Hadrut qəsəbəsində cənab Prezident tərəfindən inzibati mərkəzin təməli qoyulub, həmin inzibati ərazinin sahəsi 4.2 hektar təşkil edir.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov bildirib.
Əli Zeynalov qeyd edib ki, buraya inzibati bina, bələdiyyə binası və digər qurumların ofisləri daxildir: “Həmçinin qeyd etmək istərdim ki, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin də cənab Prezident tərəfindən təməli qoyulub. Birinci mərhələdə tikiləcək evlərin sayı 28 ədəd olacaq. Həmin evlərin 1,2,3, 4 və 5 otaqlı olmaqla mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Nəzərinizə çatdırmaq istərdim ki, bundan başqa Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəb də 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulub. Hadrut qəsəbəsində tikiləcək və bərpa olunacaq obyektlər və ətraf ərazilərin abadlaşması işləri də 2025-ci ildə başa çatması nəzərdə tutulub”.