Aydındır ki, əmanətin faiz dərəcəsi, yığım məqsədilə bankdakı əmanət hesabınıza qoyduğunuz pul vəsaitidir. Bank isə öz növbəsində, sizin pulunuzdan istifadə etdiyinə görə faiz qismində kompensasiya ödəyir.
Hesab edin ki, öz pulunuzu banka borc verirsiniz, bank isə bunun müqabilində sizə faiz ödəyir. Faiz gəlirlərini bankdan aylıq, rüblük, altı aylıq, illik və əmanət üçün müəyyən edilmiş müddətin sonunda götürmək imkanı vardır. Faiz gəlirləri əmanətinizin məbləğini artırır. Banklar isə depozit hesablarında olan pulları başqa şəxslərə borc vermək üçün istifadə edirlər.
Bankın sizə müntəzəm olaraq ödəməyi öz öhdəsinə götürdüyü məbləğin sizin əmanətinizin məbləğinə olan nisbətidir. Faiz dərəcəsi həmişə faiz ilə və illik əsasda ifadə edilir.
Əgər bank müddətli əmanət üzrə sizə müəyyən bir faiz dərəcəsi vəd edibsə, onda əmanətin müddəti başa çatana qədər bank, bu faiz dərəcəsini dəyişdirə bilməz. Faiz iki üsulla hesablana bilər: sadə faiz və mürəkkəb faiz. Sadə faiz hesablandıqda əmanətin başlanğıc məbləği baza kimi götürülür. Mürəkkəb faizin hesablanması zamanı isə əmanətin faizlə birlikdə yaranmış məbləği baza kimi qəbul edilir.
Hansı əmanət növü seçilməlidir?
Ümümiyyətlə, əmanətləri müddətinə görə əmanətləri iki yerə bölmək olar: uzunmüddətli və qısamüddətli əmanətlər. Qısamüddətli əmanətlər adətən altı aylıq müddətə olduğu halda, uzunmüddətli əmanətlər bir neçə illik müddətə ola bilər. O faktı unutmaq olmaz ki, faiz dərəcələri bir başa olaraq depozitin müddətindən asılı olur. Yəni depozitin müddəti nə qədər böyük olarsa, ona bir o qədər çox aylıq faiz hesablanır.
Əlavə yatırımların edilməsindən asılı olaraq əmanətləri yenə də iki hissəyə ayırmaq olar: yığım əmanətləri və standart (ənənəvi əmanətlər). Bu əmanətlər arasında fərq onadır ki, birinci halda müştəri mütəmadi olaraq öz əmanətinin miqdarını artıra bilər. Əlavə edilən kapitalın miqdarı müqavilədən asılı olaraq məhdudlaşdırıla bilər. Həmçinin əmanətə ay ərzində neçə dəfə əlavənin mümkünlüyü də (və ya məhdudiyyətsiz sayda) bankın şərtləri və müqavilə əsasında müəyyən olunur. Standart əmanətlərdə isə heç bir əlavənin edilməsi nəzərdə tutulmur. Birincidən fərqli olaraq, standart əmanətlərin faiz dərəcələri daha yüksək olmalıdır.
Ən sadə əmanət növü – müddətsiz əmanətdir. Bu əmanətin müddəti yoxdur və siz pulunuzu istədiyiniz vaxt əmanət hesabınızdan götürə bilərsiniz. Adətən əmək haqqı və ya təqaüdlər məhz belə bir hesaba köçürülür. Lakin, bu əmanətlər üzrə faiz dərəcəsi bir qayda olaraq aşağıdır. Bu səbəbdən yığdığınız pul üçün əmanətin digər növü olan müddətli əmanət hesabından istifadə edə bilərsiniz. Əmanət qəbul etmək hüququ olan bankda müddətli əmanət hesabı açdırmaq mümkündür. Pulunuzu hesabınıza köçürürsünüz, sonradan isə onu və ya faizləri, bilavasitə bankdan alır, yaxud da bankomat vasitəsilə istifadə edirsiniz.
Əmanət bir vasitədir, çünki insanlar üçün əmanət hesabı açmaq hüququna malik olan Azərbaycan bankları Əmanətlərin Sığortalanması Fondunun üzvləridir.
Yəni, Bank müflis olduqda Fond, bu bankdakı 9 %- dən çox olmayan faizlə yerləşdirilən əmanətlərinizin 30 000 manata qədər olan hissəsini sizə geri qaytaracaqdır.
Lakin, nəzərə alın ki, qanunvericiliklə gələcəkdə bu rəqəmlər dəyişə bilər. Odur ki, əmanəti banka qoyduğunuz və ya əmanət müqaviləsinin vaxtını uzatdığınızda belə, bankdan bütün lazım olan məlumatları dəqiqləşdirməyiniz məsləhət görünür.