İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində “Minik avtomobillərinin istehsalı” layihəsinin təməli qoyulub.
Layihə çərçivəsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodu inşa ediləcək.
Mərasimdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Emin Axundov, “Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov çıxış ediblər. Onlar Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılışını etdiyi “Azərmaş” zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır. “Azərmaş” və “Uzavtosanoat” SC-lər ölkəmizdə “Azərmaş CP” müştərək müəssisəsi yaradıb, birgə layihə olan “Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir. İndiyə qədər 14 modeldə 2,5 mindən çox “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal olunub.