidi yanaşan elmi araşdırmacını sistem qəbul etməli və özünü təkmilləşdirmək üçün istifadə etməlidir. Elə dövlət qurumu var ki, nəzdində çox keyfiyyətli gənc işçiləri olan elmi araşdırma şöbəsi var, amma qərar verərkən onlardan məsləhət almırlar, onların araşdırmalarından demək olar istifadə etmirlər. Ya da bir çox yüksək potensiallı gənc tanıyıram ki, elmi araşdırmaları tərk etmək istəyir, ona görə ki, nə cəmiyyət və ətrafındakilər onun işini qiymətləndirir, nə də o maddi cəhətdən özünü təmin edə bilir. Araşdırmalara şirkətlər tərəfindən ehtiyac olmalıdır. Xüsusən tətbiqi elmlər sahəsində araşdırma mərkəzləri şirkətlərlə əməkdaşlıq etməli, onların bazara çıxartmaq istədiyi məhsulların elmi təməlini yaratmalıdır. Elmi araşdırmalar üçün (empirik xüsusən) həm də, yaxşı keyfiyyətli statistika olmalıdır. Statistika Komitəsi son illərdə data buraxılışını təkmilləşdirsə də, çox sahədə data problemi var, geniş elmi araşdırmalara imkan vermir.

Mən deyən amillərdə müsbətə doğru dəyişikliklər olsa, həm cəmiyyət elmi araşdırmacını faydalı və lazımli bilər, həm də bu sahəyə daha çox gənc meyl edər. Gənc araşdırmacılar da həvəslə bir-biri ilə əməkdaşlıq edər, rəqabət aparar və ortaya keyfiyyətli məhsullar qoyarlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər