7 C
Baku
Tuesday, January 7, 2025

Həyatın yığım sığortası üzrə düzəlişlər

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların davamı olaraq 2025-ci il yanvarın birindən etibarən vergi qanunvericiliyində bir sıra düzəlişlər edilmişdir. Mühasibatlıq və vergi münasibətləri ilə bağlı həyata keçirilən düzəlişlərlə yanaşı, investisiya aləti kimi çıxış edən həyatın yığım sığortası növü üzrə də mühüm düzəlişlər bu qanunvericilik paketində öz əksini tapmışdır. Düzəlişləri ifadə etməzdən əvvəl bu sığorta növü ilə bağlı hansı məlumatlarla tanış olmalıyıqsa, bu barədə qeyd etmək istərdik.

Əvvəla nəzərə almaq lazımdır ki, bu sığorta məhsulu həyat sığortası sahəsində lisenziyası olan sığorta şirkətləri (sığortaçılar) tərəfindən təklif edilir. Hazırda 5 həyat sığortaçısı bu məhsulu təklif edir. Məhsulun mahiyyəti ondan ibarətdir ki, şəxs müqavilə müddətinin sonunadək yaşadığı yaxud müqavilə müddətində vəfat etdiyi halda toplanan sığorta ödənişi müqavilədə göstərilən şəxsə verilir. Əksər hallarda bu şəxslər şəxsin ailə üzvləri olur. Ölkəmizdə uzun müddətdir tətbiq edilən bu məhsulla əlaqədar sığorta müqaviləsini bağladıqdan sonra işəgötürən müqavilə müddəti ərzində işçinin əmək haqqından sığortaçılara ödənişləri həyata keçirir. Müddətin sonunda verilən sığorta ödənişi və aylıq sığorta haqları gəlir vergisindən azad idi. 2005-ci ildən vergi və sosial sığorta qanunvericiliyində mövcud olan yığım sığortası münasibətləri üzrə işçinin əmək haqqından 100% həddə sığorta haqqı yığım sığortasına yönəldilə bilərdi. Həmin hədd isə tam həcmdə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azad edilmişdi. 2018-ci ildən etibarən bu hədd 50%-ə endirildi. Hər bir işçi minimum 3 il bitdikdən sonra müvafiq vergi və sosial sığorta haqqı güzəştlərini toplayıb, birdəfəlik ödəniş kimi əldə etmək iqtidarında idi. 2025-ci ildən həyata keçirilmiş düzəlişlərə əsasən dövlət sektorunda çalışan işçilərin əmək haqqından yığım sığortasına yönəldilən məbləğlər üzrə vergi və məcburi dövlət sosial sığorta haqqı güzəştləri ləğv ediləcək, lakin 2024-cü ilin dekabr ayından başlayaraq davam edəcək yığım sığortası müqavilələri də daxil olmaqla, 2025-ci ilin 1 yanvar tarixindən sonra 3 ili bitənədək həmin müqavilələr üzrə müvəqqəti olaraq güzəştlər davam edəcək. Bu isə o deməkdir ki, 2027-ci ilin dekabr ayınadək dövlət sektoru üçün güzəştlərin davam etməsi mümkündür.

Bununla yanaşı qeyd etmək lazımdır ki, müvafiq güzəştlər özəl sektor üçün yenə də keçərlidir və hər hansı müddət məhdudiyyəti olmadan özəl sektor işçiləri gəlirlərini yığım sığortasına yönəldə bilər.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər