Avqustun 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Banker.az-a bildiriblər ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün, faiz gəliri 9 faizdir. İstiqrazlar 2021-ci il avqustun 24-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.